Şairin həbsinə Vergilər Nazirliyindən reaksiya

saday shekerliDünən həbsdə olan şair Saday Şəkərlinin azadlığa buraxılması məqsədilə Vergilər Naziri Fazil Məmmədova ünvanlanan müraciətlərə cavab olaraq, nazirlikdən ailəsinə bildiriblər ki, orda belə bir hadisə baş verməyib. Yəni şairin həbsi nazirliklə bağlı məsələ olmadığına görə, müraciətlər Korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanlanmalıdır.

Şairin oğlu isə bu fikri rədd edərək bildirib ki, şair məhz Vergilər Nazirliyində, nazirliyin məsul işçisi tərəfindən görüşə çağırılaraq həbs olunub. Onun sözlərinə görə Prezidentə ünvanlanan müraciəti Vergilər Nazirliyinə göndəriblər, bunlar isə evə zəng vuraraq bildirirlər ki, onlara niyə məktub göndərilib? Bir azdan “Fazil Məmmədov bizim nazir deyil, Asif Cahangirovu da tanımırıq” desələr, təəccüblənmərik. Şairi isə məhz Vergilər Nazirliyinə Asif Cahangirov vasitəsilə çağıraraq, şərləyib həbs ediblər.

Şikayətçi də elə Asif Cahangirovdur. Şairin oğlu narahatlıqla qeyd edir ki, görünür, bu faktı boyunlarından atmaqla şairin üzərinə daha ağır maddə qoymaq istəyirlər. Hansı ki, Saday Şəkərlinin ölkənin ictimai-siyasi durumu haqqında kəskin tənqidi fikirlər səsləndirdiyi “Qurd ürəyi” kitabına görə həbs edildiyini artıq hər kəs bilir. Ailəsindən onu da bildiriblər ki, vəkili şairin xeyli arıqladığını deyib və onlar buna görə çox narahatdırlar. Xəbər verildiyi kimi, şairin ümumi sağlamlıq durumu yerində deyil və o eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkir.