Dövlət orqanlarında işlə təminat yalanı kimə lazımdır?

ixtisar

Ölkənin iqtisadi həyatında baş verən olayların fonunda əhali  onu narahat edən çoxsaylı sualına cavab tapmaqda aciz qalıb. Sosial spektrdə baş verənlər birbaşa insanların gündəlik həyatıyla, ölüm-qalım vəziyyətilə bağlı olduğundan, bu istiqamətdə baş verənlər cəmiyyətin daha çox diqqətindədir. Son dönəmdə iş yerlərinin itirilməsi və ciddi ixtisarlar həmin narahatlıq və narazılığı daha da kəskinləşdirib.

Dövlət başçısı Ilham Əliyev də yanvarın 26-da müşavirədə sosial gərginliyə səbəb ola biləcək ixtisarlar və yeni iş yerlərindən danışmışdı. Etiraf etmişdi ki, bəzi iş yerləri bağlanır, ona görə yeni iş yerlərinin yaradılmasına ehtiyac var: “Işlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidir. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.

Lakin reallıq başqadır. Minlərlə adam iş yerini itirməkdə davam edir, yeni iş yerləri isə yaradılmır. Iqtisadi böhran ilk növbədə özəl sektora ciddi təsir edib və şirkətlər də ixtisarlarla vəziyyətdən çıxmağa çalışırlar. Təkcə son bir ayda “Azəriqaz”, “Azərişıq” kimi iri dövlət qurumlarında, bank sektorunda minlərlə insan iş yerini itirib.

Istisna olunmur ki, Ilham Əliyevin vətəndaşlara dövlət müəssisələrində işlə təmin olunma çağırışı ona verilən yanlış məlumatın nəticəsidir. Əgər dövlət qurumlarının əksəriyyəti ixtisarlara gedirsə, onlar yeni işçiləri necə cəlb edə bilər? Inzibati yollarla bunun qarşısını almaq isə çox çətindir. Təəssüfedici fakt isə reallığın olduğu kimi, dövlət səviyyəsində səsləndirilməməsidir.

Dövlət sektorunda iş yerlərinin olması barədə yanlış məlumatlarla reallığı gizlətmək cəhdləri isə faydasızdır. Çünki əhali reallığın – işsizliyin acı nəticəsini hər gün öz həyatında hiss edir.

Nigar