Türkiyədə 2006-cı ildə törədilən qətlin üstü düz 10 il sonra, özü də cinayətin baş verdiyi gün açılıb. On il əvvəl fevral ayının 12-də Bursanın Orhanqazi bölgəsindəki avtomobil yolundan sinəsindən güllə yarası almış şəxsin cəsədi tapılmışdı.
Sonra bu şəxsin Mehrəli Abbasov adlı azərbaycanlı olduğu üzə çıxmışdı. Bugünlərdə M.Abbasovun qatili tapılıb və onun da Rafael Mirəliyev adlı azərbaycanlı olduğu bəlli olub.
Bir müddət Rusiyada polis rəisi işləyən M.Abbasov polis sistemindən ayrılandan sonra Türkiyədə ticarətlə məşğul olub. R.Mirəleyev deyir ki, M.Abbasov Rusiyada polis rəisi işləyən vaxtlarda onun qardaşını döyərək öldürüb. O da sonradan Mirəli Abbasovu Türkiyədə tapıb və öldürərək qardaşının qisasını alıb.
Müstəntiqə ifadəsində R.Mirəliyev M.Abbasovu niyə öldürdüyünü belə izah edib: «Rusiyada yaşayanda – 2000-ci ildə polis rəisi işləyən Mehrəli Abbasov qardaşım Rəsul Mirəliyevi gözümün qabağında döydü. Qardaşımın döyülməsi mənə çox pis təsir etdi. Onun bu hərəkəti yadımdan çıxmırdı. Sonradan öyrəndim ki, bu adam pensiyaya çıxıb Türkiyədə ticarətlə məşğul olur. İstanbulda yaşayırdı. Özü ilə əlaqə saxladım, yanına getdim. Qardaşımı döydüyünü xatırlatdım. Mənə sərt təpki verdi. Üstümə gəldi. Mən də qorxdum və üstümdəki silahla ona bir dəfə atəş açdım. Sonra cəsədini Bursaya gətirib yol kənarına atdım. Hadisədən 10 il keçib.Cinayəti törətdiyim gün həbs olundum».
Aydın Taş, Ankara