Almaniyanın kansleri Angela Merkel Suriyanın ayrı-ayrı rayonlarında uçuşsuz zona yaratmağa çağırıb.
Kansler “Stuttgarter Zeitung” qəzetinə müsahibəsində deyib ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya ilə Suriya prezidenti Bashar Assadın tərəfini saxlayanlar belə bir razılaşma əldə edə bilərlər.
Bazar ertəsi Suriyada xəstəxananın vurulması nəticəsində azı 7 nəfər ölüb.
Bundan başqa 8 nəfərin itkin düşdüyü xəbər verilir.
Xəstəxana İdlib əyalətində yerləşir.
Zərbənin hansı qüvvə tərəfindən endirildiyi hələlik bəlli deyil.
Amma Sərhədsiz Həkimlər təşkilatının nümayəndəsi Meqo Terzyan xəstəxananın çox güman ki, Rusiya təyyarələri tərəfindən vurulduğunu deyir.
Suriyanın Moskvadakı səfirliyi isə bəyan edib ki, buna görə ABŞ və onun müttəfiqləri cavabdehlik daşıyır.
5 ildir ki, davam edən Suriya müharibəsində 250 mindən çox adam ölüb. (azadliq.org)