Rəsulzadəni yaşadan, özünə əbədi lider, öndər bilən təbliğat maşını yox, xalqdı!
Nəcibə Bağırzadə
Məhəmməd Əmin Rəsulzadəni o, özü Azərbaycanı sevdiyi kimi – ayrılığa, sürgünlərə, ölümə üsyan kimi sevdim. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən bu Adamı bayrağın özü kimi sevdim. Özü boyda bir Azərbaycan kimi… Tanrısal qayalar kimi məğrur, gizli çəkdiyi həsrəti yalnız ölüm anında dodaqlarında donub qalan “Azərbaycan” nidasından bəlli olan ən gerçək aşiq kimi…
Onu heç vaxt, heç kəslə müqayisə etmədim. Onun qədər yaralı, onun qədər güclü, sevdası da, davası da Azərbaycan olan ikinci bir adam tanımadım çünki… Mən onun heykəlini “Rəsulzadənin heykəli yoxdu” deyən min-min insanların könlündə ucalan gördüm. Indi yaşı 130-u keçsə də mənimçün o, həmişə 34 yaşlı müdrikdi… 71 yaşında da sevgisi, iztirabları, mübarizəsi, dəyanəti, dönməzliyilə zamana meydan oxuyan Azərbaycan sevdalısı…
Ona Cümhuriyyət qurucularından heç birinə qarşı olmadığı qədər qısqanclıqla yanaşıblar həmişə. Birinciliyi Rəsulzadəyə bağışlaya bilmirlər. Onun adını Cümhuriyyət qurucularından biri kimi, onların sırasında çəkirlər, amma Cümhuriyyətin “banisi”, “qurucusu” deməyə dilləri gəlmir. Rəsulzadəyə olan soyuq münasibətin mahiyyətində dayanan məhz bu faktdı! Rəsulzadənin birinci olmağı!
Əvvəla, onu deyim ki, tarixi şəxsiyyətləri üz-üzə qoymağı, müqayisə etməyi heç vaxt doğru saymamışam. Üstəlik də Rəsulzadə tarixin, zamanın təsdiqlədiyi şəxsiyyətdi. Adının belə çəkilməsinin yasaq olduğu illərdə ürəklərdə, yaddaşlarda yaşaması bunu sübut edir. Bir şeyi də unutmayaq ki, nə dünən, nə bu gün onun hakimiyyətdə, vəzifə başında heç kəsi olmayıb. Rəsulzadəni yaşadan, özünə əbədi lider, öndər bilən təbliğat maşını yox, xalqdı! Ölümündən 61 il keçdiyi bir vaxtda da belədi, sağlığında da belə olub. “Stalinlə ixtilal xatirələri”ni oxuyanlar bilir.
…28 Aprel işğalından sonra ÇK-nın həbsxanasında ona evdən göndərilən yemək “Kommunist” qəzetinə bükülü olur. Qəzetdə onun diqqətini çəkən məqam nə olur, yadınızdamı: “Azərbaycan Sovet hökumətinin sədri doktor Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: ”Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.
