Yaxud anti-Avropa təbliğatı aparanların Avropa təsəllisi
Uzun müddətdir hökumət daxili auditoriyaya hesablanmış “antiQərb” təbliğatı aparırdı. Xüsusən də Avropadan, ABŞ-dan ciddi tənqidlərin gəldiyi, sanksiya məsələsinin gündəmə çıxdığı vaxtlarda hökumət komandası bütün resurslarla “Avropa bizim düşmənimizdir”, “ABŞ bizə qarşı qərəzlidir” kampaniyası apardı. Amma bu biabırçı təbliğat dünya ilə münasibətləri daha da soyutdu, neftin qiymətinin düşməsi hakimiyyətin yalançı inkişaf təbliğatını ifşa etdi və “antiQərb” kampaniyası hakimiyyətin əleyhinə işləməyə başladı. Həm da daxili auditoriya da bildi ki, hökumətin dünya ilə münasibətləri korlanıb və bu proses geridönməz xarakter alıb.
Indi isə hökumət yeni təbliğata start verib. Ilham Əliyevin Britaniya və Almaniya səfərlərini dünya ilə münasibətlərin yaxşılaşması və hökumətə olan etimad kimi tirajlayırlar. Hansıki, bir müddət əvəvl Almaniya və Britaniyaya qarşı ən ağır ittihamlar səsləndirir, bu ölkələrə heç bir ehtiyacımızın olmadığını tirajlayırdılar. Indi hökumət sözçüləri Münhen görüşünün əhəmiyyətindən, London səfərinin yaratdığı imkanlardan danışırlar. Məsələ burasındadır ki, nə Almaniya, nə də London səfəri hakimiyyətə etimadın göstəricisi sayıla bilməz və bu səfərlərdə hər hansı müsbət çalar hiss olunmadı. Məlum oldu ki, London səfəri zamanı Ilham Əliyev yalnız Xorvatiya prezidenti ilə görüşə bilib. Almaniya səfərində isə Ilham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre, Avropa Ittifaqının Komissarı Yohannes Han və Almaniya Fedrativ Respublikasının xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşüb. Amma bu görüşlərdə hansı mesajların verildiyi məlum deyil. Ekspertlərin fikrincə, Qərblə münasibətlərin yaxşılaşması hakimiyyətin atacağı addımlardan asılı olacaq və böyük ehtimalla həmin görüşlərdə Ilham Əliyevin qarşısına bu məsələlər qoyulub. Yəni Ilham Əliyevin Britaniya və Almaniya səfəri hakimiyyətə etimadın göstəricisi sayıla bilməz və bunun hər hansı işartısı da görünmür.
Əsas məsələ budur ki, hakimiyyət Avropa ölkələrinə hər hansı səfərdən təbliğat üçün yararlanmaq istəyir, belə səfərləri təsəlli kimi qiymətləndirir. Hökumət o vəziyyətə qalıb ki, hansısa ölkəyə dəvət olunmağı uğur sayır və bundan arqument kimi yararlanırlar. Daha “bizim öz yolumuz var”, “bizim heç kimə ehtiyacımız yoxdur” kimi təbliğat keçmir. Dünənə qədər söydüklərindən bu gün “salam” almağı mənfəət hesab edirlər. Yəni heç bir uğur göstəricisi olmayan səfərlər ətrafında piar düzəltmək məcburiyyətində qalıblar.
Akif