Hökumətin “antidempinq” qanunu ölkəyə nə verəcək?

vahid-meherremov1Vahid Məhərrəmov: «Bu qanun oliqarxların şəxsi biznesləri ilə bağlı imkanlarını genişləndirəcək»

Xəbər verdiyimiz kimi, Milli Məclisin iqtisadi siyasət komitəsi “Antidempinq, kompenasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi hazırlayıb. Layihə Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.

Qanun yerli istehsalçıları idxal mallarının dempinq (ifrat ucuzlaşdırılmış qiymət) qiymətindən qoruyacaq.

Yeni qanuna əsasən, ixracatçı ölkənin daxili əmtəə dövriyyəsində analoji məhsul olmayanda və ya bu məhsulun satış həcmi ixrac həcminin 5 faizdən az olanda dempinq marjası məhsulun ixrac qiymətinin bu məhsulun üçüncü ölkəyə ixrac qiyməti ilə müqayisəsi yolu ilə müəyyən ediləcək.

Dempinq qiymətlərinə qarşı tədbirlər yalnız yoxlama başlanandan 2 ay sonra əsaslı araşdırmadan sonra tətbiq edilə bilər. Onlar müvəqqəti antidempinq yaxud kompensasiya rüsumu, həmçinin qeyd edilən rüsumlara uyğun pul depoziti şəklində ola bilər.

Bu tədbirlərin tətbiqi müddəti – 5 ildən çox olmadan 4 aydan 9 aya qədərdir.

Bəs belə bir qanunun tətbiqi Azərbaycan bazarında hansı mənzərəni yarada bilər? Idxalın hesabına tələbatları təmin olunan bazar bu qanun tam sərtliyi ilə tətbiqi nəticəsində keyfiyyətsiz və qiymətcə baha yerli məhsullarla üz-üzə qala bilərlər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycanda daxili istehsal tələbatı ödəyəcək səviyyədə deyil. Bunun da səbəbi, əlbəttə, həm idxal mafiyasının mövcudluğu, həm də ölkədə korrupsiya və rüşvətin hökm sürməsidir. Hökumət korrupsiya və rüşvətin qarşısını almayacağı təqdirdə yerli istehsalın əhəmiyyətli dərəcə artacağı inandırıcı görünmür.

Kənd Təsərrüfatı eksperti Vahid Məhərrəmov vurğuladı ki, ölkədə idxal tam inhisardadır. V.Məhərrəmovun sözlərinə görə, əgər məmurlar həqiqətən də bəzi keyfiyyətsiz malları ölkəyə idxal etmək istəmirdilərsə, onlar bunu heç bir qanun olmadan da edə bilərdilər. Bu onların əllərində idi. Ona görə, ekspertin fikrincə, fevralın 12-də müzakirəyə çıxarılacaq qanun formal xarakter daşıyır: “Oliqarxlar daxildə yaratdıqları bizneslərini qorumaq üçün bəzi malların idxalına məhdudiyyət qoyacaqlar. Yeni qəbul olunacaq qanun da onların əlində bir əsas olacaq. Oliqarxlar çalışacaqlar ki, özləri istehsal etdikləri məhsulu əhaliyə təklif etsinlər. Burada məqsəd aydındır. Nəticədə oliqarxlarla nə daxildə, nə də xaricdə rəqabət apara biləcək bir kimsə olmayacaq. Əslində bu, daxildə qeyri-səmərəli bizznesi stimullaşdıracaqdır”.

V.Məhərrəmov da vurğuladı ki, Azərbaycan bu gün özünün ərzaq təhlükəsizliyini tam təmin edə bilmir. Ölkəmiz kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmək iqtidarında deyil: “Azərbaycan buğdanı xaricdən idxal edir. Ətin bir hissəsini, südü xaricdən idxal edirik. Azərbaycana yumurta idxalı qadağandır. Yumurta istehsalı ilə məmurlar özləri məşğuldur. Daxildə istehsal olunan yumurta həm baha başa gəlir, həm də istehlakçı üçün heç bir seçim təqdim olunmur. ”Antidempinq, kompenasiya və mühafizə tədbirləri haqqında” qanunu da oliqarxların şəxsi biznesləri ilə bağlı imkanlarını genişləndirəcək. Məsələn, hazırda oliqarxlar süd istehsalında emalı ələ alıblar. Bu istiqamətdə onlar hegemon mövqe tuturlar. Oliqarxlar sahibkara imkan vermirlər ki, onlar istehsal etdikləri məhsulu bazara çıxarsın. Onlar südü sahibkardan 1 litrini təxminən 22 qəpiyə əldə edirlər. Bəhanə gətirirlər ki, onların sahibkara verəcək nəğd pulu yoxdur. Onun əvəzində süd istehsalı ilə məşğul olan kəndliyə 100 litr südün müqabilində 50 kiloqramlıq un verirlər. Deməli, bunlar kəndlidən südü dünya bazarından iki dəfə ucuz alırlar, unu isə üç dəfə baha kəndililərə satırlar. Bu da sahibkarlara seçim imkanı vermir və onların biznesini məhdudlaşdırır”.

Xəyal