Azərbaycanın pisləşən imici sanksiyaları daha yaxın edir

gultekin-hacibeyli1«Freedom House», «Human Rights Watch», «Transparency International»ın sərt hesabatları ABŞ-ın sanksiyalarını qaçılmazlığa çevirir

Gültəkin Hacıbəyli: «Yeni sərt beynəlxalq hesabatların ortaya çıxması, ABŞ-da sanksiyaların təşəbbüskarlarına əlavə arqument verəcək»

Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasəti dayandırmaması, düşdüyü maliyyə böhranından çıxmaq üçün zəruri qərarları qəbul etməməsi, beynəlxalq təşkilatların gözündən yayınmır. Bunu son bir neçə gündə nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı verdiyi hesabatlar da bunu təsdiqləyir.

Məsələn, “Freedom House” təşkilatının 2016-cı il üçün hesabatı “Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” (Anxious Dictators, Wavering Democracies: Global Freedom under Pressure) adlanır.

Hesabatda deyilir ki, ötən 2015-ci il dünyada bir-birini çulğalayan bir neçə böhran yaşayıb və nəticədə demokratik ölkələrdə ksenofobiya yaranıb, təbii ehtiyatlara söykənən ölkələrdə iqtisadiyyatlara ağır zərbə dəyib və bu da avtoritar rejimlərin fərqli düşüncə üzərinə hücumlarını şiddətləndirib. Bütün bunların nəticəsi olaraq artıq dalbadal 10-cu ildir ki, qlobal azadlıq tənəzzüldədir. O da qeyd olunur ki, Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina etməsi və Birləşmiş Ştatlarda neft hasilatının artması Anqoladan Azərbaycanadək repressiv petrodövlətlərdə ümumun rifahı üçün təhlükə yaradıb.

“Insan hüquqları bərbad vəziyyətdədir”

“Human Rights Watch” təşkilatının insan haqları ilə bağlı illik hesabatında Azərbaycanla bağlı hissə də kifayət qədər sərtdir. Hesabatda deyilir ki, hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası onları pərən-pərən salıb. Aparıcı hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlər siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. Insan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.

Hesabatda bildirilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları hökumət tənqidçilərinin mühakimə olunmasından,ÿtüğyan edən geniş repressiya mühitindən narahatlıqlarını ifadə etsələr də, irəliləyişin olması üçün, belə görünür, onlar konkret tədbirlər görməlidirlər. Azərbaycan iyun ayında 1-ci Avropa Oyunlarına ev sahibliyi edib. Lakin Olimpiya Xartiyasının media azadlığı və insan ləyaqəti üzrə təminatlarına hörmət etməyib.

Eyni zamanda Transparency International təşkilatının ənənəvi illik “Korrupsiyanı Qavrama Indeksi 2015″ (Corruption Perceptions Index 2015) hesabatı da ölkəmiz üçün ürəkaçan deyil. Bu reytinqdə dünya ölkələrində qavranılan korrupsiyanın dərəcəsi 0 balla 100 bal arasında qiymətləndirilib. 0 bal ən korrupsiyalı, 100 bal isə ”ən təmiz” ölkənin göstəricisidir.

“Korrupsiya çiçəklənir”

Ötən ilin reytinq cədvəlinə 168 ölkə daxil edilib. Ümumilikdə, 168 ölkənin üçdə ikisində korrupsiyanın göstəricisi 50-dən aşağı olub.

Bu hesabatda Azərbaycanın adı xüsusi olaraq çəkilir. Azərbaycan sənədin Avropa və Mərkəzi Asiya bölümündə “yaxşı” və “pis” fəsillərindən “ən pis”ə düşüb.

Azərbaycan 2014-cü ilin indeksində 126-cı yeri tutmuşdusa, 2015-in nəticələrinə görə 119-cu pillədə qərarlaşıb. Lakin nəzərə alınmalıdır ki, ötən ilin indeksinə 175 ölkə daxil edilmişdisə, builki reytinq cədvəlində 168 ölkə var.

Bəs Azərbaycanı nüfuzlu beynəlxalq təşkilatların bu cür sərt tənqidi ölkəmizlə bağlı gündəmdə olan sanksiyalar məsələsinə necə təsir edəcək? Azərbaycan hakimiyyəti ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq yürütdüyü siyasətə dəyişiklik etmir. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqini real edir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, adları çəkilən beynəlxalq təşkilatlar hər il dünya ölkələri üzrə hesabatlarını açıqlayırlar. Ötən illərdə də Azərbaycanın vəziyyətinin ürəkaçan olmadığını deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan bir neçə ildir ki, “Freedom House”nin hesabatlarına görə, qeyri-azad ölkələr sırasındadır. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan eyni zamanda dünyanın ən korrupsiyalaşmış rejimləri ilə bir sırada durur: “ABŞ Konqressi Azərbaycanla bağlı sanksiyalar haqqında qanun layihəsi ilə çıxış edibsə, bu, artıq bu günə qədər olan vəziyyətin təhlilinin nəticəsidir. Belə bir vaxtda yeni sərt hesabatların ortaya çıxması, Azərbaycanın durumunun daha da pisləşməsinin faktlarla ortaya qoyulması, sanksiyaların qəbul edilməsi üçün qanun layihəsinin təşəbbüskarlarına əlavə arqument verəcək. Bu baxımdan təbii ki, vəziyyət əsla ürəkaçan deyil. Bir sıra sahələr üzrə Azərbaycanda geriləmələr var. Fikir, söz azadlığı, mətbuata təzyiqlər, biznes mühitinin qeyri-şəffaflığı ölkənin ümumi imicini bədbin tonlarda təqdim edir. Bu da təbii ki, əlavə faktor olaraq sanksiyaların tətbiqinə təkan verəcək”.

Azərbaycanda siyasi məhbus probleminin həll olunmamasının da sanksiyaların tətbiqini gündəmdə saxladığını deyən G.Hacıbəyli bildirdi ki, bir ölkədə 100-dən artıq siyasi məhbusun olması istənilən beynəlxalq təşkilat üçün ölkədə insan haqlarının hansı vəziyyətdə olduğunu ifadə edir.

Xəyal