Prezident İlham Əliyev yanvarın 29-da Gənclərin Birinci Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclrinin bir qrupu ilə görüş keçirdi. İlk baxışda çox təqdir olunası bir tədbir idi, əgər ölkə başçısı həmin forumda çıxışı zamanı obyektiv, tərəfsiz və ədalətli olsaydı.
Cənab İlham Əliyev çıxışında …”Əlbəttə ki, bizim nəsil o illəri yaxşı xatırlayırıq. Azərbaycan Xalq – Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi”
Cənab İlham Əliyev, çox təəssüf hissi ilə qeyd etməliyəm ki, bu ifadənizdə, yumşaq desək, bir az xətaya yol veribsiniz. Ən azı ona görə ki, həmin vaxtlar, daha doğrusu 1988-1993-cü iliyun ayının sonlarına qədər siz Azərbaycanda olmayıbsınız, həmin dövürdə qeyri millətdən olan (?) ticarət tərəfdaşınızla çox intensiv şəkildə biznes fəaliyyəti ilə məşğul olduğunuzdan ölkəmizdə gedən siyasi prosseslərlə nə maraqlanmısınız, nə də orda iştirak edibsiniz. Bu mövzuya bir də qayıtmamaq üçün sizin başınıza topladığınız gənclərə xatırlatmaq istəyirəm ki, artıq 13-cü ildir ki, ölkəyə başçılıq edən İlham Əliyev əyləşdirildiyi prezident kreslosuna, şəxsən özü, bir gün də siyasi mübarizə aparmadan gətirilib, daha doğrusu bu kreslo onun əlinə atasından miras kimi keçib. 2003-cü ilə kimi yəni, birinci dönəm prezident olana qədər atası Heydər Əliyev onu, neft üzrə mütəxəssis olmamasına rəğmən, Dövlət Neft Şirkətinə vitse-prezident təyin edib. Sonra isə, çov müəmmalı və qanuniliyı hələ də şünhələr altında olan formada, baş nazir təyin olunub. 23-24 ildən sonra AXC-Müsavat hakimiyyətini xalqımız üçün böyük bəla, biabırçılıq kimi gənclərə təqdim edən İlham Əliyev o dövrdə, qarşısında əyləşdirdiyi gənclər yaşında olanda səsini ucaldıb, etiraz etsəydi mən də onu alqışlayanlardan biri olardım. Cənab İlham Əliyev çıxışının AXC-Müsavat hakimiyyətinə həsr etdiyi parçasında konkret adları çəkməsə də dövlət və hökumət vəzifələrində naşı və səviyyəsiz şəxslərin oturduğunu vurğulayır. Burada “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarır” misalı çox yerinə düşür. Bu haqda bir az sonra.
Yəqin ki, cənab İlham Əliyevin çıxışında adları hallandırılan vəzifə sahibləri də, bu haqda öz mövqelərini bildirəcəklər !? Həmin çıxışda cənab İlham Əliyev – “Müdafiə Nazirinin Şuşa və Laçının ermənilərə verilməsində bilavasitə əli və günahı var”- deyir… Həmin dövrün Müdafiə Naziri olaraq, mən ölkə başçısının və Ali Baş Komandanın, bir cümlə ilə mənə verdiyi çox ağır ittihamı qulaq ardına vurub, etinasız qala bilmərəm. Təbii ki, barəmdəki bu ədalətsiz və qərəzli ifadəyə cavab verməyi özümə borc bilirəm.
Cənab Prezident-Ali Baş Komandan!
Siz ədalətli, tərəfsiz və qərəzsiz ola bilmirsiniz. Çox təəssüf. Bununla yanaşı, ünvanınıza göndərilən vətəndaş məktubları, bir qayda olaraq,
cavabsız qalır!? Üç il öncə Dağlıq Qarabağdan Sizə məktib göndərmiş 13 yaşlı “doroqaya Adelina”ya verdiyiniz cavab istisna olmaqla.
