Azərbaycan hökuməti “Formula-1» üçün nələrə gedib?

formula1Avtomobil yarışlarından yazan «Beyond the Flag» saytı Azərbaycanın «ev sahibliyi»nə necə sahiblənməsini açıqlayır

Avtomobil yarışları barədə məqalələrilə məşhur olan “Beyond the Flag” saytında müəllif Kristofer Qrinoh qələmə aldığı yazını “Niyə Azərbaycan?” sualı ilə başlayıb. “Azadlıq” radiosunun məlumatına görə, məqalədə deyilir ki, Azərbaycanda “Bakı-Avropa Grand Prix” yarışı elan ediləndən bəri bu sual ortalıqda dövriyyə edir və yeni suallar doğurur.

Müəllif yazır ki, “Azərbaycan texniki baxımdan Avropada yerləşsə də, bir balaca şərqə getmək kifayətdir ki, Türkmənistanın üstünə çıxasan, oradan oyana isə Çinə bir qarış yol qalır”.

Avropa olmağına Avropadır…

“Əlbəttə, Avropa ölkəsi Avropadır və nə qədər şərqdə yerləşməsindən asılı olmayaraq, yarışın bu coğrafi məkanda keçirilməsinin tənqidi şübhə doğurmalıdır”, – deyə müəllif yazır.

Jurnalistin gəldiyi nəticə budur ki, Azərbaycanın ev sahibliyini onun zəngin olması təmin edib. Azərbaycan dünyanın ən zəngin yüz ölkəsinin siyahısındadır.

Məqalədə deyilir ki, “yalnız bundan çıxış edərək Berni Esklestonun neft maqnatları ilə çiyin-çiyinə əyləşmək istədiyi barədə mülahizəni qəbul etməmək də olar, lakin Bakının, Azərbaycanın ”dərin ciblərinə” görə seçilmədiyini düşünmək üçün də gərək axmaq olasan”.

Müəllif yazır ki, hərçənd, “Grand Prix” yarışları bir qayda olaraq, pul baxımından varlı, siyasi baxımdan sabit ölkələrdə keçirilir.

Jurnalist bildirir ki, bağlı qapılar arxasında “niyə məhz Bakının seçilməsi” sualı yaxın gələcək üçün sirr olaraq qalacaq.

“Heç şübhəsiz, Azərbaycan ”Formula-1″ə elə bir şey təklif edib ki, bunu başqa bir ölkə etməzdi…” – yazır müəllif.

Eskleston insan haqları eksperti deyil

Jurnalist bir məqama da diqqət yetirir ki, 2004-cü ildən bəri “Formula-1″ yarışları gözəl və mənzərəli ölkələrdə keçirilir, lakin onların, insan haqlarının tapdanması kimi bir ümumi cəhəti də var: ”Çin, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Meksika və Azərbaycan dünyada mətbuatın azadlığı indeksində (World Press Freedom Index) son yerləri tuturlar”.

Məqalədə deyilir ki, bu ölkələrin “Human Rights Watch” təşkilatının 2016-cı il üçün hesabatında da vəziyyətləri oxşardır. Lakin bütün bunlar “Formula-1″ rəhbərinin nəzərinə çatdırılanda, Eskleston Azərbaycanda heç bir problemin olmadığını deyib.

“Eskleston insan haqları eksperti deyil və ona görə də onun rəyi ciddi qəbul edilməməlidir. Lakin bunu görməməzliyə vurmaq da olmaz”, – deyə müəllif yazır.

Jurnalist ilk növbədə Azərbaycana ev sahibliyinin verilməsini etik dəyərlərlə sual edir. Onun fikrincə, “Azərbaycan niyə seçilib?” sualının doğmaması üçün onun seçilməməsi lazım idi.