Mən sizə bir həmyaşıdınızdan danışmaq istəyirəm- Seymur Həzidən. Seymurun 32 yaşı var. Erməni işğalı nəticəsində ailəsi ilə birlikdə Laçını tərk edərək körpəlikdən köçkünlük həyatı yaşamağa məhkum olub. Lakin ağır həyat şərtləri Seymurun təbii ağlını, sərrast zehnini, dərin analitik düşüncəsini məhv edə bilməyib, əksinə daha da itiləyib, cilalayıb. Seymur Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, elmi yaradıcılğa başlayıb, aspirantura təhsili alıb, ancaq müxalifətçi, AXCP fəalı olduğu üçün ona yüksək səviyyədə hazırladığı elmi işini müdafiə etmək imkanı verməyiblər.
Seymur saxta, gülünc ittihamla həbs olunduğu 2014-cü ilin avqust ayınadək, yəni artıq 30 yaşınadək bu ölkənin ən çox oxunan, ən güclü yazarı idi! Seymurun dərin siyasi analitikasını, geosiyasi təhlillərini “Azadlıq” qəzetində və qəzetin saytında 60, 80, 100 min və daha çox insan oxuyurdu! Siz Azərbaycanda belə oxunma reytinqinə malik ikinci siyasi təhlilçi, yazar tanıyırsınızmı?! Əlbəttə, bu ritorik sualdır, çünki cavabı bəllidir. Seymuru məhz bu yazılarına, jurnalist fəaliyyətinə görə həbs ediblər. Bu gün yaşadıqlarımız fəlakəti hələ 5 il əvvəl proqnozlaşdırdığı, gördüyü və cəmiyyətin gözünü açmağa çalışdığı üçün cəmiyyətdən təcrid ediblər.
Ölkənin ən populyar siyasi təhlilçisini xuluqan kimi həbs etdilər. Seymurun istedadı, ağlı, savadı, intellekti, analitik təfəkkürü imkan verirdi ki, o, hökumət mediasında, lap elə hökumətin özündə yaxşı bir mövqe, vəzifə tutsun, sosial problemlərini həll etsin, ev alsın, ailə qursun, oğul-uşaq sahibi olsun. O, bütün bunlardan könüllü şəkildə imtina etdi. Vətəni xoşbəxt olmayınca xoşbəxt ola bilmədiyi üçün imtina etdi. Dəfələrlə sərrast, hədəfyönlü yazılarına görə döyüldü, işgəncələrə məruz qaldı, ona “gəl bu daşı ətəyindən tök, hər şəraitlə təmin olunacaqsan” dedilər, ancaq Seymur hər şeyə rəğmən yenə də haqqın yanında olmağı seçdi.
O, bu seçimi sənin, mənim üçün, övladlarımızın gələcəyi üçün, Laçının və bütövlükdə Azərbaycanın azadlığı üçün könüllü olaraq etdi! Belə insanları unutmağa haqqımız yoxdur! Seymurun analitik yazıları, söhbətləri üçün çox darıxmışam. Onun tezliklə azad olunacağına inanıram və bunun üçün dua edirəm. İnanıram ki, siz də gəncliyini, xoşbəxtliyini bizdən əsirgəməyən bu insandan dualarınızı əsirgəməyəcəksiniz!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.