Dünyanın aparıcı axtarış sistemi “Google” da terrora qarşı mübarizə aparmağa qərar verib. BBC-nin məlumatına görə, şirkət özünün yeni internet axtarış mühərriki ilə “gələcəyin cihadçılarını” çaşdırmaq qərarına gəlib.
“The Guardian” qəzeti yazır ki, yeni sistemin köməyi ilə internetdə ekstremizmlə bağlı mövzuları axtaranlar bu zaman radikallıq əleyhinə səhifələrə gəlib çıxacaqlar.
“Google” mühərriki axtarışa verilən sözlərdən istifadəçinin cihada meylli olub-olmadığını müəyyən edəcək.
“Google”ın icraçı rəhbərlərindən Antoni Haus Britaniya parlamenti qarşısında etdiyi çıxışda bildirib ki, rəhbərlik etdiyi şirkət 2014-cü ildə bu məzmunlu 14 milyon videonu “Youtube”dan silib.
Bundan başqa, şirkətə istifadəçilər tərəfindən belə saytlar barədə 100 min informasiya ötürülüb.
Bu kampaniyaya sosial medianın digər qolları da qoşulub.
“Twitter” şirkətindən Nik Pikles deyib ki, şəbəkənin mikrobloq saytından son 12 ayda onminlərlə ekstremist məzmunlu postlar çıxarılıb.
O da bildirilir ki, 320 milyon istifadəçisi olan “Twitter” münasib olmayan materialların aşkarlanması üçün 100 nəfərdən ibarət xüsusi qrup yaradıb.