Antiböhran reseptinin absurdu

mehemmed-talibliMəhəmməd Talıblı

I Hissə

“Cənubi Afrikanın problemlərininin həlli xüsusi proqramlarda deyil, bu, konstruktiv hərəkətdədir. Bu, sədəqə və rifah deyil”.

Professor Uolter Vilyams, “Kapitalizmə qarşı Cənubi Afrika müharibəsi” (1986) kitabı

Bu arada ictimai fəal şəxslər və vətəndaş cəmiyyəti institutunun təmsilçiləri antiböhran təklifləri ilə çıxış etdilər. Az qala hamını ictimai qınaqla təhdid edirlərmiş kimi çoxsaylı dostlarımız çıxış yollarını göstərdilər. Təkliflər verən həmkarlarımın düşüncələrini təqdir edirəm. Xeyli faydalı istiqamətlərdə prosesə xoşməramlı olaraq öz töhfələrini vermək istədilər. Hətta bu təkliflər hesabına antiböhran paketi də formalaşdırmaq mümkün olardı. Mediada çalışan dostlarımız tez-tez bu sualla müraciət edirlər. Çıxış yolları nədir? Antiböhran tədbirlərində nələri təklif edirsiz? Və bu tipli suallar. Niyə mən belə bir təklif tərəfdarı deyiləm? Və ya hökumətə təkliflər paketini təqdim etmək haqqında düşünmürəm? Bu suala qısa cavabda aydınlıq gətirmək və mahiyyəti tam interpretasiya etməyin çətinliyini nəzərə alıb həmin səbəbləri hövsələ ilə yazmağı qərara aldım. Həmin mövqeyimə aydınlıq gətirməyə çalışacam.

Xəstəliyin anatomiyası və diaqnozu

Əvvəla nəzərə almalıyıq ki, antiböhran resepti xəstəni müalicə edəcək bir günlük həb deyil. Bir reseptlə xəstəni tam sağalda bilmərsən. Qeyri-sağlam həyat tərzi keçirən bir xəstəni bir reseptin gücü ilə bir həftəyə ayağa qaldırmaq və müalicə etmək mümkünsüzdür. Yəni hər reseptin fərqli orqanizmlərə təsiri də müxtəlif nəticəli olacaq. Digər tərəfdən, bir reseptlə patalogiyanın qısa zaman kəsiyində düzələcəyinə ümid bəsləmək sadəlövhlükdür. Bir resept bütün dərdlərə çarə deyil.

Düşdüyümüz vəziyyət hamını narahat edir. Indiki durumun 90-cı illəri xatırladan situasiya ilə xeyli oxşarlıqları var. Sabah bazarlarda hansı qiymət artımı olacağı məlum deyil. Hər gün milli valyutanın dəyərindən bir kərpic də olsa düşür. Istehlak mallarının indeksi yüksəlir. Inflyasiya riski doğuran amillər sürətlə fəallaşır. Valyuta məzənnəsinin doğurduğu narahatlıqlar sadə vətəndaşları hər gün təhdid edir. Bazar iştirakçılarının sahib olduqları daşınan və daşınmaz əmlaklar, bütün növ aktivlər hər gün dəyərsizləşir. Manatla gəliri olanlar sürətlə yoxsulluq dərinliyinə düşür. Dollarla krediti olanlar çıxılmaz duruma düşmüş kimidirlər. Sosial gərginlik artır və intihar halları kütləviləşib. Insanların həyatı taleyin ümidinə buraxılıb. Başqa sözlə, iqtisadiyyatda böhran əlamətləri açıq müstəviyə daxil olub. Böhranlı vəziyyət yetişib. Amma hökumət nə bütün sahələrdə baş verən güclü tənəzzül elementlərinin gücləndiyi vəziyyəti dəyərləndirib ictimaiyyəti səfərbər edir, nə də onu önləmək (preventiv) üçün konkret addımlar atır. Ən pisi isə odur ki, hökumət böhranlı situasiyanı idarə etməkdə təşəbbüskar kimi görünmür.

Fikrimcə, konkret halda veriləcək təkliflərin təsirinin şübhə altında olması və ya nəticəsinin olmamasını şərtləndirən səbəblər var.

Böhranın etirafı və çağırış mesajları

Hökumət hələ də bu durumu böhran adlandırmır. Ona elə gəlir ki, hazırkı vəziyyət dünyada baş vermiş qlobal böhranın tərkib hissəsidir. Yəni spiralvari böhrandır. Halbuki, dünyada böhran hökm sürmür. Avrozonada və Qərb ölkələrində əvvəlki illərdə olduğu həddə iqtisadi artımlar qeydə alınıb. Situasiyanı doğru təsbit etmək lazımdır. Bu, meqoiqtisadi konteksdə qiymətləndiriləsi məsələ deyil. Əlahiddə olaraq ölkə daxilində xətti iqtisadi qurumların səriştəsizliyinin, səhv idarəetmənin yetişdirdiyi və postneft dövrünə hazırsızlığın meydana çıxardığı böhrandır. Hökumət islahata açıq olaraq vətəndaş cəmiyyəti institutlarından (siyasi partiyalar, QHT, media) təkliflər paketi istəsə, bu zaman antiböhran təklifi müzakirə predmeti ola bilər. Bu baxımdan bəzi iqtisadçı dostlarımızın təkliflər vermək yarışını, obrazlı desək, çaya su gəlməmiş çırmalanmaq tələskənliyi ilə müqayisə edərdim.

