Şirkət iş başında iki qolundan olan işçisinə sahib çıxmaq istəmir
Elmira Qasımova: «Lazımi yerlərlə öz işlərini «düzüb-qoşandan» sonra bizi tanımadılar”
26 yaşlı Cavanşir Qasımov 8 aydır ki, Yanıq Mərkəzində ağır vəziyyətdədir. O, keçən il iyulun 17-də Müşfiqabad qəsəbəsində kabel çəkilişi zamanı elektrik cərəyanı vurub. Nəticədə sağ qolu kəsilib, sol qolu iflic olub, başında 8 dəfə cərrahiyyə əməliyyatı aparılıb, üç ay koma vəziyyətində qalıb.
Baxmayaraq ki, Cavanşir Qasımov iş başında bu vəziyyətə düşüb, çalışdığı qurum – kabel televiziyası və internet xidmətini həyata keçirən “AN Media” şirkəti qətiyyən onunla maraqlanmır. Deyir ki, ümumiyyətlə, mənim belə bir işçim olmayıb.
“AN Media” MMC-nin direktoru Ilqar Şahhüseynov iddia edir ki, Cavanşir Qasımov şirkətin işçisi olmayıb, özbaşına elektrik dirəyinə çıxıb. Maraqlıdır, əgər “AN Media”nın işçisi deyildisə, şirkətin kabel çəkilişini həyata keçirən əməkdaşlarının yanında onun nə işi vardı? Yaxud Ilqar Şahhüseynov müavini ilə birlikdə hadisədən dərhal sonra niyə xəstəxanaya gəlib? Bu faktlar şirkət rəhbərinin istintaqa ifadəsində də öz əksini tapıb.
Cavanşir Qasımovun anası Elmira xanım deyir ki, oğlu cəmi 10 gün işləyib: “Oğlum işsiz idi, iş tapmaq üçün icra hakimiyyətinə, ”JEK”ə müraciət eləmişdi. Günlərin birində arayış almaq üçün getmişdim, “JEK”in müdiri dedi ki, “AN Media” şirkəti kabel çəkilişi üçün işçi axtarır. Oğluma dedim, maraqlandı, birinci gün getdi, şəxsiyyət vəsiqəsini də apardı, direktor müavini Rahil müəllimlə görüşmüşdü, ikinci gündən işə çıxdı. Növbəti həftənin beşinci günü də bu hadisə oldu…”
Elmira Qasımovanın sözlərinə görə, şirkət rəhbərliyi hadisədən sonra ilk bir ayda Cavanşirə diqqət göstərib, amma sonradan geri çəkilib: “Indi deyirlər ki, ”sizi tanımırıq, tanımaq da istəmirik”. Halbuki, əvvəl demişdilər ki, heç yerə şikayət eləməyin, əmri veriləcək, kompensasiya da ödəniləcək. Ilqar müəllimin özü ilə söhbətimiz olmuşdu. Mənə deyilmişdi ki, nə qədər mümkündür, hər ay 300 manat köməklik eləyəcəm. Biz də razılaşmışdıq ki, şikayət eləməyək. Çünki bizim üçün əsas olan oğlumun sağalmasıdır. Amma sözlərinin üstündə durmadılar. Öz işlərini “düzüb-qoşandan” sonra geri çəkildilər”.
Elmira Qasımova prokurorluğun da bu işə ədalətsiz yanaşmasından narazıdır. Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Yusif Novruzov cinayət işinin başlanmısının rədd olunması barədə qərar qəbul edib. Amma qərar Cavanşir Qasımov və ya yaxınlarına təqdim olunmayıb: “Bu yaxınlarda Bakı şəhər prokurorunun qəbuluna getdim, müəyyən sənədləri prokurorluğa təqdim etməyimi məsləhət gördü. Müstəntiqi tapa bilmirəm ki, ona sənədləri təqdim edim. Əgər prokurorluq ətraflı, obyektiv araşdırma aparsa, görərlər ki, şirkət rəhbərliyi məsuliyyəti boynundan atmaq üçün yalan danışır. Ən azı, ”JEK”in müdiri təsdiqləyə bilər ki, onların vasitəsilə mənim oğlum da daxil olmaqla, Müşfiqabad qəsəbəsində bir neçə gənc adam bu şirkətə işə götürülüb. Mən güman edirəm ki, prokurorluq da bunu yaxşı bilir, amma nədənsə, göz yumurlar. Əgər şirkət adamları müqaviləsiz işlədibsə, buna görə də cavab verməlidir”.
Elmira Qasımova Yanıq Mərkəzinin həkimlərindən razılıq edir: “Sağ olsun həkimlər, 3 ay komada qaldı, nə qədər əziyyət çəkdilər. Təsəvvür edin, Cavanşirin vəziyyətinə görə həkimlərdən birini infarkt vurmuşdu. Adam xəstə-xəstə işə gəlib, mənim uşağımın müalicəsini yarımçıq qoymadı”.
Media vasitəsilə müvafiq qurumlarının rəhbərlərinə üz tutan ana onlardan kömək istəyir: “Mənim balama onsuz da olan artıq olub. Bir azyaşlı uşağı var, birinci qrup əlildi. Bundan sonra ömür boyu onun yemək-içməyindən tutmuş, gəzməyinə qədər mütləq bir adam olmalıdır ki, baxsın. Heç olmasa, uşağımın əmrini versin, kompensasiyasını ödəsinlər…”
Aytən Məmmədova