Nərimanov niyə təkcə M.Ə.Rəsulzadəni deyir, başqalarının adını çəkmir? Çünki o, birinci idi, öndər idi, xalq onu bu cür sevir, bu cür qəbul eldirdi, xalq daha çox öz birincisindən, xilaskarından nigaran idi. Sovet hökuməti də bunu yaxşı anladığından xalqı sakitləşdirmək üçün belə bir məlumat yaymışdı. Xalq o vaxt da, indi də heç kəsi onun qədər sevmir, heç kəsi ona bərabər tutmur! Və elə bu üzdən onu necəsə xalqın gözündən salmağa, ürəklərə şübhə toxumu səpməyə çalışırlar. Bəzən buna inananlar da olur. Axı hamı Rəsulzadənin bütün həyatı, yaradıcılığı ilə yaxından tanış deyil… Ona görə də həmişə “Rəsulzadəni oxuyun” deyirəm. Onu oxuyan, yaxından tanıyan adam sevəcək. Çünki qısqanclıqdan doğulan fikirlərin yalan olduğunu anlayacaq. Mən özüm də onu oxuduqca daha çox sevdim! Indi bu sevgini yalanlardan, böhtanlardan qorumağı özümə borc bilirəm. Və üzümü tuturam “Rəsulzadə qızılları götürüb qaçdı” deyənlərə. Sizə ən yaxşı və ən doğru cavabı Rəsulzadənin özü verir… Ağrılı xatirələriylə: “Moskvaya payızda getmişdik. Hələ mənim ayaqlarım, demək olar, yalın idi. Yayda Azərbaycan dağlarında daşıdığım ”çust” deyilən incə bir ayaqqabı daşıyırdım… Yarıac, yarıçılpaq bir vəziyyətdə hər şeyi unutmuş, kitablara dalmışdım. Yay çustu ilə günü-gündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın, yun corabı geyməklə qarşıladım. Fəqət hər gün tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq lazım idi. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi nəşr edildi. Üstümüzdəki qızıl istənilən məbləğin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim: – Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!..”
Əzizlərim, bəs siz deyən, oğurlayıb apardığı qızıllar hardaydı? Niyə Moskvanın şaxtasında yarıac, yarıçılpaq dolaşırkən sizin dediyiniz o qızılları satıb özünə yemək, ayaqqabı almırdı? Siz deyən qədər qızılı yığıb aparan adam bir ayaqqabı aldığı üçün uşaq kimi sevinərdimi?!
O ki qaldı onun xərclədiyi o beş-üç qızıla, onun açıqlamasını sizə uzun illər Rəsulzadə və doğmalarının həyatı ilə bağlı araşdırmalar apardığımçün az-çox məlumatlı adam kimi mən verim. M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ələkbər “Hacı Pirverdi” məscidinin axundu olub (bu barədə rəsmi sənədlər var). Məhəmməd Əminin əmisi – Molla Əbdül Əzizin nəvəsi, xalq rəssamı Oqtay Sadıqzadənin dediyinə görə (mən ondan Rəsulzadə ailəsi haqqında dəfələrlə müsahibə almışam), bütün Abşeronda məşhur din xadimi imiş, hamı onu hörmət əlaməti olaraq Hacı Mollağa çağırırmış. Təbii ki, bu hörmətli axundun maddi imkanları da kifayət qədər imiş. Istənilən halda Novxanıda evi, bağı və Bakıda mülkü, cəmiyyətdə nüfuzu olan bir insanın imkansız olduğunu düşünmək sadəlövhlük olardı. Və əlbəttə ki, oğlunu qürbətə yola salan ata son məqamda oğluna imkanı qədər pul, para da verib. Demək ki, Moskvada bir müddət xərclədiyi, sonuncusuna iki cüt ayaqqabı aldığı qızıllar atasının verdiyi pullar olub, sizin dediyiniz, Azərbaycandan oğurlayıb apardığı pullar yox…
“Rəsulzadə ailəsini atıb getdi”… Hə, getdi! Ona görə getdi ki, Moskvada qalıb işləmək onun içindəki Müstəqil Azərbaycan davasına son qoymaq demək idi. Ona görə ki, Moskvada qalıb işləmək, bəlkə, bir az sonra övladlarını da başına yığıb şəxsi həyatını yaşamaq Müstəqil Azərbaycan sevdasına xəyanət etmək demək idi. O, bunu bacarmadı!
Getdi ki, özünün və doğmalarının ayrılıq, sürgün iztirablarına rəğmən Azərbaycanı yaşatsın. O boyda imperiya ilə az qala təkbaşına mübarizə aparsın və bu gün siz, onun dəyərini bilməyən nankor övladlar müstəqil bir dövlətdə yaşayasız… Özü xatirələrində yazırdı: “Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan uşaq ağlayır…”
O uşağın göz yaşları ömrünün sonuna kimi qurumadı. Doğrudu, Azər bəy heç vaxt, heç kəsin yanında ağlamağı qüruruna sığışdırmadı, ata həsrətini dilinə gətirmədi, amma bir dəfə yaşadığı bütün iztirabları bacısı qızı Firuzəyə yazdığı məktubda etiraf elədi: “Sözümü ixtiyarsız məktubun üzərinə damcılayan göz yaşımla bitirirəm. Məktub çatana kimi onlar quruyacaq. Bəs, illər uzunu yaddaşımızda göllənib qalmış yaşlar necə?”
