Bildiyimə görə, iqtisadi yönümlü bütün universitetlərdə “bank işi” adlı sahə tədris olunur. Şübhəsiz, qəliz və vacib məsələdir, ayrıca tədris olunmağının da xüsusi önəmi var. Amma bu hökumətin dönəmində yaşadığımız on illər hamımızı bu işin bilicisinə çevirdi. Demə, bu bank işi yaman bəla və tələ iş imiş. Elə tələ ki, əhali artıq boğazını keçirdiyi həmin tələdən illərdir xilas ola bilmir. Illərdir insanımız hökumətin özü kimi banklarından da çəkdiyini çəkir. Xatırlayarsınız, bu sahədə ilk əl işlərinə “Vahid bank”la başlamışdılar. Yeni müstəqillik qazanmış ölkənin sadəlövh əhalisi yüksək faiz eşqinə olub-qalanını satıb bu fırıldaqçı banka yatırmışdı. Aqibətini də bilirsiniz. Son ümid yeri olan evini, maşınını, zinət əşyalarını itirmişdi insanlar o bank oyununda. Sonra guya kimlərsə tutuldu və cəzalandırıldı, amma əhalinin gedən pulları bir daha geri qayıtmadı. Amma o hadisədən sonra yeni-yeni banklar açılmağa başladı. Ölkəyə axan neft gəlirləri bankların artan sayında da özünü göstərməyə başladı…
Yeni mərhələnin dərdlərini yaşamış şahidlər kimi, artıq özünüz hər şeyi xatırlayırsınız. Yeni yaranan bank bumunda yenə əhalinin xeyrinə işləyən bir şey olmadı. Həmin o banklar da elə neft gəlirləri kimi bir qrupun əlinə keçib, xalqı istismar alətinə çevrildi. Aylıq qazancı ailəsini dolandırmağa çatmayan, təhsil haqqını ödəyə bilməyən, evsiz, işsiz, imkansız adamlar çarəsizlikdən bu istismar alətinin caynağına keçib kütləvi şəkildə borclandılar. Indi ölkənin durumu əsl ürək acısıdır. Həmin borcluların sayı gəlib çıxıb 2, 5 milyon nəfərə. Yəni hazırda ölkə əhalisinin hər 4 nəfərindən birinin banka kredit borcu var. Ən acınacaqlısı da odur ki, bu insanların 2 milyon 401 min 814 nəfəri fiziki şəxslər, dəqiq ifadə etsək, istehlakçılardır.ÿBu o deməkdir ki, həmin insanlar o borcu hər hansı sahibkarlıq fəaliyyəti və ya istehsal məqsədi ilə deyil, sadəcə, məişət ehtiyacları üçün götürüb. Məncə, faciənin miqyasını təsəvvür etmək üçün təkcə bu fakt da yetərli sayıla bilər…
Böyük neft gəlirlərini idarə edə bilməyən hökumətin yarıtmazlığı üzündən indi ölkə iqtisadi böhranın məngənəsində çapalayıb durur. Böyük milyardlar ölkədən ünvansız və təyinatsız şəkildə çıxıb gedib. Milli valyuta dəyərini elə itirib ki, əhali artıq dolları qara bazarlarda əl-əl gəzir. Adamlar guya vəziyyətdən çıxış yolu tapıb, valyutadəyişmə məntəqələrini bağlayıblar və bununla əhalini daha çətin duruma salıblar. Xaricdə oxuyan övladına pul göndərmək üçün dollar axtaran bir tanışım iki gündür aralıqda əliboş dolaşıb durduğunu deyir. Xaos aləmi bir-birinə vurub. Hələ insanlar indi-indi anlamağa başlayır ki, bu bank işi nə dərin məsələ imiş. Nə yazıq ki, özünü bataqlığın lap dərin yerinə salandan sonra anlamışıq bunu da. Indi yerli valyuta ölüb, dollar kəlləçarxa qalxıb, əhali müflisləşib, banklar isə ayağını dirəyib pulunu istəyir. Yoxu anlayan yoxdur, hərə öz başının dərdində. 2,5 milyon nəfər möcüzə gözləyir. Bəlkə borclarını sildilər, bəlkə bir bağışlanma fərmanı çıxdı? O möcüzə və əfv isə baş vermir. Verməyəcək də. Neçə ki, o insanlar özləri düşdükləri tələdən qurtulmaq için kiçik bir cəhd göstərmirlər belə…