Nemət Əliyev: «Əhalinin sosial durumu ağır olduğundan borcalmaya üstünlük verir»
2015-ci ildə Azərbaycanda kredit təşkilatlarından cəmi borcalanların sayı 229 min 184 şəxs artaraq 2 milyon 545 min 724 şəxsə çatıb. Cəmi borcalanların sayı 2013-cü ildə 412 min 900 şəxs, 2014-cü ildə 363 544 şəxs artmışdı. “Marja” Mərkəzləşdirilmiş Kredit Reyestrində olan ümumi statistik məlumatlara istinadən xəbər verir ki, ötən il borc alan şirkətlərin (hüquqi şəxslər) sayı 504 artaraq 11 min 279-ə çatıb. Borc alan şirkətlərin sayı 2013-cü ildə 934 şəxs, 2014-cü ildə isə 673 şəxs artmışdı.
Ötən il borc alan fiziki şəxslərin sayı 225 min 190 artarq 2 milyon 510 min 416-ya çatıb. Artım 2013-cü ildə isə 410 min 13 şəxs, 2014-də 359 min 59 şəxs olmuşdu.
2015-ci ildə borcalan sahibkarlıq subyektlərinin sayı 3520 şəxs artaraq 240 min 29-a, zamin şəxslərin sayı 137ÿmin 222 şəxs artaraq 1 milyon 216 min 29-aÿçatıb. 2014-də zamin şəxslərin sayı 242 min 291 sayda artmışdı.
Keçən il kredit məlumatlarının sayı 1 milyon 765 min 820 sayda artaraq 10 milyon 743 min 679-a çatıb. Artım 2013-də 2 milyon 273 min 38, 2014-də isə 2 milyon 454 min 844 sayda artmışdı.
Cəmi borcalanların sayına – cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir. Həmçinin kredit məlumatlarının sayına tam ödənilmiş kreditlər də daxildir.
Ortadakı bu mənzərə vətəndaşların kredit təşkilatlarından tam asılı vəziyyətə düşdüyünü, ən xırda əməliyyatları belə kreditlə reallaşdırdıqlarını göstərir. Amma borc alanların sayının artmasını bəzi rəsmi şəxslər iqtisadi göstəricinin yaxşılaşması kimi qələmə verməyə çalışır.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, neft gəlirlərinin sürətli daxilolmaları fonunda ölkənin sürətli kreditləşdirilməsi tendensiyaları var idi. Yəni ölkə iqtisadiyyatına, müxtəlif sahələrə yönəlmiş kreditlərin həcmində bir artım müşahidə olunurdu. Amma istehlak kreditlərinin həcmi və böyümə sürəti artmağa başladı: “Bu onun nəticəsidir ki, əhalinin sosial durumu kifayət qədər ağırlaşmışdı. Ona görə problemini həll etməyə çalışanlar kütləvi şəkildə banklara axın etməyə başladılar. Bu prosesdə istehlak kreditlərini verənlər də maraqlı görsənirdilər. Məişət texnikası, mebel satan şirkətlər bu cür alğı-satqıda maraqlı idilər. Çünki onların da biznesi ölürdü. Bu yol ilə şirkətlər üzləşdikləri itkiləri bərpa etmək yolunu tutdular. Bu yol ilə həm insanların ehtiyacları qarşılandı, həm də şirkətlər satışlarını cüzi də olsa bərpa etdilər”.
N.Əliyev vurğuladı ki, əhalinin sosial durumu ağır olduğundan borcalmaya üstünlük verib. Bununla da əhali ödənişlərini sadəcə olaraq bir müddətə ertələmiş oldu. “Təsadüfi deyil ki, istehlak kreditlərinin payı sürətlə 40 faizin üstünə qalxıb. Ona görə borc alanların sayının artması heç də vətəndaşların rifah halının yüksəlməsi kimi xarakterizə etmək yanlışdır”, deyə N.Əliyev vurğuladı.
Xəyal