Neft Fonduna daxil olan pul 120 milyard dollara çatdı

neft-fondu2016-cı ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) mənfəət neftinin satışından daxilolmalar $446 mln. təşkil edib. Bu barədə fonddan məlumat verilib.

ARDNF-in məlumatına əsasən, qeyd olunan məbləğdən $442 mln. “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan hasil edilmiş mənfəət neftinin satışından, $4 mln. “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından daxilolmaların payına düşüb.

Ümumilikdə 2001-ci ildən 2016-cı il fevralın 1-nə qədər AÇG blokundan hasil edilən Azərbaycan neftinin satışından ARDNF-ə daxilolmalar $117,5 mlrd., “Şahdəniz” yatağından hasil edilmiş qazın satışından (2007-ci ildən – İF-Az) daxilolmalar $2,5 mlrd. təşkil edib”, – deyə məlumatda bildirilir.

“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex”, (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətləridir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir.

Mənbə: İnterfaks-Azərbaycan