O göz yaşları hakimiyyət savaşı deyil, Azərbaycan davasını aparan Məhəmməd Əmin bəyin də ürəyində “göllənib qaldı”… Və bu məqamda onun ölüm ayağında üç dəfə “Azərbaycan” söyləməsinə şübhəylə yanaşanlara da cavab əvəzinə bir sual ünvanlayıram: əgər, ömrünün son anlarında onun yanında olan dostu Kəngərlinin dediklərinə inanmırsızsa, onda özünüz düşünün, 18 yaşından Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlayan, bütün doğmalarıyla birgə bu yolda sözəgəlməz qurbanlar verən, ömrünün son günlərinə kimi Azərbaycan davası aparan, nə özünün, nə doğmalarının Azərbaycan həsrəti bitməyən bir insanın son sözü nə ola bilərdi?
Indi əgər zərrə qədər vicdanınız varsa, bu suala özünüz – əlinizi ürəyinizin üstünə qoyub himn oxunduğu məqamlarda olduğunuz qədər səmimi cavab verin…
Məhəmməd Əmin Rəsulzadənin ruhuna dərin ehtiramla.
***
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu münasibətlə jurnalist Nəcibə Bağırzadə öz “facebook” səhifəsində maraqlı təşəbbüs irəli sürüb. O, sosial şəbəkələrdə hər ilin yanvarını “Rəsulzadə ayı” elan edərək bu ay ərzində M.Ə.Rəsulzadənin xatirəsini anmaq təklifini verib. Yəni ay ərzində Rəsulzadə və silahdaşları, Cümhuriyyət idealları, Azərbaycanın müstəqilliyi ilə bağlı fikirləri, foto və digər materialları paylaşmaq düşünülür. Bir sözlə, hər bir Rəsulzadəsevər öz sevgisini istədiyi şəkildə ifadə edə bilər, öz töhfəsini verə bilər.
N.Bağırzadənin təşəbbüsü bəyənilib, dəstək qazanıb. Lakin “Rəsulzadə ayı”na ən böyük töhfə, deyəsən, elə onun özündən gəlib. O, M.Ə.Rəsulzadəyə həsr etdiyi şeirini ilk dəfə həmfikirləri ilə paylaşıb. Şeir müəllifin “facebook” səhifəsində audiovizual versiyada da yerləşdirilib və onu müəllifin özü səsləndirib. Həmyerlimiz şair-tərcüməçi Giya Paçxataşvili isə şeiri ruscaya çevirib.
“Bayraq adam” adlı həmin şeiri “Azadlıq”ın oxucularına təqdim edir və onu da xatırladaraq bildiririk ki, N.Bağırzadə M.Ə.Rəsulzadə haqqında bir neçə kitabın müəllifidir.
Bayraq adam
(Rəsulzadənin məzarı başında düşüncələr)
Adı Məhəmməd Əmin,
Xilaskartək doğulan.
Sən bir daha enməyən
Bayrağımı ucaldan.
Vətəndə dövlət qurub
Özü qürbətdə qalan.
Dinclik tapa bildinmi,
Yüz ildi yollardasan…
Qürbət eldə öpdüyüm
Məzarı Kəbəm olan.
Uyuduğun yerdə də
Azərbaycan boydasan!
Intizarı bitməyən,
Son sözü “Azərbaycan”
Mən hələ gözü yaşlı,
Sən illər yorğunusan.
Gücüm çatmır sarılıb
Səni burdan aparam.
Nə çox çəkdi bu həsrət,
Bağışla, Bayraq adam!..
Ankara, sentyabr-2015