Ictimai dinləmələrin keçirilməməsi və dialoq mühitinin yoxluğu

Ölkədə dialoq mühiti qapanıb. Sadəcə bəzi media qurumlarında müstəqil iqtisadçıların davamlı səsləri eşidilir. Heç bir rəsmi təsisat çərçivəsində mükalimə mühiti yoxdur. Televiziyalar sevimli ekspertlərinin dili ilə şirin nağıllarla ictimaiyyəti yuxuya verir. Bir neçə ildir ki, vətəndaş cəmiyyəti institutlarının çökdürülmə siyasəti aparıldı. QHT-in bank hesabının baölanması və rəhbərlərinin həbsindən başlamış müxtəlif çirkin üsullara əl atıldı. Siyasi partiya üzvlərinə qarşı sözün həqiqi mənasında repressiya siyasəti həyata keçirildi. Indi həmin təşkilatlardan ölkəni saldıqları böhrandan çıxış yollarını hazırlayıb hökumətə təqdim etməsini gözləyirlər. Biz deyirdik ki, belə etməyin, sonra qalacaqsız vətəndaş cəmiyyəti institutlarsız qısır ideoloji sistemin içərisində. Davranışları ilə sanki bu cavabı eyhamla verirdilər: Cəmiyyəti ütüləmək lazımdır! Indi darmadağın edilmiş həmin vətəndaş cəmiyyəti institutlarsız bağın meyvələrin “dadırıq”. Bu həmin dövrdür. Artıq həmin zamana gəlib çatdıq. Hətta üzüyola deputatlardan formalaşmış parlamentdə diskusiya mühiti nəinki yoxdur, predmeti üzrə azca fərqli tonda danışanı “onlara dərs deməkdə” suçlayacaq qədər qaragüruh mühit var. Danışılmalı (parlament danışılan yer deməkdir) olan yerdə belə danışmaq qadağası var. Imitasiya naminə belə formal müzakirədən də daha imtina olunub. Qısası, vəziyyət bu qədər ağırdır.

Iqtisadi təfəkkür fərqi

Hökumətdə təmsil olunan rəhbər şəxslərin orta yaşı 70-80 arasında dəyişir. Partnomenklaturasının yetirmələrinin təfəkkürü sovetizm idarəetməsi ilə yüklənib. Sosializm şüuru və iqtisadiyyata baxışlar modern idarəetmə üçün yararsızdır. Iqtisadiyyatda dövlətin aparıcı rolundan imtina etməyi heç düşünmürlər. Əksinə, dövlətin iqtisadiyyatda rolunu artırmaq və bazarın tənzimlənməsində dövləti əsas hegemoniyasını vacib bilirlər. Belə komandanın oturuşmuş baxışları ilə müasir iqtisadi islahatların ruhu arasında ziddiyyət var. Ona görə belə şərtlər altında antiböhran tədbirlərinin heç bir perspektivinin müsbət nəticələri ola da bilməz.

Böhran yaradıcıları antiböhran rolunda

Bütün bu uğursuz iqtisadi siyasətin nəticələrinə görə (xüsusuilə monetar) məsul qurumlar istefaya göndərilməli idi. Parlament buraxılıb, yeni demokratik seçkilər keçirib effektiv qanunlar işləyən geniş siyasi təmsilçiliklə peşəkarlardan ibarət parlament formalaşdırmaq lazım idi. Belə vəziyyətlərdə cəmiyyətin “qan-damar” sisteminin təzələnməsi prosesə dinamizm gətirə bilərdi. Bu da edilmədi və komandada, nisbi də olsa, tərkib dəyişikliyi baş vermədi. Hətta iqtisadi xətti qurumların (monetar və fiskal strukturlar) rəhbərləri istefaya vermədilər. Bütün bunlara görə məsuliyyət bölgüsü də baş verməyib. Nədə ifadə olundu, bu məsuliyyət və məğlubiyyətin etirafı? Heç nədə! Buna görə həmin böhranı yetişdirənlər və bu neqativ tendensiyaya rəvac verənlərin böhranı aradan qaldıracağına töhfə verəcəklərinə qətiyyən inanmaq olmaz.

Maraqlar konflikti və oliqarxların sabotajı

Böhranın dioqnozu düzgün qoyulmasa, çıxış yolları tapılmayacaq. Antiböhran tədbirlərini həyata keçirən zaman azad biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatları üzərində himayədarlıq sisteminin dağıdılması, bank-maliyyə sistemində yeni oyunçuların daxil olunması, ticarətdə liberallaşdırma və s. tədbirlər biznesdə yeni açılımları özündə ehtiva edəcək. Reformist hökumətin həyata keçirdiyi antiböhran tədbirləri həmin inhisarçı şirkətlərin məxsus olduğu siyasi hakimiyyətdə mühüm vəzifə sahiblərinin korporativ maraqları ilə təzad təşkil edəcək. Bu zaman isə həmin oliqarxlar antiböhran üçün atılan əksər addımları sabotaj edərək ona müxtəlif cür maneçiliklər törədəcək. Belə situasiyalarda antiböhran tədbirlərini həyata keçirənlərlə biznesdə marağı olanların maraqları toqquşacaq. Yaranmış bu cür maraqlar konfliktindən doğan situasiyaların neqativ nəticələri bütün islahat paketini və bu yöndə fəaliyyətləri əhəmiyyətsizləşdirəcək.  Bu zaman həmin komandada təmsil olunanlar iki seçimdən birini etməlidir: ya hökumətdə təmsil olunub antiböhran tədbirlərinin effektiv həyata keçirilməsinə töhfə verməlidirlər, yaxud rəsmi təmsilçilikdən uzaqlaşaraq özlərinin biznesi ilə məşğul olmalıdırlar. Bizdə kimlərinsə belə cəsarətli addımı atacağı və bu tip etiraflarda bulunacağı heç inandırıcı deyil. Bu isə həyata keçəcək proqramın əsas onurğa sütünudur.

ardı var