Ədalətsizliyin yaratdığı əndişələr

elnur-astanbeyli9Elnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Yaşadığımız çağda bir ölkəni və toplumu uçuruma yuvarlayan ən önəmli səbəblərdən biri, hətta birincisi ədalət anlayışının zədələnməsidir, onun aradan qaldırılmasıdır. Ədalətə inancını itirən cəmiyyətlər istənilən qorxunc təhlükəyə hamilədirlər – bura hər növ (dini, etnik və s.) ekstremizm, terrorizm daxildir. Bir ölkəni idarə edənlər ədalət hissini itirir. Məsələn, ədaləti bərqərar etməli olan məhkəmələr kimlərinsə əlində oyuncağa, alətə çevrilirsə, bu, həmin ölkənin başına ən pis, ən dəhşətli işlərin gələ biləcəyinin işarətidir, belə ölkələr heç bir xoşagəlməz ssenaridən sığortalanmayıblar.

Və nə yazıq ki, biz illərdir məhz bu cür ölkədə – qanunların kağız parçasına çevrildiyi, hüququn işləmədiyi bir məmləkətdə yaşayırıq, addımbaşı haqsızlıq, addımbaşı ədalətsizliklə rastlaşırıq. Uzağa getməyək, təzəlikcə, bir generalın qohumunun Bakının hansısa yanacaqdoldurma məntəqəsinin işçilərini söyməsi və döyməsi faktı ortaya çıxdı. Bunun qarşılığında həmin məmur qohumuna vur-tut 30 sutka inzibati həbs cəzası kəsildi. Halbuki, jurnalist Seymur Həzi ona hücum çəkən birindən qorunmaq üçün ona su qabı atdığı üçün 5 il azadlıqdan məhrum edilib! Əlbəttə, səbəbi aydındır, bunun qurama bir iş, siyasi qisas əməliyyatı olduğu bəllidir. Amma hər bir halda, səbəb nə olursa olsun, ədalətin bu şəkildə zədələndiyi, karikaturaya çevrildiyi ölkəni yaxşı günlər gözləyə bilməz.

Bunu anlamaq lazımdır ki, bir toplumda baş verən heç bir ədalətsizlik izsiz ötüşmür, cəmiyyətdə dərin yaralara yol açır, elə kin-küdurət, nifrət toxumları əkir ki, bir gün onun qarşısında nə polis dubinkası, nə rezin güllələr, nə suvuran maşınlar, nə sümükqıran itlər dayana bilir. Inanın, bir gün hamılıqla başa düşəcəyik ki, hər ədalətsiz həbslə, hər repressiv addımla əslində, Azərbaycana nə qədər böyük pisliklər edilirmiş, o, hansı od-alovun içinə itələnirmiş! Başa düşəcəyik, ancaq çox gec olacaq…

Hələ orası da var ki, yaşadığımız məmləkətdə haqsızlıqlar, ədlalətsizliklər yalnız hüquq müstəvisində deyil, hər sahədə vəziyyət məhz belədir. Insanlar bilik və bacarıqlarına görə dəyərləndirilmir, onların öz potensiallarını gerçəkləşdirmək, həyatda layiqli yer tuta bilmək, karyera qurmaq üçün bircə yolu var: Sistemə yarınmaq, onun qılıncının altından keçmək, onun hər buyruğuna “ləbbeyk!” demək. Bunu kim yaxşı bacarırsa, heç bir bilik və bacarığa sahib olmadan da özünə karyera qura, komforta qovuşa bilər. Belə bir ədalətsiz düzənlə Azərbaycanın çağdaş, modern, mədəni dünyanın bir parçası olması mümkündürmü?

Ölkənin sərvətləri sadəcə, bir qrupun əlində cəmləşirsə, məmləkətin yeraltı-yerüstü var-yatırları sadəcə, bir qrupun zənginləşməsinə, xoşbəxt, firavan yaşamasına xidmət edirsə, bu ədalətsizliyin Azərbaycanı hansı təlatümlərə sürükləyə biləcəyini proqnozlaşdırmaq çoxmu çətindir? Ən azı, dünyanın yaxın-uzaq tarixindəki təcrübələrdən dərs almaq, ibrət götürmək olmazmı? Bəşəriyyətin yaxın-uzaq keçmişi xalqın sərvətləri ilə dədə malı kimi rəftar etməyin hansı acı nəticələrə gətirib çıxardığına dair örnəklərlə dolu deyilmi? Dərk və qəbul etmək bu qədərmi çətindir ki, sosial ədalətin yox edildiyi toplumları dəyənək və təbliğat şouları ilə həmişəlik nəzarətdə saxlamaq müşkül, hətta mümkünsüz bir işdir?!

Bir sözlə, əgər doğrudan da, Azərbaycan üçün yaxşı şeylər arzulayırıqsa, bu ölkədə ədalətsizliyin hər cür təzahürünə qarşı olmaq zorundayıq. Artıq çoxillik yalanların arxasına sığınmaq zamanı deyil. Azərbaycanı düşdüyü durumdan onun ədalətli bir ölkəyə çevrilməsi çıxara bilər. Ədalətli ölkə olmağın şərtləri isə bəllidir; Amerikanı yenidən kəşf, velosipedi yenidən icad etməyə ehtiyac yoxdur, gün kimi aydındır ki, yaşadığımız çağda ədalətli ölkəyə çevrilmək milli iradəyə sayğı duymaqdan, modern hüquqa tabe olmaqdan, insanların haqlarını və azadlıqlarını qeyd-şərtsiz tanımaqdan keçir.

21-ci əsrdə həbsxanaları siyasi səbəblərə görə həbsə atılanlarla dolu olan, insanları özgür düşüncələrinə görə təqib edilən, seçkiləri saxtakarlıqla assosiasiya olunan, məhkəmələri siyasi sifarişlə işləyən hər hansı ölkənin gələcəyi haqqında optimist düşünmək üçün ağlını itirmək lazımdır.