elnurastanbeyli@gmail.com
Yapçılar artıq başına daş saldıqları, axırına çıxdıqları vətəndaş cəmiyyətinin, azad mətbuatın ağzı ilə danışmağa başlayıblar, xərclərə qənaətdən-zaddan basıb-bağlayırlar. Əcəb günlərdir, baxıb zövq almaq lazımdır. Neft pullarının saxta təntənəsi bitib, ölkənin illərdir gizlədilən, xalça altına süpürülən gerçək mənzərəsi artıq öz sözünü ucadan deyir.
Bəli, qəribə, təəccüblü heç nə yoxdur, əslində gözlənilən baş verir: illərdir analoqsuz inkişaf haqqında uydurulan miflər, əsatirlər, əfsanələr sürətlə keçmişə qovuşur, reallıq qələbəsini elan edir. Belə götürəndə nəyisə yazmağa, söyləməyə də ehtiyac qalmayıb daha, hər şey bütün çılpaqlığı ilə hamının gözü qarşısındadır. Həm də artıq yapçılar özləri dünənəcən malalamağa çalışdıqları həqiqətləri dilə gətirməyə başlayıblarsa, bizim çənə və qələm yormağımıza nə gərək var?!
Amma biz yenə də bəzi xatırlatmalar edək, yoxsa bunlar elə bilirlər, xalqımız hamılıqla unutqandır, balıq hafizəlidir, dünənəcən yaşananları yaddaşlarından çox asanlıqla silib atırlar.
Məsələn, götürək manat ikinci dəfə “öldükdən” sonra Mərkəzi Bankın sədri Elman Rüstəmovun dediklərini; o, gileylənirdi ki, camaat pulunu banklara əmanət etmək əvəzinə, “yastıq altında” saxlayır. Halbuki, Dubayda 70 milyonluq mülklər söhbəti ortaya çıxanda bunlar xalqımızın “çox gözəl bir adətindən” ikiəlli yapışmışdılar, deyirdilər, bəs başqasının pulunu saymazlar. Amma indi özləri camaatın yastığının altındakı pulun hesabını aparırlar! Bəs xalqımızın o “çox gözəl adəti” harada qaldı?!
Hələ mən onu demirəm ki, görün, ölkədə hansı vəziyyət yaratmısınız, insanlar olan-qalan pullarını bank əvəzinə, “yastıq altına” etibar edirlər. Başqaları bir yana qalsın, Allah qoymasa, guya ölkənin “ən etibarlı bank”ı sayılan Beynəlxalq Bank 90-cı illərin “Vahidbank”ının gününə salınıbsa, milyardlarla dollara dədə malı kimi yiyələnilibsə, sadə insanlar nə etməlidilər?!
Hələ maliyyə naziri Samir Şərifovun “bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq” sözləri lap lətifədir. Neft epoxası başa çatandan, qəpiyə güllə atmağa başlayandan sonramı yadınıza düşdü “hər qəpiyə diqqətlə yanaşmaq”? Bəs milyardlarla manat neft pulunu gərəksiz yerə – lazımsız idman yarışlarına, mənasız “Gül bayramlarına” xərcləyəndə, havaya sovuranda bir gün bunun bədəlini ağır ödəyəcəyiniz heçmi ağlınıza gəlmirdi? Bəs onda niyə danışmırdınız, onda niyə susurdunuz? Susmaq bir yana, hər qəpiyin söhbətini edən, hesabını istəyən ictimai-siyasi fəalları, bu ölkənin namuslu, vicdanlı insanlarını niyə qondarma ittihamlarla şərləyib həbsə doldururdunuz? Xədicə Ismayılın yeganə suçu elə indi özünüzün dediyiniz kimi, “hər bir qəpiyə diqqətlə yanaşmaq” uğrunda deyildimi?
Hələlik ən son “anekdot”u isə Əmək və əhalinin sosial müdafiəsi (bəh-bəh, necə qəşəng səslənir, kənardan baxan da elə bilər, xalqını yağ-bal içində yaşadan hökumətimiz var!) naziri Səlim Müslümov danışıb. Onun dediklərindən belə çıxıb ki, əslində, ölkədə bəs deyincə iş yeri var, amma ixtisaslı kadrlar çatışmır! Halbuki, Ilham Əliyev bir neçə dəfə demişdi ki, ölkə əhalisinin 100 faizi savadlıdır. Indi bu təzadı necə başa düşək?
Hesab edək ki, savadlı olmaq hələ yaxşı kadr olmaq anlamına gəlmir, elə isə izah etsinlər görək, bunların universitetləri onillərdir kadr yetişdirmirlərsə, bəs nə işlə məşğuldular? “Azərbaycan təhsilinin uğurları” barədə yapçıların söylədiklərini, yazdıqlarını hara qoyaq bəs? O necə uğurdur ki, ölkədə yaxşı kadr tapmaq belə qəlizdir?
Bir sözlə, bunlar artıq nə danışırlarsa, əleyhlərinə işləyir, özlərinə qarşı çevrilir. Hər dedikləri 23 illik yanlış, yarıtmaz idarəçiliyin ifşası kimi səslənir. Bu da sizə düşdüyümüz böhranın yaxşı tərəfləri! Doğrudan da, hər ziyanda bir xeyir var imiş.