Ərdoğan Bakıya gəlir

erdogan-3Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Bu barədə hökümətdəki mənbədən məlumat veriblər. Məlumata görə, Ərdoğanın səfəri çərçivəsində bir sıra ikitərəfli danışıqlar keçiriləcək. İki ölkə rəhbərləri arasında baş tutacaq danışıqlardan bəzilərinin mətbuata qapalı keçiriləcəyi gözlənilir.

Azərbaycan səfərinə Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bir sıra sıra nazirlərin qatılacağı gözlənilir.

Səfərin dəqiq vaxtı açıqlanmasa da, bunun fevral ayının 3 yaxud 4-cü həftəsində baş tutacağı bildirilir.
Hələlik səfərin dəqiq məqsədi barədə məlumat verilmir. Lakin mühüm qərarların müzakirə ediləcəyi gözlənilir.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən ilin iyunun 12-də səfər edib.

Səfər günü hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edirdi. (ANS PRESS)