Millət vəkili niyə utanmalıdır və mədəniyyətsizlik nədir?
Ölkə başçısı Ilham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə AXC-Müsavat iqtidarını tənqid etdi və həmin hakimiyyətin kadrlarını yarıtmazlıqda suçladı. Ilham Əliyev AXC hakimiyyətini tənqid edərkən o dövrdə dövlət katibi olmuş AXCP sədri Əli Kərimlinin üzərində daha çox dayandı və onu əqidəsinə xəyanət etməkdə, bir vaxtlar hakimiyyətlə əməkdaşlıqda ittiham etdi.
Əli Kərimli də mətbuata açıqlamasında bu ittihamları darmadağın etdi və ortaya xeyli arqumentlər qoydu. AXCP sədrinin cavabı geniş müzakirə mövzusuna çevrildi və hökumətyönlüləri ciddi narahat etdi. Ona görə də hökumət dəhlizlərindən Əli Kərimliyə “daş” atmağa başlayıblar. Daha doğrusu “Yeni Müsavat” qəzeti “ənənə”sinə sadiq qalaraq, hökumətyönlülərdən Əli Kərimliyə qarşı açıqlama alıblar.
Bəli, bu dəfə “Yeni Müsavat” “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalını danışdırıb. Cənab Ağamalı deyib ki, Əli Kərimlinin fikirləri siyasi partiya sədrinə yaraşmayan, siyasi mədəniyyətlə uyğun gəlməyən davranışdır:ÿ”Mən onun videomüsahibəsini izlədim. O cür ədəbaz davranışı mən siyasi mədəniyyətsizlik hesab edirəm. Əli Kərimli deyir ki, deputat olduğu dövrdə prezident Heydər Əliyev parlamentin iclas zalına daxil olanda ayağa qalxmırdı. Bəli, həqiqətən də mən onun ayağa durmadığının şahidi olmuşam. Əli Kərimli ölkənin prezidenti zala daxil olanda ayağa durmamasını bu gün fəxrlə deyir. Əslində isə bu fəxr edilməli hərəkət deyildi. Bu cür davranış o demək idi ki, Əli Kərimli Azərbaycan xalqının mütləq əksəriyyətinin seçiminə hörmətsizlik edir”- deyə Fəzail Ağamalı bildirib.
Əvvəla qeyd edək ki, Fəzail Ağamalı həmişə olduğu kimi bu dəfə də çox süni görünür. Çünki, deputat səmimi və dürüst olsaydı, ölkə başçısının fikirlərinə də münasibət bildirərdi. Çünki, ölkə başçısı keçmiş hakimiyyətin baş nazirini mövsümi ticarətlə məşğul olmaqda, Əli Kərimlini dostlarına xəyanət etməkdə, Milli Məclis sədrini elmi iş yaza bilməməkdə ittiham edir. Həqiqətə uyğun olmayan fikirlər səsləndirmək ölkə başçısına yaraşan haldır? Tutaq ki, kimsə mövsümi ticarətlə məşğul olub. Belə bir fəaliyyət qəbahətdirmi, ölkə başçısının qarpız satanları aşağılaması müsbət haldırmı? Yaxud, o dövrdə Əli Kərimlinin komsomolçu olması kompromat sayıla bilərmi? Ümumiyyətlə, 23 il əvvəlki hakimiyyətin qeybətini etmək nə qədər siyasi etikaya uyğundur?
Fəzail Ağamalı özündə cəsarət tapıb, ölkə başçısının fikirlərini də “siyasi mədəniyyətsizlik” kimi qiymətləndirə bilərmi? Əlbəttə ki, yox.
Ikincisi, Fəzail müəllimin nəzərinə çatdırmaq istəyirik ki, siyasi mədəniyyətsizlik, ədəbsiz davranış, partiya sədrinə yaraşmayan hərəkət, seçilmədiyin parlamentdə oturmaqdı. Bəli, insan özünə qarşı olan əsassız ittihmaları faktlarla sübuta yetirirsə, bunu qınamaq olmaz. Amma təyinatlı deputat olmaq, sifarişlə Milli Məclisdə kiməsə şillə vurmaq, sonra həmin adamı tutdurmaq böyük biabrıçılıqdır, küçə davranışıdır.
Üçüncüsü, Əli Kərimli “Prezident parlamentə gələndə ayağa qalxmırdım” başlıqlı məqalə yazmayıb. O, bu fikirləri ona qarşı olan ittihamların əsassızlığını, o zamankı prezidentin oğlunun 90-cı illərin ortalarında Əli Kərimlinin guya hökumətlə münasibətlərinin yaxşı olması haqda dediklərinin yalan olduğunu sübuta yetirmək üçün işlədib. Yəni, Əli Kərimli bu faktları “bayraq” eləməyib. Sadəcə xatırlatma edib ki, mənim keçmişdəki və bugünkü mövqeyim eynidir. Həm də nəzərə almaq lazımdır ki, Əli Kərimli ilə hökumətin arasında hörmətsizlik qarşılıqlı idi axı. Hökumətin Əli Kərimliyə qarşı, onun ailə üzvlərinə, yaxınlarına qarşı 90-cı illərdə etdikləri barədə Qənimət Zahid “Azərbaycan Saatı”nda ətraflı danışdı. Təkrarlamaq istəmirəm. Amma onu da soruşmaya bilmirəm ki, Əli Kərimli onun haqda saxta cinayət işi qaldırmış, evinin qapısını qaynaq etmiş, qohumlarını, partiyadaşlarını həbs etmiş, ailə üzvlərini, yaxınlarını işdən çıxarmış bir rejimin başçısının qarşısında hansı məntiqlə ayağa qalxmalı idi?
Nəhayət, Əli Kərimlinin prezidentlərin qarşısında ayağa durmamaq kimi kompleksi yoxdur. O, xalqın seçdiyi, legitim hesab etdiyi liderin qarşısında ayağa durar. Necə ki, Rəsulzadənin, Elçibəyin qarşısında baş əyir, onların böyüklüyünü etiraf edir və onları nümunə kimi qəbul edir. Yəni, “mən ayağa qalxmırdım” arqumenti ədabazlığın, özündənrazılığın deyil, prinsiplərə sadaqətin görsənişidir.
Bütün bunları ona görə yazdıq ki, Fəzail müəllim Dədə Qorqudluq iddiasından əl çəksin. Çünki, qeyri-səmimilik, boğazdan yuxarı sözlər, yarınmaq cəhdləri Yalıncıqların xarakterinə uyğundur.
İlham