Kasıb Qırğızıstan qədər də olmadınız?

elman_rustamovHakimiyyətin anti-xalq siyasətinə daha bir nümunə

Azərbaycan hökuməti ətrafda baş verən heç bir müsbət hadisədən təsirlənmir, müsbət nümunələri ölkədə tətbiq etmir. Əksinə, bütün məsələlərdə vətəndaşın maraqlarına zidd qərarlar verilir və bu qərarları biabırçı arqumentlərlə əsaslandırmağa çalışırlar.

Xüsusən də birinci və ikinci devalvasiyadan sonra hökumət öz anti-xalq mahiyyətini ortaya qoydu. Hansıki, Qazaxıstan, Ukrayna hökumətləri vətəndaşın zərərini kompensasiya etdi və dövlət yükü öz çiyninə götürdü. Amma Azərbaycanın Konstitusiya Məhkəməsi bankların tərəfini tutdu və bir gecədə qarət olunmuş vətəndaşı köməksiz qoydu. Ikinci devalvasiyadan sonra da vətəndaşa müxtəlif vədlər verilsə də nəticədə dollarla krediti olanlara güzəşt edilmədi.  Maliyyə naziri Samir Şərifov “banklar xeyriyyə cəmiyyəti deyil”  söylədi. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirdi ki, vətəndaşa güzəşt edilməsi maliyyə intizamının pozulması deməkdir.

Bəli, hökumət vətəndaşa yardım etməmək üçün bütün sifətlərə düşməyə bacardı. Bugünlərdə isə məlum oldu ki,

Qırğızıstanda da əhalisinin dollarda olan ipoteka kreditləri milli valyutaya çevriləcək. Rəsmi məlumatlara görə, ötən il Qırğızıstanın milli pul vahidi qırğız somı aparıcı dünya valyutalarına nisbətən təxminən 29% ucuzlaşıb. Qırğızıstan sakinlərinin dollarda götürdükləri ipoteka kreditlərinin yenidən hesablanacaq. Bu barədə müvafiq sərəncamı respublika hökumətinin başçısı Temir Sariyev imzalayıb. Baş nazirin mətbuat katibi Nəzirə Əhmədova bildirib ki, sərəncama əsasən  bütün xərclər dövlət büdcəsinin hesabına kompensasiya ediləcək. Kreditlər 1$ = 62,14 som məzənnəsi ilə yenidən hesablanacaq, halbuki bu gün Qırğızıstanda dolların rəsmi məzənnəsi təxminən 76 som təşkil edir. Fərq 574 milyon som (7,6 mln. dollar) büdcə vəsaiti hesabına ödəniləcəkdir. Yenilik yalnız o şəxslərə şamil edilir ki, maksimum 40 min dollaradək kredit götürüb.

Göründüyü kimi Qırğızıstan hökuməti də xalqın təmsilçisi olduğunu, milli hökumət olduğunu təsdiqlədi. Zərəri vətəndaşın üstünə atmaq üçün bəhanələr uydurulmadı. Necə olur ki, Ukrayna, Qazaxıstan, Qırğızıstan hökuməti vətəndaşa güzəşt edəndə maliyyə intizamı pozulmur, amma YAP hakimiyyəti bu addım atanda pozuntu əmələ gəlir? Bəli, 100 milyardları həzmi-rabiyədən keçirən hökumət, vətəndaşa minimal güəzşt etməyə ehtiyac görmür. Azərbaycan hakimiyyəti Qırğızıstan qədər də ola bilmədi. Bir daha sübut olunur ki, xalqın rifahı, dövlətin güclənməsi üçün xalq hakimiyyətinə ehtiyac var. Xalqın seçmədiyi və xalqı saymayan hökumətdən  qayğı gözləmək əbəsdir.

Akif