Yaxud deputatlar «anti-böhran» tədbirlərini necə ifşa etdi?
Deyirlər, bir milləti məhv etmək üçün onun təhsilini və səhiyyəsini məhv etmək kifayət edir. Amma daha dəqiqi budur ki, bir dövləti və milləti uçurumun dibinə gətirmək üçün həmin ölkədə yarıtmaz bir hakimiyyətin olması kifayət edir. Çünki, acgöz, korrupsioner, yarıtmaz bir hökumət bütün sahələri məhv etməyi bacarır. Təəssüflər olsun ki, yaşadığımız ölkədə də yarıtmaz bir hökumət iş başındadır və bu hökumət ölkənin bütün potensialını iflic edib.
Artıq ölkə ağır böhranla üz-üzə qalıb, vətəndaş çətin vəziyyətdədir və hər ötən gün vəziyyət daha da kritikləşir. Hökumət isə neftin qiymətinin qalxması ümidiylə gözləyir. Xatırlayırsızsa, devalvasiyadan sonra yapçı deputat Eldar Ibrahimov demişdi ki, “inşallah, neftin qiyməti qalxar, hər şey düzələr”. O zaman yapçı deputatın bu fikri lətifəyə çevrildi və adamlar ironik reaksiyalar verməyə başladılar. Amma indi məlum olur ki, hökumət komandası bütövlükdə bu düşüncədədir və vətəndaşı aldatmaqla vaxt udmağa çalışırlar. Belə ki, son günlər bəzi hökumət təmsilçiləri “neft 60 dollara qalxacaq”, “böhran müvəqqəti xarakter daşıyır”, “yaxın günlərdə neftin qiymətinin qalxacağı realdır” kimi fikirlərlə cəmiyyəti növbəti dəfə aldatmağa çalışırlar. Göründüyü kimi, hökumət heç bir real addım atmaq fikrində deyil və sadəcə neftin qiymətinin qalxacağını gözləyir. Hansıki, belə bir vəziyyətdə monopoliyalar ləğv edilməli, sahibkarlığa şərait yaradılmalı, ölkədən oğurlanan pulların bir qismi qaytarılmalı, dünya ilə münasibətlərin istiləşməsi üçün siyasi islahatlara gedilməli, dollarla krediti olanlara güzəşt olunmalı, qiymətlər aşağı salınmalıydı və s. Amma Milli Məcslisin 2 gün öncə keçirilən iclasında məlum oldu ki, hökumətin anti-böhran tədbirləri, vəziyyəti daha da böhrana salıb.
Bəli, deputatlardan biri deyir ki, Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıb. Başqa bir deputat deyir ki, sahibkarlar əvvəlki vəziyyətin olmasını, yəni monopliyaların davam etməsini arzulayırlar. Yəni indiki reallıq elədir ki, devalvasiyadan əvvəlki vəziyyətə şükr edirlər. Hökumətyönü daha deputat isə bildirir ki, icra başçıları dəyişdikcə sahibkarların vəziyyəti daha da ağırlaşır. Çünki, yeni icra başçısı sahibkarlardan yeni “haqq” tələb edir. Digər deputat etiraf edir ki, yeni qanunlar populizmdən başqa bir şey deyil.
Bütün bu fikirlər Milli Məclisin ötən iclasında səsləndirilib. Deputatlar etiraf edirlər ki, heç bir anti-böhran tədbiri görülmür və vəziyyət əvvəlkindən də pisdir. Bəli, bu fikirləri hansısa xarici təşkilatlar, hansısa müxalifət lideri söyləmir, hökumətin təyin etdiyi deputatlar söyləyir.
Bir daha aydın olur ki, Ilham Əliyevin müşavirələrdə söylədiyi fikirlər, verdiyi tapşırıqlar daxili auditoriyanı aldatmaq üçündür və vətəndaşı sakitləşdirməyə xidmət edir. Amma Iran hökuməti dövlətin maraqları naminə dünya ilə buzları əridir, Qırğızıstan, Qazaxıstan, Ukrayna kredit borcu olan vətəndaşlara güzəşt edir, Gürcüstan qeyri-neft sektorunu gücləndirir və s.
Yəni bütün ölkələrdə hökumət yeni yollar, yeni imkanlar axtarır, vətəndaşın taleyinə biganə qalmır. Azərbaycan hökuməti isə neftin qiymətinin qalxmasını gözləyir. Çünki, komandanın radikal addımlar atmaq, dövlətin maraqlarından çıxış etmək, islahatlar həyata keçirmək iradəsi yoxdur. Mövcud sistem korrupsiya və monopoliya üzərində qurulduğu üçün, hər hansı demokratik addımı öz hakimiyyətlərinə təhlükə görürlər.
Həqiqətən də dəhəşətli mənzərədir. Bu qədər zəngin bir ölkənin başında anti-xalq mahiyyətli hakimiyyət durur. Dünya post-neft dövrünə hazırlaşır, bunlar ümidlə neftin qiymətinin qalxmasını gözləyirlər. Yəqin ki, tarix bu qədər bacarıqsız, səriştəsiz hökumətə şahidlik etməyib. Yeganə bacardıqları xalqa yalançı təsəlli vermək və ölkədən pul oğurlamaqdı.
Son günlər hökumət komandasının boş ümidlərlə silahlanması və Milli Məclisdə etiraf olunanlar, ölkə vətəndaşına daha bir siqnal olmalıdır. Hamı dərk etməlidir ki, bunlar uzun illər Allahın bəxş etdiyi nefti satmaqla guruldayıblar və neftdən kənarda heç nə düşünə bilmirlər.
Bir sözlə, YAP hakimiyyəti yeganə hakimiyyətdir ki, böhrandan çıxmaq üçün arzu etməklə kifayətlənir. Anti-böhran tədbiri görmək istəyəndə isə daha çox korrupsiyaya, süründürməçiliyə səbəb olur.
Akif