Vəzifədən çıxarılan məmurun pensiya davası

pensiyaMübariz Mədətov pensiyasının iş stajı yox, əməkhaqqıya görə hesablanması üçün məhkəməyə müraciət edib

Oğlunun törətdiyi və iki nəfərin ölümü ilə nəticələnən yol qəzasından sonra vəzifəsindən kənarlaşdırılan “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətov pensiyasının azlığından şikayətçidir. O, bununla əlaqədar məhkəmədə iddia qaldırıb. Mübariz Mədətov onun pensiyasını artırmaq istəməyən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon şöbəsini məhkəməyə verib.

Qeyd edək ki, Mübariz Mədətova iş stajına görə pensiya təyin olunub, amma o, məbləğin aldığı əməkhaqqıya görə hesablanmasını istəyir. Sabiq sədr müavini eyni zamanda, əməkhaqqına görə hesablanacağı halda, 2009-cu ildə pensiya hüququ yaranandan bu günə qədər məbləğlər arasındakı fərqin də ona ödənilməsini tələb edir.

2 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsi keçmiş məmurun iddiasını təmin edib. Cavabdeh tərəf – Dövlət Sosial Müdafiə Fondu çıxarılan qətnamədən narazı qalıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Dünən bu instansiyada hakim Elmira Nağıyevanın sədrliyilə bu məsələyə baxılıb.

Məhkəmə iclasında Mübariz Mədətov özü iştirak etməyib, onun hüquqlarını nümayəndəsi Vaqif Hacıyev müdafiə edib.

Cavabdeh tərəfin nümayəndəsi Faiq Qəmbərov bildirib ki, Mübariz Mədətova 2013-cü ildə pensiya təyin olunsa da, təqaüd onun pensiya hüququ yarandığı vaxtdan – 2009-cu ildən hesablanıb və ona ödənilib. Mübariz Mədətov 57 yaşında 25 illik iş stajı nəzərə alınaraq, güzəştli şərtlə pensiyaya çıxıb. Nümayəndənin sözlərinə görə, güzəştli şəkildə pensiya ödənilməsi barədə qərarın 1997-ci ildə dəyişilib. O vaxta qədər 55 yaşından hesablanırdı, həmin ildən 57 yaşdan hesablanmağa başlanıb: “Mübariz Mədətova təyin olunan təqaüd əməkhaqqı ilə deyil, əmək stajı ilə hesablanıb. Çünki qanun belə tələb edir. Ona təqaüd 57 yaşında, 25 illik stajı nəzərə alınaraq, güzəştli şərtlərlə təyin olunub”.

Məhkəmə prosesi fevralın 4-də davam edəcək.

Xatırladaqki, Mübariz Mədətovun oğlu Xalid Mədətov 2014-cü ildə idarə etdiyi “Mercedes-Benz G-55″ markalı avtomobillə xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və 6 yaşlı nəvəsinin ölümü ilə nəticələnən qəzaya görə 12 il azadlıqdan məhrum edilib. Mübariz Mədətov özü də həmin qəzadan bir neçə gün sonra vəzifəsindən azad edilib.

Aytən