Rəsul Cəfərov: «Bakı Ağır Cinayətlər Məhkəməsi, Apelyasiya Məhkəməsi bu işə məndən daha çox siyasi yanaşdı»
Hüquq müdafiəçisinin kassasiya şikayəti təmin olunmadı
Fevralın 16-da Ali Məhkəmədə Insan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərovun kassasiya şikayətinə baxılıb. Hakim Fərhad Kərimovun sədrliyilə keçirilən məhkəmə prosesində Rəsul Cəfərov özü də iştirak edib.
Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı kassasiya şikayətinin dəlillərini müdafiə edərkən bir daha vurğulayıb ki, Rəsul Cəfərovun əməlində cinayət tərkibi yoxdur: “Apelyasiya baxışı ərəfəsində onun üzərinə qoyulmuş vergi borcunu ödəməsi də o anlama gəlməməlidir ki, ittihamı qəbul edir. Rəsul Cəfərovun bu addımı, sadəcə, barışıq əlini uzatmaq idi”.
Vəkil qeyd edib ki, Rəsul Cəfərova qarşı ittihamların qanunsuz və saxta olması iş materialları ilə də sübut olunur. Rəsul Cəfərova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu deyən vəkil müdafiə tərəfinin iş üçün əhəmiyyətli olan vəsatətlərinin hamısının müxtəlif bəhanələrlə rədd edildiyini bildirib: “Bəzi ölkələrə gediş-gəliş üçün köçürülmüş bilet pulları, başqa adama göndərilmiş ianələr, mükafatlar da qrant vəsaiti kimi qiymətləndirilib, vergi hesablanıb. Bunun əksini sübut edən sənədləri məhkəməyə təqdim etmişik, amma nəzərə alınmayıb. Və yaxud qeydiyyatdan keçməyən QHT-nin fəaliyyəti qanunsuz hesab olunub. Halbuki, Azərbaycan hökuməti ”Ismayılova Azərbaycana qarşı” işində yazır ki, Azərbaycanda qeydiyyatdan keçməmiş QHT-lər də fəaliyyət göstərə bilər. Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də bildirmişdi. Azərbaycanda alternativ ekspertiza keçirmək imkanımız olmadığından Polşada imzaları ekspertizadan keçirtdik. Məhkəmə bu nəticəni də qəbul eləmədi. Iş üzrə zərərçəkmişlər də bildirir ki, onlara veriləsi pulu özləri alıblar, imzalar da onlara məxsusdur. Amma təəssüf ki, məhkəmə bütün bunları nəzərə almadı”.
Fariz Namazlı bəraətverici əsaslarla Rəsul Cəfərovun barəsində cinayət işinə xitam verilməsini istəyib.
Rəsul Cəfərov özü də çıxışında barəsində çıxarılmış hökmün qərəzli və ədalətsiz olduğunu vurğulayıb: “Mən donor təşkilatların pulunu mənimsəməkdə ittiham olunuram. O təşkilatların da işin içində məktubları var ki, mənimsəmə olmayıb, bizim narazılığımız yoxdur. Bu, mənə qarşı qərəzli münasibətdən irəli gəlir. Mən özüm hüquqşünasam, həmişə də qanunun aliliyinin bərqərar olmasına çalışmışam. Heç bir qanunu da pozmamışam. Mən bu işə də hüquqi prizmadan yanaşmağa çalışdım. Təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsi, Apellyasiya Məhkəməsi bu işə məndən daha çox siyasi yanaşdı. O məhkəmələrin qərarları ləğv olunmalı və mənə münasibətdə ədalətli qərar çıxarılmalıdır”.
Məhkəmə bir neçə dəqiqəlik müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib.
Xatırladaq ki, Rəsul Cəfərov 2014-cu il avqustun 2-də həbs olunub. Hüquq müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan apellyasiya instansiyasındaÿverginin ödənildiyi əsasıyla cəza 3 ay azaldılıb.
“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı Rəsul Cəfərovu “vicdan məhbusu” elan edib.
Aytən