Ekspertin fikrincə, Mərkəzi Bank təcili şəkildə yaramaz pul-kredit siyasətinə yenidən baxmalıdır
Maliyyə böhranı iqtisadiyyatı hər ötən gün daha geniş formada əhatə etməkdədir. Bir ara dollar qıtlığı yaşanan ölkədə hazırda süni şəkildə mənat çatışmamazlığına başlanılıb. Azərbaycan hökuməti manatın ucuzlaşmasının qarşısını almaq üçün yeni üsul tapıb.
Redaksiyamıza daxil olan məlumata görə, bütün banklara tapşırılıb ki, valyuta mübadiləsi zamanı manatın olmadığını bildirsinlər. Məlumata görə, burada məqsəd dollar ajiotajını yatırmaq, manatın artıq möhkəmləndiyi barədə rəy yaratmaqdır. Bu rəy yaradılandan sonra vətəndaşlarda təbii olaraq dollara inam öləcək. Beləliklə, əllərdəki dolları yığmaq daha asan olacaq. Dolların son bir neçə gündə rəsmi məzənnəsinin az da olsa aşağı salınması da məhz buna xidmət edir. Halbuki, dolların ucuzlaşması üçün real səbəb yoxdur. Böyük ehtimalla hökumət əllərdəki dolları yığdıqdan sonra növbəti devalvasiyaya gedərək, növbəti dəfə xalqı aldadacaq.
Iqtisadçı Nemət Əliyevin fikrincə, ümumiyyətlə maliyyə, pul siyasəti ilə bağlı hazırda yaranan açınacaqlı duruma görə məsuliyyət Mərkəzi Bankın üzərinə düşür. Fevral devalvasiyasına qədər dövriyyədə 11-12 milyard manat pulun olduğunu deyən N.Əliyev bildirdi ki, daha sonra MB-nin atdığı addım dövriyyədə manatın azalmasına səbəb oldu: “Mərkəzi Bankın dövriyyəyə əlavə valyuta ehtiyatı buraxması manatın dövriyyədən çıxmasına səbəb olur. Son məlumata görə dövriyədə 6.9 milyard manat kütləsi qalıb. Belə çıxır ki, dövriyədə 5 milyarada yaxın manat yığışdırılıb. Manatın dövriyyəsi azalırsa, bu iqtisadiyyatın sürətlə dollarlaşması demək olacaq. Digər tərəfdən ölkədə maliyyə əməliyyatlarının aparılmasında manatın rolu kəskin şəkildə azalıb. Hazırda dövriyyədə əmək haqqına çatacaq qədər manat qalıb. Bu ölkə iqtisadiyyatına çox ciddi problemlər yaradır”.
N.Əliyev onu da qeyd etdi ki, bank əməliyyatlarında hesablaşmaların böyük hissəsi yenə də dollarla həyata keçirilir. Bunun isə böyük fəsadları var: “Bu səhvlərin baiskarı Mərkəzi Bankdır və bu addımların doğurduğu səhvlər təcili aradan qaldırılmalıdır. Mərkəzi Bank öz funksiyasını sona qədər icra edə bilmir. Bir anlığa təssəvvür edin ölkədə xarici valyutaya daxildə olan tələbatı ödəmək zərurəti yaransın. Nəticədə Mərkəzi Bank əlində olan 5 milyard vəsaiti də xərclədi. Bu zaman isə hökumət yalnız Neft Fondunun ümidinə qalacaq. Ona görə Mərkəzi Bank təcili şəkildə yaramaz pul-kredit siyasətinə yenidən baxmalıdır. Boş-boş təriflər yağdırmaqla bir tərəfə çıxmaq olmaz”.
Xəyal