«Prezident və xanımına məktub yazacağıq, qoy bilsinlər ki, məmurlar sözünü deməyə gələn adamlarla necə davranırlar»
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla görüşmək üçün bu quruma gedən 13 nəfər vətəndaş əvəzində polis zorakılığına məruz qalıb. Problemlərinin həllinə kömək istəmək məqsədilə Prezident Administrasiyasına üz tutanlar orada tutularaq, polis bölməsinə aparılıb. Bu barədə “Azadlıq”a həmin şikayətçilərdən biri olan 67 yaşlı Aliyə Təmrazova məlumat verib.
Şəxsən özünün 2010-cu ildən bəri Fuad Ələsgərovla görüşməyə çalışdığını deyən Aliyə Təmrazovanın sözlərinə görə, şikayətçilər arasında elələri var ki, 10 ildir problemlərinin həlli üçün dövlət orqanlarının qapısını döyür: “Vətəndaşı qəbul edib, onun problemini dinləmək bu qədərmi çətindir?!”
Aliyə Təmrazova da daxil olmaqla, şikayətçilər dünən səhər saatlarında əvvəlcə Baş Prokurorluğun qarşısına toplaşıblar. Onlar yanvarın 18-də Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşmüşdülər. Həmin görüşün nəticəsi, problemlərinin həlli istiqamətində hansı addımların atılması barədə məlumat almaq üçün yenidən prokurorluğa geiblər. Bu dəfə onlar baş prokuror Zakir Qaralovla görüşmək istəyiblər. Lakin onlara bildirilib ki, baş prokuror vətəndaşları qəbul etmək üçün Xızıya gedib.
“Bundan sonra biz Prezident Aparatına getdik. Orada Fuad Ələsgərovun bizi qəbul etməsini xahiş etdik. Dedilər ki, gizləyin. Saat yarımdan çox gözlədik. Sonra gəlib dedilər ki, gedin, nahardan sonra gələrsiz. Biz də inandıq. Nahardan sonra qayıdıb gəldik. Elə Prezident Aparatının qarşısına çatmışdıq ki, polislər üstümüzə hücum etdi. Bizi zorla maşınlara mindirib 9-cu polis bölməsinə apardılar. Zakir adlı bir polis lap canfəşanlıq edirdi. Baxmırdılar ki, qadındı, qocadı…”, – deyə Aliyə Təmrazova bildirib.
Şikayətçinin sözlərinə görə, onları bölmədə təxminən bir saat saxlayıblar: “Orada da dedik ki, bizi niyə gətirmisiz bura, nə cinayət törətmişik? Haqqımızı tələb edirik, hüquqlarımızın pozulmasına, qanunsuzluqlara son qoyulmasını istəyirik. Bu ki cinayət deyil…”
Aliyə Təmrazova əlavə edib ki, baş verənlər barədə dövlət başçısı Ilham Əliyevə və xanımına məktub yazacaqlar: “Qoy bilsinlər ki, məmurlar sözünü deməyə gələn adamlarla necə davranırlar”.
Aytən