İqtisadçı Nemət Əliyev Facebook səhifəsində ölkədə yaranan bank böhranından yazıb:
“Əmanətçilərin, digər depozitarların banklara inamı tamamilə itə, daha ciddi problemlər yarana bilər. O halda Mərkəzi Bankı indiki tərkibdə saxlamağa lüzum qalmayacaq. Mərkəzi Bankın qərarı ilə artıq 7 bankın fəaliyyətinə xitam verilib. Bununla da, bu banklarda saxlanılan əmanətlərin, digər depozitlərin taleyi böyük risk altına düşüb.
Texnikabankın timsalında fikrimi davam etdirirəm. Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıqlanan məlumata görə lisenziyası ləğv edilən Texnikabankın sığorta olunan əmanətlərinin həcmi təxminən 70-80 milyon manatdır. Halbuki, bu bankda 202 milyon manat məbləğində əmanət saxlanılır (2015-ci ilin əvvəlinə olan məlumat). Deməli, bu hesabla bankdakı əmanətlərin 122-132 milyon manatı və ya 62-63 faizi sığortalanmayıb. Bundan başqa, bankda hüquqi şəxslərə, digər banklara və maliyyə təşkilatlarına məxsus 200 milyon manata yaxın digər depozitlər də saxlanılır.
Başqa öhdəlikləri nəzərə almasaq, yalnız Texnikabankın bağlanması ilə 300 milyon manatdan çox maliyyə vəsaitinin taleyi sual altına düşüb. Odur ki, yanlış siyasətin doğurduğu problemlərin gətirdiyi bu acı nəticələr tezliklə aradan qaldırılmalıdır. Mərkəzi Bank, hökumət, parlament səfərbər olunub əmanətçilərə və hüquqi şəxslərə məxsus bütün əmanət və depozitlərin təcili şəkildə sahiblərinə qaytarılması üçün hərəkətə keçməlidir. Vətəndaşların illərlə tökdüyü alın təri hesabına qazandığı maliyyə vəsaitlərinin batırılmasına yönəlik hər hansı bir ehtiyyatsız addım və ya davranış banklara inamın tamamilə itməsinə gətirə və daha ciddi problemlərə meydan aça bilər”.