Təəssüf hissi ilə bildirməliyəm ki, istər atanız mərhum Heydər Əliyev, istərsə də siz dövlət başçısı olaraq müşavirələrdə, görüşlərdə dedikləriniz yoxlanılmamış, qərəzli ağır ittihamlar şərəfsiz, yaltaq, elmsiz alimlər, tarixçilər tərəfindən rəhbərliyə xoş gəlmək və yallanmaq xatirinə kitablara salınır, saxta tarixə çevrilir. Tariximizi xəcalət çəkmədən saxtalaşdıran bu üzdən iraq alimlərin tərtib etdiyi orta məktəbin 11-ci sinifləri üçün yazılmış tarix kitabında ünvanıma heç bir fakta, sübuta söykənməyən böhtanın yazılması ilə əlaqədar 02.09.2015-ci il tarixində 24 səhifəlik açıq məktub + 40 səhifə qoşma ilə birlikdə ünvanınıza göndərmişəm. “Azadlıq” qəzetinin (8-9-10-11-12) sentyabr tarixli saylarında həm də Şuşa-Laçın rayonlarının işğalı ilə əlaqədar kifayət qədər sənədlər, təkzib olunmaz sübutlar və faktlar var. Həmin forumda çıxışınız zamanı “MN-nin Şuşa və Laçının ermənilərə verilməsində bilavasitə əli, günahı var” ifadəsini yenidən gündəmə gətirməyiniz məni bir daha bu barədə yazmağa vadar etdi.
Birincisi artıq məndə tam əminlik yarandı ki, siz ünvanınıza göndərilən vətəndaş məktublarını ümumiyyətlə oxumursunuz!
İkinci, siz işlətdiyiniz “…bilavasitə əli və günahı var” ifadəsi məni bilavasitə vətənə xəyanətdə ittiham etməkdir. Burada da iki hal var. Ya siz Azərbaycan dilini mükəmməl bilmədiyinizdən buraxdığınız növbəti xətadır, ya da ki, əlinizdə mənim vətənə xəyanət etməyim barədə təkzib olunmaz faktlar var. Əgər bu dilimizi mükəmməl bilməməyinizin xətasıdırsa, onda buyurun təkzib verin. Ən azı ona görə ki, mənə “vətənə xəyanət” maddəsi verilməyib ! Əgər ikinci haldırsa, yəni sizdə mənim “vətənə xəyanət etdiyim” barədə təkzib olunmaz dəlil-sübut var idisə, nə üçün, sizə tərəfimdən əfv barədə heç bir müraciət olmadan, məni sifarişlə, qərəzli məhkum olunduğum (ölüm-ömürlük-15 illik) həbs cəzasının qalan hissəsindən 20 mart 2005-ci il tarixli sərəncamınızla azad etdiniz!?
Cənab İlham Əliyev!
Nə üçün mənə verilən yuxarıda qeyd etdiyim absurd cəzanı, sifarişlə verilən, qərəzli, qeyri-hüquqi, qeyri-qanuni adlandırıram. Məhz siz də, mən də çox yaxşı anlayırıq ki, atanız, həmin dövürdə ikinci dəfə hakimiyyət kürsüsünə yiyələnmiş mərhum Heydər Əliyev ölkədə üzdə olan, tanınan insanların kimliyini, təmiz, cinayətkar və ya hansı yolun yolçusu olduğunu çox yaxşı bilirdi. Təsəvvür edin: ərazisində elan olunmamış müharibənin getdiyi bir ölkədə Heydər Əliyev təmiz, bacarıqlı, vətənpərvərliyinə əmin olmadığı bir vətəndaşı ən məsuliyyətli vəzifələrdən birinə-Baş nazirin “Hərbi sənaye kompleksi” üzrə müavini vəzifəsinə təsdiq etmək üçün 29 iyul 1993-cü il tarixli MM-in birbaşa canlı yayımla efirə gedən iclasında təsdiq etmək üçün səsə qoyardımı?! Xatırladıram ki, həmin gün Şuşanın işğalından 14 ay 21 gün keçirdi. Doğurdanmı Azərbaycanda gedən siyasi prosseslərə incəliklərinə kimi bələd olan, onu istədiyi zaman istədiyi kimi tənzimləməyi zərgər dəqiqliyi ilə bacaran Heydər Əliyev bilmirdi ki, Şuşa, Laçın nəyin qurbanı olub? Onun mənə verdiyi vəzifəyə getməkdən imtina etdikdən sonra keçən 17-18 gündə nə baş verdi, nə etdim ki, Heydər Əliyevin amansız, qərəzli qəzəbinə tuş gəldim, oğruya, quldura, caniyə, xainə çevrildim?
Cənab İlham Əliyev!
