Müzəffər Baxışov: «Sadəcə olaraq, təbliğat üçün belə bir şura yaradılıb»
Ölkə başçısı Ilham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması barədə qərar verib. Rəsmi məlumata görə, bu şuraların yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.
Qeyd edək ki, ölkə vətəndaşlarının şikayət etmələri üçün kifayət qədər idarə və qurumlar fəaliyyət göstərir. Polis, məhkəmə, korrupsiyaya qarşı müvafiq mübarizə idarəsi, ombudsman və s. qurumlar olduğu halda, görəsən, eyni funksiyanı daşıyacaq apelyasiya şuraları hüquqi baxımdan nə iş görəcək?
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, apelyasiya şuralarının yaradılması əslində, mənasız bir işdir. O, həmin qurumun heç bir əhəmiyyət kəsb etməyəcəyini deyir: “Sadəcə olaraq, təbliğat üçün belə bir şura yaradılıb. Şuranın əsasnaməsinə görə, yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları müvafiq şikayətlərə baxacaq və onun müəyyən vəzifələri, hüquqları var. Şuranın sədri də yerli icra hakimiyyəti başçısının müavini olmalıdır. Təsəvvür edək ki, rayonda sahibkarlıqla məşğul olan hüquqi bir şəxs fəaliyyətinə maneçilik törədən icra başçısından apellyasiya şurasına şikayət edir. Şuranın sədri də elə icra başçısının müavini kimi həmin şikayətə baxmalıdır. Şuranın hansı qərarı qəbul edəcəyi mənə bəlli deyil. Absurd, heç bir effekti olmayan bir qurum olacaq. Yerli icra başçısının sərəncamından həmin rayonda yaradılan apelyasiya şurasına şikayət etmək məntiqə sığmır. Fəaliyyətin, səlahiyyətin nədən ibarət olacağı bəlli olmadığı üçün sözügedən qurum heç bir nəticə verməyəcək”.