Azərbaycan reallığını pis bilməsəm də, bu gün AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəməsində şahidlərdən eşitdiklərim məni dəhşətə gətirdi. İttiham tərəfinin özünün dəvət etdiyi 2 şahid bir-birinin ardınca istintaqı tam ifşa etdi. Məmməd bəyə qarşı cinayət işinin necə düzülüb-qoşulması bütün çılpaqlığı ilə ortadadır. Şahidlər ifadə verdilər ki, polisdə istintaq zamanı Məmməd bəyin əleyhinə ifadə vermələri üçün onlara təzyiq edilib. Şahidlər müstəntiqin yazdığı saxta ifadələri imzalamadığı üçün hər birinin ifadəsi 3 dəfə çırılıb, təzədən yazılıb. Şahidlər dedilər ki, “biz Allahdan qorxuruq, vicdan əzabı ilə yaşamaq istəmirik”. Məmməd bəy heç kimi döyməyib. İndiki prosesdə zərərçəkmiş kimi keçənlərdən biri Məmməd bəyi vurmaq istəyib, onun atdığı yumruq da şahidə dəyib. Digər 2 nəfər zərərçəkmiş kimi keçən şəxsi isə nə Məmməd bəy, nə də şahidlər tanıyır. Hörmətli vəkil Yalçın İmanov sübut etdi ki, heç kimin tanımadığı “zərərçəkmişlər” polislə əlaqəli adamlardır və istintaq onları məcbur edib ki, həyatda heç vaxt üz-üzə gəlmədikləri halda Məmməd bəydən şikayətçi olsunlar.
Yəni, dövlət rəsmən öz vətəndaşına divan tutur. Yalnız ona görə ki, Məmməd bəy əqidəsinə sədaqətli, cəsarətli, haqsızlıq qarşısında susmayan ləyaqətli vətəndaşdır. Neçə illərdir ki, mübarizəni oğulları Toğrul və Turanla çiyin-çiyinə aparır. Milli Şuranın 2015-ci ildə 1-ci devalvasiyadan sonra keçirdiyi “Talana son!” mitinqlərinin rəsmi təşkilatçısı olub. Xalqımız bilməlidir ki, onun hüquqlarının qorunması, harayının eşidilməsi naminə özünü ailəsilə birlikdə oda atan oğulları var. Əgər bu günə qədər avtoritar rejim Azərbaycanda tam bir diktatura yarada bilməyibsə, bu, həm də Məmməd bəy və digər əqidəli siyasi məhbus dostlarımızın fədakarlığının, mübarizənin önündə olmalarının nəticəsidir. Bu mərd, mübariz insanları unutmamalıyıq.
Hakimiyyət səhv yoldan imtina etməlidir. Həbslərin davamı çarə deyil. 100 nəfərdən artıq adamı şərləyib, həbs ediblər. Təkcə AXCP-nin 10 nəfər fəalı siyasi məhbus həyatı yaşayır. Nə dəyişib, hakimiyyətin problemləri həll olunubmu? İndi hakimiyyətin əsas qayğısı ölkənin sosial problemlərini həll etmək olmalıdır, adam tutmaq yox. Həbslərin artması olsa-olsa ölkə rəsmilərinə qarşı sanksiya qərarını sürətləndirə, rejimin sonunu daha da tezləşdirə bilər.
Yəni doğrudanmı məşhur məsəldə deyildiyi kimi “bizim bir gözümüzü çıxarmaq naminə, özünüzü iki gözdən də məhrum etməyə” razısınız?

Həbslərin artması olsa-olsa rejimin sonunu tezləşdirə bilər
•