elnurastanbeyli@gmail.com
Təzəlikcə “Prezident yanında Apelyasiya Şurası” (AŞ) adlı bir qurum yaradılıbmış, dünən xəbər lentində onun sədrinin açıqlamalarını oxudum, deyir ki, – Apelyasiya Şurası ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb”.
Əsl komediyadır! Normal halda kimlərsə, o cümlədən də, ticarətlə, sahibkarlıqla məşğul olanlar hansısa haqsızlıqla üzləşirsə, bunun üçün məhkəməyə baş vurmalı, pozulan hüquqlarını orada axtarmalı deyillərmi? Ümumiyyətlə, əgər ölkədə qanunlar işləsə, belə bir qurum yaratmağa ehtiyac qalarmı? Əlbəttə, yox.
Buradan çıxan çox bəsit bir nəticə var: həmin Şuranı yaratmaqla özləri də etiraf etmiş olurlar ki, bizdə məhkəmələr oyuncaq orqandır, necə deyərlər, “adları var, özləri yoxdur”, məhkəmə hakimiyyəti sadəcə, kağız üzərində müstəqildir, əslində isə icra hakimiyyətinin bir əlavəsi, filialıdır. Əks halda tutaq ki, ölkədə Iqtisad Məhkəmələri varsa, daha AŞ nə üçündür? Hüququn üstünlüyünün təmin edildiyi ölkədə niyə adamlar haqlarını məhkəmə əvəzinə, başqa yerdə axtarmalıdırlar?
Təbii ki, biz Azərbaycanda ədalət mühakiməsinin olmadığını, onun rüşvət bataqlığına yuvarlandığını, syiasi sifarişlərlə, tapşırıqlarla işlədiyini, haqlının deyil, güclünün iradəsinin təcəlla etdiyi ünvana çevrildiyini çoxdan və lap əla bilirik. Amma yaxşıdır ki, artıq özləri də atdıqları müxtəlif addımlarla bu bəlli həqiqəti isbatlamış olurlar.
Bəli, biz artıq reallığın təntənəsi dövrünə qədəm qoymuşuq. Illərdir uydurulan bəzəkli yalanlar ömrünü böyük sürətlə başa vurur, xalça altına süpürülən, gizlədilməyə çalışılan həqiqətlər gün kimi parlamağa başlayır. Elə götürək dünən xəbər lentlərində qarşımıza çıxan başqa bir xəbəri – orada deyilirdi ki, Şirvan şəhərində yüzlərlə insan yerli məşğulluq idarəsinin qarşısına toplaşıb, iş tələb ediblər. Oxşar hal bundan əvvəl Gəncədə olmuşdu, orada əmək yarmarkasında əməlli-başlı izdiham yaranmışdı, əmək yarmarkası işsizlərin etiraz aksiyasına çevrilmişdi.
Halbuki yapçılar cəmi bir neçə ay əvvələdək iddia edirdilər ki, Azərbaycanda işsizlik səviyyəsi hətta 5 faizdən də azdır!
Əlbəttə, ağlı başında olan hər kəs bu rəqəmin növbəti statistik yalandan başqa bir şey olmadığını başa düşürdü. Ancaq kimə nəyi və necə sübut edəsən!
Indi isə bölgələrdə – məşğulluq idarələrinin qarşısında bir-birini əvəzləyən izdihamlar “işsizliyin ləğvi” barədə ənənəvi, Sovetdənqalma “pripiska” ənənəsinə söykənən təbliğatı alt-üst edir.
Əlbəttə, bu hələ başlanğıcdır. Bizi qarşıda hər növ yalanın çılpaq şəkildə ifşası gözləyir. Artıq bir yox, lap minbir AzTV-niz də olsa, çifayda! Daha yalanların yeriyəcəyi günü gözləmək bir yana qalsın, heç ayaq açacağına da ümid etməyə dəyməz.
Sonda bunu da mütləq yazmalıyam: axır vaxtlar xeyli siyasətçi, iqtisadçı görürəm, hökumətə “böhrandan çıxış yolları” yazıb göndərirlər, açığı, heç birini də əvvəldən axıradək oxumamışam, maraqlı deyil. Çünki Azərbaycan gerçəkliyində “böhrandan çıxış yolları” yoxdur, böhrandan çıxış yolu var, o da bu ölkədə nəhayət ki, xalqın iradəsi ilə hakimiyyət formalaşmasıdır, hakimiyyətin mənbəyinin həqiqətən də xalq olmasıdır. Yerdə qalanlar əfsanə söhbətlərdir.