Onların özünü maliyyələşdirməsi təmin edilə bilərmi?
Ekspertə görə, regionların fəaliyyətində şəffaflığın olması, qara mühasibatlığın aradan qaldırılması vacibdir.
Ölkənin üzləşdiyi maliyyə böhranı hökuməti ciddi addımlar atmağa vadar etməlidir. Amma biz tamamilə başqa situasiyanı müşahidə edirik. Hakimiyyət düşdüyü vəziyyətdə ya neftin qiymətinin artması, ya da bir o qədər böyük əhəmiyyət kəsb etməyə addımlar hesabına çıxmaq niyyətindədir. Bu addımlardan birini dövlət başçısı keçirdiyi müşavirələrdə bir neçə dəfə vurğulayıb. O, bildirib ki, rayonların dövlət büdcəsindən dotasiya alınması dayandırılmalıdır.
Hazırda bölgələrə ezam olunan məmurlar həm yerlərdə xalqın ayaqlanmasının qarşısını almağa, həm də dövlət başçısının səsləndirdiyi fikirləri təbliğ etməyə çalışırlar. Amma hazırda bölgələrin vəziyyəti olduqca acınacaqlıdır. Dövlət büdcəsindən geniş dəstək alan regionların bu vəziyyətdə olması suallar yaradır. Amma ilk sual budur ki, dotasiya alan regionun durumu bu cürdürsə, maliyyə yardımı almayan rayon nə edəcək?
Yazdıqlarımızı prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Qubada rayon ictimaiyyəti ilə keçirilən görüş zamanı səsləndirdiyi fikirlər iqtidarın əsl niyyətini çılpaqlığı ilə göstərir.
Ə. Həsənov Qubanın timsalında bildirib ki, rayonlar öz daxili potensialını səfərbər etməlidir. Dövlət vəsaitləri yalnız zəruri ehtiyaclar yaranarsa verilməlidir: “Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır. Qubanın 50 faizi potensialı işə düşsə, rayonda işsiz adam qalmaz”.
Rayonların daxili potensialının işə salınması cəlbedici və zəruri ideyadır. Amma o da nəzərə alınmalıdır ki, rayon ərazisində olan ticarət obyektlərinin, restoranların, istirahət komplekslərinin əksəriyyəti məmurlara, deputatlara məxsusdur. Bütün bu müəssisələrin demək olar ki, hamısı vergidən kənar fəaliyyət göstərir. Təkcə vergilərdəki bu qara mühasitalığın ləğvi rayonların büdcəsinə milyonlarla vəsaitin cəlbinə səbəb ola bilər.
Iqtisadçı Samir Əliyevlə bu mövzuda danışdıq. O, bildirdi ki, Azərbaycan iqtisadiyyatı əsasən Bakıda formalaşır. S.Əliyevin sözlərinə görə, bütün göstəricilər üzrə təhlil aparılarsa, görünər ki, həyat Bakıdan ibarətdir. ÜDM-in formalaşmasından tutmuş, kredit qoyuluşuna qədər iqtisadi göstəricilərin Bakının payın düşdüyünü deyən S.Əliyev vurğuladı ki, regionların dotasiyasız işləməsi üçün bölgələrdə zəruri olan infrastruktur qurulmalıdır: “Infrastruktur dedikdə emal müəssisələri, zavodlar, yəni insanları məşğulluqla təmin edən sahələr nəzərdə tutulur. Amma biz bunu görə bilmirik. Rayonlarda açılan emal müsəssisələri ya müvvəqəti fəaliyyət göstərir, ya da istehsal olunan məhsul məhdud sayda olur. Ona görə regionların fəaliyyətində şəffaflığın olması, qara mühasibatlığın aradan qaldırılması vacibdir. Regionların potensialı var. Amma reallıq hələ ki, rayonların dotasiyasız yaşamasına imkan vermir”.
S.Əliyevin sözlərinə görə, müəyyən dövlət qurumlarının sayının azaldılması, səlahiyyətlərin bələdiyyələrə verilməsi daha düzgün olardı. “Eyni zamanda əgər regionları inkişaf etdirmək istəyiriksə, bəzi nazirlikləri regionlara köçürə bilərik. Çünki əgər elektron hökumət fəaliyyət göstərir, bütün yazışmalar elektron qayda da aparılırsa, bir sıra qurumları regionlara köçürmək olar. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi nəyə görə Gəncədə olmasın? Və ya bu siyahıya ”Azərsu”nu, “Azərenerjini” də əlavə etmək olar”, deyə S.Əliyev bildirdi.
Xəyal