“İcra başçıları dəyişdikcə sahibkarların problemləri də artır”

zahid-oruc3“İşğal olunmuş rayonlarımızın adlarının restoran, kafe və şadlıq evlərinə verilməsinin qarşısı alınmalıdır”. Bunu parlamentin iclasında deputat Zahid Oruc deyib.

“İşğaldan sonra biz acımızı kitablara, lentlərə, kinolara daşıdıq. Bir çox adamlar isə Şuşanın, Ağdamın, Xankəndinin adını şadlıq evlərinə, restoranlara, kiçik kafelərə köçürdülər. Bu müqəddəs adlar bəzən yolqırağı obyektlərə də verildi. Biz son dövr hər məsələni devalvasiyanın kontekstində anlamağa çalışmışıq. Amma məncə, bu, müqəddəs adları devalvasiya etdirməkdir. Biz Şuşa adını belə yerlərə qoymaqla, o restoranda açdığımız süfrə ilə başa vururuq. Bu, o adların nə qədər təhrikə uğraması ilə yanaşı, hədəflərə doğru gedib çatmağa ideloji, siyasi baxımdan bir maneədir”.

Deputat eyni zamanda qeyd edib ki, Baş Prokurorluğun tərkibində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu dəyişdirilməlidir.

“Bu yaxınlarda İdarənin illik hesabatı açıqlandı. 70 şəxs korrupsiya cinayətlərinə görə həbs edilib. Düşünürəm ki, bu qurum müstəqil fəaliyyət göstərməlidir”.

İcra hakimiyyətlərinin rəhbərləri barədə danışan deputat vurğulayıb ki, onlar dəyişdikcə, sahibkarların fəaliyyəti çətinləşir.

“İcra hakimiyyətlərinin rəhbərləri dəyişəndə rayonların siması dəyişir. Gələn köhnənin qəbul etdiyi qərarları ləğv edir. Bu, sahibkarlıq sinfi üçün çətindir. Rayonlara investisiya cəlb etmək üçün bu sahəyə diqqət yetirilməlidir və bu məsələyə yenidən baxılmalıdır ki, gələn icra başçısı köhnənin qərarlarını ləğv etməsin”.

Mənzil-istismar sahələri barədə danışan Zahid Oruc vurğulayıb ki, bu gün onların statusu qeyri-müəyyən qalıb.
“Onlar xüsusi bir iş görmür. Mənzilin kvadratına görə, nə qədər pul verib, ev alınır. Sonra onlara 50, hətta 100-200 manat haqq veririk. Sanki öz evimizdə kirayə qalırıq. Bu quruma büdcədən də nə qədər vəsait ayrılır. Düşünürəm ki, yeni idarəetmə sisteminə keçid lazımdır ki, dövlətin yükü azalsın”.

Zahid Oruc eyni zamanda bir neçə vəzifə daşıyan məmurlar məsələsinə də toxunub.
“Çingiz Abdullayev özü dörd vəzifəni daşıyır. Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, “əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?”.
Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır.
Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”. (Modern.az)