Azərbaycanın Latviyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarovun son günlər mətbuata verdiyi açıqlamalar xarici işlər naziri Elmar Məmmədyarovun narazılığna səbəb olub. Bu barədə Xarici İşlər Nazirliyinə (XİN) yaxın mənbələrdən bildirilib.
Məlumata görə, Tofiq Zülfüqarov yeni iş həftəsinin əvvəlində (böyük ehtimalla bu gün və ya sabah) XİN-ə dəvət edilib. Ona nazirlik daxilində baş verənlər barədə ictimai müzakirəyə səbəb olan açıqlamaları ilə bağlı narazılığın ifadə edilməsi gözlənilir.
Mənbələrimiz həmçinin keçmiş səfirin məlum açıqlamalarından sonra yenidən diplomatik təyinat almasının az ağlabatan olduğunu bildiriblər. “Zülfüqarovun açıqlamalrının məzmunundan və üslubundan görünən odur ki, onunla Elmar Məmmədyarov arasında soyuqluq əvvəlcədən mövcuddur. İstisna deyil ki, bu, əvvəllər xarici işlər naziri postunu tutmuş sabiq səfirin diplomatik korpusun idarəetmə şəkli ilə razılaşmamasından qaynaqlanır. Xüsusən Tofiq Zülfüqarovun hazirki nazirin istefa verməli olub-olmadığı barədə suala “Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız, ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar” cavabını verməsi onun dolayısı ilə Məmmədyarovun vəzifəsindən uzaqlaşdırılması tərəfdarı olduğunu göstərir, bu isə kifayət qədər mühüm məqamdır və onlar arasında münasibətlərin yetərincə soyuduğuna işarədir” – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, T.Zülfüqarov bir neçə gün əvvəl “Azadlıq” radiosunun Azərbaycan xidmətinə müsahibəsində Xarici İşlər Nazirliyində baş verən son proseslərə, ötən ilin mayında paytaxtdakı yanğına görə məmurları tənqid edən və onu sosial şəbəkədə “like” edən diplomatların işdən uzaqlaşdırılması və ya izahat yazmasına münasibət bildirib. Onun sözlərinə görə, “təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir”.
Zülfüqarov “Sizcə, nazir istefaya göndərilməlidir?” belə cavab verib: “Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar”. (Qaynar.info)