Belə bir el misalı var. “Öyrənmişə tövbə yoxdur”. Yəni, pisliyə vərdiş etmiş, könlünü şeytana təslim etmiş adamlar “tövbə” etsələr də, dəyişməzlər. Biz bu məsələni təsdiqini yaşadığımız ölkədə hər gün görürük. Belə ki, ölkədə hansı hadisənin baş verməsindən asılı olmayaraq, hökumət öz xarakterində dəyişiklik etmir.
Insanlar qan ağlayır, kredit borcunu ödəyə bilmir, hər gün intihar xəbərləri eşidirik, ölkədə kütləvi narazılıq var və bütün bu problemləri həll etmək əvəzinə, hökumət cəbhəçiləri həbs etməyə girişib. Bu gün Seymur Həzinin həbsindən 1 il ötür. Ölkənin ən tanınmış yazarı, intellektli gənci, vicdanlı vətəndaşı “xuliqan”lıq ittihamı ilə həbs olunub. Yaxud, AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı 2 aydır ki, qondarma ittihamlarla həbsə atılıb və hələ də hökumət bilmir ki, onu nədə günahlandırır. AXCP sədrinin müşaviri Məmməd Ibrahimin də aylardır ki, məhkəmə prosesi gedir və şahidlər, “zərərçəkən”lər hökumətin oyununu ifşa etməkdədilər.
Ötən gün Naxçıvan cəbhəçisi Zeynalabdin Bağırzadə 8 il həbs cəzası aldı. Ardınca AXCP Xətai şöbəsinin fəalı Füzuli Hüseynov 30 sutka həbs cəzası aldı. AXCP Nəsimi rayon şöbəsinin üzvü Ceyhun Isgəndərli yanvarın 22-də qeyri-qanuni şəkildə polisə aparılıb və ona qarşı narkotika itthamı irəli sürülüb. Bundan əvvəlki həbslər də hamıya məlumdur.
Göründüyü kimi hökumət böhranın qarşısını almağı “böhran var” deyənləri susdurmaqla həll etmək istəyir. Başa düşmürlər ki, haqlı etiraz bildirənləri həbs etmək, şərləmək nəticəni dəyişmir. Cəbhəçiləri həbs edəndə ÜDM artacaq, yoxsa büdcəmiz dolacaq? Bəlkə, cəbhəçiləri həbs edəndə 2.5 milyon insanın borcu bağlanacaq, 25 milyardlıq xarici borc silinəcək, neftin qiyməti qalxacaq? Bu qədər kor olmağı necə bacarırlar?
Bir neçə gün öncə 3 uşaq anası dolanışıq səbəbindən özünü asdı, dünən Şirvanda 43 yaşlı kişi borca görə intihar etdi, Bakıda 27 yaşlı gənc özünə qəsd etdi, işsiz vətəndaş ABŞ səfirliyi qarşısında aksiya keçirir, vətəndaşlar prokuroru qəbuluna düşmək üçün kəfənə bürünür və s. Yəni, insanlar artıq dözə bilmir, problemlər məngənəsənidə sıxılır. Əgər bu gün kütləvi intiharlar baş verirsə, sabah bunun daha ağır nəticəsi ola bilər. Hökumətin biganəliyi, iradəsizliyi, səriştisəziliyi ölkəni sosial partlayışa, xaosa sürükləyir. Milyonlarla insanı həbs etmək, susdurmaq mümkün olmayacaq.
Ona görə də hökumət “şər maşını”nı dayandırıb, islahat maşınını işə salmalıdır. Real müxalifətin sıradan çıxarılması, hökuməti daha ağır vəziyyətə salacaq. Hakimiyyət əsəbi xalqın qəzəbindən yayına bilməyəcək.
Heç olmasa 23 illik oğurluqdan, talandan, yalandan sonra özünüzə gəlin. Reallıq budur ki, bu gün 1 nəfəri həbs etsəniz, sabah 10 nəfər çıxacaq. 23 ildir ki, AXCP-yə qarşı repressiya aparılır. Nə dəyişib, nəyə nail olmusunuz? AXCP-nin resursları, tərəfdarları artır, həbslər partiyaya axını sürətləndirir, insanlar qorxusuna qalib gəlir. Yəni, hökumətin bu “anti-böhran” tədbiri, daha böyük böhrana xidmət edir.
Onsuz da bu ölkədə həbsxana ilə azadlığın o qədər də fərqi yoxdur. Insanlar borcdan xilas olmaq üçün könüllü həbsxanaya düşmək istəyirlər. Hökumət başa düşməlidir ki, artıq həbsxanalar “qorxulu əjdaha” deyil. Səfalət, aclıq, kredit borcları daha böyük “əjdaha”ya çevrilib.
İlham