merkezibank

Valyuta ehtiyatları daha 1.2 milyrad azaldı; Mərkəzi Bankda 4.4 milyard dollar qaldı

merkezibank

Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar ayında daha 1.2 milyard dollardan artıq azalıb. Bunun 618,2 milyonu Mərkəzi Bankın, 594 milyonu isə Neft Fondunun payına düşür.

Mərkəzi Bankın açıqladığı məlumatda göstərilir ki, valyuta ehtiyatı yanvarın 29-na görə 4 milyard 398 milyon 500 min dollardır. Ötən ilin dekabrında isə MB-nin valyuta ehtiyatı 5 milyard 16 milyon 700 min dollar olub.

Ölkənin valyuta ehtiyatının ötən ay ərzində də bu qədər azalmasına AXCP sədri Əli Kərimli feysbuk səhifəsində münasibət bildirib. AXCP sədri yazıb ki, valyuta ehtiyatlarının tkənməkdə olması hökumətin həl də davam etdirdiyi yanlış siyasətin nəticəsidir.

“Yazdıq, izah etdik ki, valyutadəyişmə məntəqələrini bağlamaq, dollar satışını dayandırmaq, gömrük rüsumlarını, vergiləri artırmaq, ölkəyə mal idxalını daha da çətinləşdirmək böhrandan çıxış yolu ola bilməz. Bu yolla ölkəni daha dərin bataqlığa salacaqsınız. Başa düşmədilər. Budur, artıq hökumətin “anti-böhran” siyasətinin ilk ayının nəticələri bilindi. Manata etimad sarsılmaqda davam edir. Bütün məhdudiyyətlərə rəğmən, ölkə yalnız yanvar ayında 1,2 milyard dollardan artıq valyuta itirib, idxal 70 faiz azalıb, banklar bağlanılır, sosial narazılıq artır, artıq sahibkarlar da etiraz aksiyaları keçirir. Amma hökumət hələ də başa düşmür ki, köklü iqtisadi və siyasi islahatlar yeganə çıxış yoludur”, – deyə AXCP lideri qeyd edib.