Siz dövlət başçısısınız! Bu ölkədə sizin sevmədiyiniz, mövcud rejimə əl verməyən, sizə və iqdidarınıza müxalifətdə olan çox sayda müxtəlif xarakterli vətəndaşlar var, onlardan da biri mənəm. Yuxarıda qeyd etdiyim sizə ünvanladığım açıq məktubda Şuşanın işğalı barədə kifayət qədər təkzib olunmaz dəlillər, sübutlar, xəyanətlər-xəyanətkarlar, cinayətlər-cinayətkarlar var. Doğurdan da Prezident-Ali Baş Komandan olaraq Şuşanın-Laçının və digər altı rayonun ermənilərə verilməsinin əsl səbəblərini sidqi-qəlbdən istəsəniz (?) onu qısa müddətdə sübuta yetirə bilərsiniz. Bunun üçün ilk növbədə yuxarıdan təzyiq və sifariş olmadan ədalətli məhkəmə qurulmalıdır.
Cənab İlham Əliyev!
Bir neçə kəlmə də AXC-Müsavat-ın bir illik iqtidarı dövründə ələ salıb məsqərəyə qoyduğunuz az savadlı, aşağı səviyyəli, nəinki ingilis, hətta rus dilini zəif bilən rəhbərlərinin həmin müddətdə Azərbaycan Respublikası üçün gördüyü, danılması qeyri-mümkün olan mühüm işlər barədə. Baxmayaraq ki, özüm daxil Elçibəy iqtidarını ən çox kəskin tənqid edənlərdən biri də mənəm.
Cənab İlham Əliyev!
Unutmayın ki, siz hökmdarsınız. 23 ildir sizin iqtidar hakimi-mütləqdir, özünüzsə son 13 il müddətində (müsbət və ya mənfi) baş verənlərin hamısına cavabdehsiniz.
1. AXC-Müsavat iqtidarı hakimiyyətə gəldiyi zaman SSRİ deyilən, planetin quru hissəsinin altıdan birinə sahib olan rejim əhalisini son 15 ildə adi ərzaqla təmin edə bilmirdi, talonla yaşayırdı. O dövrdə Azərbaycan isə qonşuları Gürcüstan və Ermənistandan qat-qat dövlətli olmasına baxmayaraq onlardan xeyli pis yaşayırdı!
2. Azərbaycan həmin dağılmaqda olan SSRİ-nin tərkib hissəsi idi. Müstəqil qərar qəbul etmək imkanı, milli pulu, ordusu yox idi.
3. Ölkəmiz müstəqil olmazdan dörd il öncə ermənilər və onların arxasında dayanan məlum qüdrətli dövlətlərin güclü dəstəyi ilə elan olunmamış işğalçı müharibəyə cəlb edilmişdi.
4. Acı da olsa xatırlatmalıyam ki, 1988-1992-ci il mart ayına kimi Azərbaycan atanız Heydər Əliyevin zamanında irəli sürülüb partiya-sovet orqanlarında yüksək vəzifələrə təyin etdikləri qorxaq, vəzifə zəlili olan şəxslər tərəfindən idarə olunurdu! Bu siyahını uzada bilərəm, lakin lüzum görmürəm.
İndi də bəyənməyib ələ saldığınız şəxslər tərəfindən bir il hakimiyyətdə olan iqtidarın gördüyü işlərdən bəzilərini nəzərinizə çatdırmağı zəruri hesab edirəm!
1. Ölkəmizi 164 il təpiyi altında əzən, Azərbaycan Cumhuriyyətini işğal etmiş, atanız Heydər Əliyevin, şərəfinə abidə yapdırdığı işğalçı rus-sovet ordusunun əmlakını milliləşdirməklə ərazilərimizdən çıxartdı !
2. Hələ bir yaşı tamam olmamış milli ordumuzun qeyrətli, cəsur əsgərləri ilə DQ-ın ümumi ərazisinin 52%-ni düşmənlərdən təmizlədi. Ordumuzun təməli qoyuldu.
3. Milli valyutamız dövriyyəyə buraxıldı.
4. Heç bir xarici dil bilmədiyini, fizika institutunda kiçik elmi işçi olduğuna rişxənd edərək hallandırdığınız Xarici İşlər Naziri, hörmətli Tofiq Qasımov çox çətin, maliyyə tərəfdən son dərəcə zəif olan dövrdə, qısa zaman kəsiyində işğal edilmiş ərazilərimizin qeydi-şərtsiz azad olunması barədə BMT-nin təhlükəsizlik şurasının, şübhəsiz ki, sizə də məlum olan dörd qətnaməsinin çıxarılmasına nail oldu.
