Bu dəfə Ukrayna, Qazaxıstan, Qırğızıstan, İsveçrə nümunəsindən xalq dərs götürməlidir
Bu mövzunu dəfələrlə gündəmə gətirmişik və bundan sonra da yazmaqda davam edəcəyik. Çünki, bu mövzu xalqın özünə hörməti və hakimiyyətin mahiyyəti ilə bağlıdır. Söhbət haqqını tələb etməyən vətəndaşdan və vətəndaşa güzəşt etməyən, qayğı göstərməyən hökumətdən gedir. Bəli, bir ilin içində milli valyuta 130 faiz ucuzlaşsa da, banklar vətəndaşa ağır fazilərlə kredit versə də, hökumət vətəndaşı ağır vəziyətdən çıxarmaq üçün heç bir addım atmadı.
Hansıki, bu ağır vəziyyəti yaradan da, vətəndaşı bu vəziyyətə salan da hökumətin acgöz, anti-xalq siyasətidir. Bəli, Ukrayna, Qazaxısatan, Qırğızıstan hökumətləri banklara borcu olan vətəndaşları əvvəlki məzənnə ilə ödəniş etməyə imkan yaratdı. Yəni dövlət zərəri öz üzərinə götürdü və vətəndaşın arxasında olduğunu sübut etdi. Hətta Avropadan aldığı ianələr hesabına böhrandan çıxmağa çalışan Yunanıstan da 20 min dollara qədər olan borcların bağışlanılmasına qərar erdi.
Təəssüflər olsun ki, bütün bunlar ölkə vətəndaşında lazımi reaksiyanı doğurmur. Vətəndaş dərk etməlidir ki, mövcud hakimiyyətin tutduğu mövqe vətəndaşa sayğısızlıqdır, vətəndaşı qəbul etməməsidir. Bəli, ətrafda baş verənlərə nəzər salanda bu qənaətə gəlmək olur ki, hakimiyyət vətəndaşın qüruru ilə oynayır, vətəndaşı kölə kimi görür.
Hər gün dünyanın müxtəlif ölkələrindən hakimiyyətlərin xalqa yönəlik addımlarını eşidirik. Hər gün nə qədər yad bir hakimiyyətin idarəetməsində olduğumuzun fərqinə varırıq. Bugünlərdə Isveçrə hökumətiÿ işləyib-işləməməyindən asılı olmayaraq hər bir ölkə vətəndaşının 2500 Isveçrə frankı (2500 dollar) almasını nəzərdə tutan təklifi referenduma çıxaracaq. Hökumət ötən həftə “şərtsiz əsas gəlir”in ödənilməsi barədə referendumla bağlı qərar verib. Referendum iyunun 5-də keçiriləcək. Əgər Isveçrə konfederasiyasının vətəndaşları bu ideya ilə razılaşsa, onlar hər ay əlavə 2500 frank alacaq. Hər bir uşağa 625 frank veriləcək.
Bəli, onsuz da vətəndaşa yüksək əməkhaqqı, təqaüd, uşaq pulu verən Isveçrə hökuməti, vətəndaşın daha yaxşı yaşaya bilməsi üçün yeni addımlar atmaq istəyir. Bəli, hakimiyyəti xalq seçəndə, xalq seçdiyindən hesabat tələb edəndə, vəziyyət Azərbaycandakı kimi olmur. Isveçrə hökuməti ölkəyə gələn 100 milyardları ofşorlara daşımaq haqqında deyil, vətəndaşın rifahına sərf etmək haqqında düşünür. Bütün normal ölkələrdə oxşar proseslər gedir. Göründüyü kimi hətta, bəyənmədiyimiz Qazaxıstan, kasıb Qırğızıstan da vətəndaşı yükləməyi biabırçılıq hesab edir, dövlətin imicinə yaraşdırmır. Isveçrə hökuməti seçicini məmnun etməyin yollarını axtarır. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti uzun illər belə addımlar atmaq iqtidarında olub, ancaq buna ehtiyac duymayıb. Dünyanın müxtəlif yerlərində milyardlar xərcləyiblər, özlərini ultra milyarderə çeviriblər, amma vətəndaşa qəpik-quruş veriblər. Və bu qəpik-quruşu da monopoliyalar, bank kreditləri vasitəsilə geri alıblar.
Əslində, Ukrayna, Qırğızıstan, Qazaxıstan və nəhayət, Isveçrə nümunəsini göstərməklə, hökumətin xalqdan ayrı düşdüyünü xatırlatmaq istəmirik. Onsuz da bu məlum faktdır. Bu hökumət ac vətəndaşa Ünvanlı Sosial Yardım verir və həmin yardımın 6 ayını öncədən rüşvət kimi alır. Bu yazını yazmaqda məqsədimiz vətəndaşa üz tutmaqdır. Vətəndaş ölkədə baş verənlərə, öz taleyinə biganə olanda, hökumətin təhqiriylə barışanda, hökumət avtoritarlaşır.
Bəli, bu hökumətin bu qədər qəddarlaşması xalqın susqunluğunun nəticəsidir. Dünyada hansı xalqa bu qədər zülm etmək olar? Əgər başqa bir ölkədə prezident “milli valyuta sabit qalacaq” vədi versəydi və ardınca milli valyuta 130 faiz ucuzlaşsaydı, həmin hökumət çoxdan istefaya getmişdi. Yaxud ölkə başçısı “qiymətlər endiriləcək” vədi verib, heç bir məhsulun qiymətini endirməsəydi, indi xalq ayaqda idi. Bizim ölkədə isə vətəndaş hökumətin milyardlar oğurladığını bilir, bütün məhsulların idxalının məmurların əlində olduğundan xəbərdardı, bankların yüksək vəzifəlilərə məxsus olduğundan agahdır, amma adekvat reaksiya yoxdur.
Heç olmasa ətrafda baş verənlərdən örnək götürək. Bu qədər təhqir olunmağa, aşağılanmağa razı olmayaq. Hökumət dollarla krediti olanlara güzəşt etmədi və bunu “maliyyə intizamının pozulması” kimi təqdim etdi. Amma yuxarıda göstərdiyimiz nümunələrdən görünür ki, bunlar hamısı bəhanədir.
Nə qədər ki, vətəndaş hesabat tələb etməyəcək, hökumət yalan vədlərlə vətəndaşı aldadacaq, zaman udmağa çalışacaq. Niyə bu ölkədə bir deputat, bir nazir tapılmadı ki, “neft gəlirlərindən vətəndaşa pay düşməlidir” deyə bilsin, “kredit faziləri aşağı salınmalıdır” tələbiylə hökuməti silkələsin. Çünki, deputat da, nazir də vətəndaşa yox, hökumətə xidmət edir. Xalq anlayışını çoxdan unudublar.
Demək istəyirik ki, müsbət nümunələri öz həyatımızda, öz ölkəmizdə görə bilmək üçün, özümüzə qayıtmalıyıq, vətəndaş olmalıyıq. Hakimiyyət xalqın seçdiyi qüvvələrdən ibarət olsa, Isveçrə vətəndaşı Azərbaycanda baş verənlərə həsədlə baxarlar. Hər şey vətəndaşın əlindədir, vətəndaşdan asılıdır. Günahı həm də özümüzdə axtaraq. Suyun qabağını kəsmiş əjdahanı susmaqla razı salmaq olmaz.
Samir