Qadir İbrahimli: «SOCAR prezidenti demək istəyir ki, dünyada neft nə qədər ucuzlaşsa da, Azərbaycanda benzin düşməyəcək»
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev maraqlı bir açıqlama ilə gündəmə gəlib. O, Azərbaycanda yanacağın qiymətinin Amerikadan ucuz olduğunu deyib. SOCAR prezidenti iddia edir ki, benzinin qiymətinin neftin dünya bazarındakı qiyməti ilə heç bir bağlılığı yoxdur:
“Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur”.
Xatırladaq ki, hələ 2013-cü il dekabrın 3-də benzinin və dizel yanacağının qiyməti qaldırılarkən SOCAR-dan bunu 2007-ci ildən sonra ilk dəfə bahalaşma kimi əsaslandırmışdılar. Qiymətin qaldırılmasını da dünyada gedən proseslərlə izah edərək, bahalaşmanın qaçılmaz olduğu bildirilmişdi. Lakin Rövnəq Abdullayevin indiki açıqlaması 2013-cü ildə deyilənləri tamamilə təkzib edir. SOCAR prezidenti qiymətlərin dünya bazarıyla əlaqəli olmadığını iddia edir. Əhalinin vəziyyəti də 2013-cü ildəki ilə müqayisədə xeyli çətinləşib. Məlum devalvasiyalardan sonra insanların yaşayışı daha da ağırlaşıb. Belə bir durumda benzinin qiymətinin aşağı salınmaması vəziyyəti daha da pisləşdirir.
Xatırladaq ki, neftin bir barrelindən 11 adda məhsul çıxır və onun da 102 litri yanacaqdır. 102 litr 70 qəpiyə satılırsa, deməli, bir litrin qiyməti 20-22 qəpik arasında dəyişir. Belə olan halda, ölkədə benzinin qiyməti nədən ucuzlaşmır?
Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, Rövnəq Abdullayevin benzinin qiymətinin neftin dünya bazarındakı qiymətilə əlaqəli olmaması barədə dedikləri absurd yanaşmadır. Ekspertin sözlərinə görə, dünya bazarındakı qiymətlərin daxili bazara təsir göstərməməsi mümkünsüzdür. Benzinin və yanacağın maya dəyəri, çəkilən xərcləri diqqətə çatdıran ekspert, çox məsələlərə görə dünya bazarıyla qiymət əlaqəsinin mütləq olduğunu vurğulayır: “Sadəcə, SOCAR prezidenti demək istəyir ki, dünya bazarında neft nə qədər ucuzlaşsa belə, Azərbaycanda qiymət ucuzlaşmayacaq. Yəni onun çıxışının əsas mahiyyəti bundan ibarətdir”.
Nigar