Cənab Prezident, yeri gəlmişkən AXC-Müsavat hakimiyyəti dövründə savadsız adlandırdığınız məmurların hamısı atanız Heydər Əliyevin çox məsuliyyətli vəzifələrə təyin etdiyi, XXl-ə “ikis ikis bir”, “Lissabona ölkə, sammitə də onun mərkəzi” deyən məmurlara aylarla hesabdan, tarixdən, coğrafiyadan və digər elmlərdən dərs deyib onlara kifayət qədər elm öyrədə bilərdilər.
Mən bu siyahını da xeyli uzada bilərəm. Lakin hesab edirəm ki, bu qədər kifayətdir. Ancaq nə qədər təəccüblü olsa da atanız Heydər Əliyevin hakimiyyətə gəlişindən üç ay müddətində Ağdamın, Qubadlının, Füzulinin, Cəbrayılın, Zəngilanın işğalı barədə nədənsə forumdakı gənclərə məlumat verməyi “unutdunuz”. Xatırladıram ki, tənqid etdiyiniz bir illik iqtidarın hakimiyyətinin ilk aylarında hələ ərazimizi tərk etməmiş, bütün hərbi gücə malik olan rus ordusunun ardıcıl təxribatlarının da qarşısı uğurla alınırdı.
İndi isə fərz edirəm ki, sizin həmin forumda Elçibəy iqtidarı barədə söylədikləriniz ədalətli, həqiqətə uyğun imiş və heç bir qərəziniz də yox imiş. Cənab İlham Əliyev, sizə getdiyiniz müqəddəs kəbəyə and verirəm, bir yaşlı uşağın imkanlarını 23 yaşlı bığıburma cavanın imkanları ilə müqaisə etmək nə dərəcədə ədalətlidir? Ümumiyyətlə belə bir müqayisəni siz özünüz necə qiymətləndirirsiniz?
Cənab Prezident!
Nədənsə həmin gənclərə ölkənin indiki durumu barədə müfəssəl məlumat vermədiniz.
Xatırlamaq çox yerinə düşərdi.
Bir il öncə 10.01.2015-ci il tarixində növbəti müşavirələrin birində Azərbaycan manatını heç bir təhlükə gözləmədiyini qeyd edərək hətta xarici biznesmenləri də öz pullarını manatla banklara qoymağa dəvət etdiniz. Bəs necə oldu ki, manat bu günə düşdü? Bu biabırçı “iqdisadi inkişafın”, “uğurlu maliyyə siyasətinin” bu günki vəziyyəti barədə niyə gənclərə heç nə demədiniz?
MTN-də, Rabitə nazirliyində baş verənlər barədə gənclərə izahat vermək də “unuduldu”
Oliqarx nazirlərin və məmurların aldıqları məvaciblə yaşadıqları çoxmilyonluq villaların necə peyda olduğu barədə gizlədilməsi qeyri-mümkün olan faktların üstündən də çox sükutla keçdiniz.
Cənab İlham Əliyev!
Bu gün ölkədəki acınacaqlı iqdisadi-siyasi, ictimai-sosial duruma bilavasitə cavabdeh olan prezidentin 23 il əvvəl bir il hakimiyyətdə olan şəxslərin ünvanına ağır ittihamlar səsləndirməsi ağlı başındda olan hər bir vicdanlı vətənddaşımızda ikrah hissi doğurmaya bilməz. Mən uzunçuluq edib sizin qızıldan qiymətli vaxtınızı almaq istəmirəm. Amma sizin qızğın tərəfdarınız olan, sizi doğma qardaşı adlandıran, həm də dəfələrlə prezident seçkilərində namizəd olmuş Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin 20.01.2016 tarixdə sosial şəbəkələrdə yayılmış 27 dəqiqəlik video-müraciətinə diqqətlə baxmağı məsləhət görürəm.
Cənab İlham Əliyev!
Sizin 13 il dövlət başçısı olduğunuz müddətdə vaxtaşırı keçirdiyiniz müşavirələrdə, keçirdiyiniz çoxsaylı görüşlərdə söylədiyiniz “ölkəmizdəki analoqu olmayan inkişaf” haqqındakı fikirlərlə, vətəndaşlarımızın böyük əksəriyyətinin acınacaqlı real həyat tərzini müqayisə etdikdə adamı xəcalət təri basır. Bu qeyd etdiklərimə və qeyd etmədiyim yüzlərlə tükürpədən faktlara, eyforiyadan ayrılaraq qayğıkeş dövlət başçısı kimi baxsanız respublikamızdakı real vəziyyət bəlkə sizə də bəlli olar.