“NAZ-Lifan” çağırışı: qənaət, yoxsa qazanc?

nazlifanMəmurlara təklif edilən avtomobilin qiyməti heç də ucuz deyil

Ölkə başçısı Ilham Əliyev yanvarın 26-da keçirdiyi müşavirədə məmurları Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi “NAZ-Lifan” markalı avtomobillər sürməyə çağırıb. “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir”, – deyə ölkə başçısı bildirib.

Marja.az “NAZ-Lifan”ların qiyməti ilə maraqlanıb. Bəlli olub ki, NAZ hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.

Istehsal olunan modellər “NAZ-Lifan 720″,  ”NAZ-Lifan 820″ (Premium modellər), “NAZ-Lifan 620″, ”NAZ-Lifan 630″ (sedan modellər), “NAZ-Lifan X50″ və X60 (SUV), ”NAZ-Lifan 320″ və 330 (Mini) modelləridir.

“NAZ-Lifan 720″ modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.

Bəs məmurlara adıçəkilən zavodda istehsal edilən hansı modellər təklif edilə bilər? Bu gün söhbət əsas iki modeldən gedir – “Lifan 820″ və ”Lifan 720″. Dövlət məmurlarının bir çoxunun xidməti maşınının qiyməti 80-200 min avro arasında dəyişir. Öz istehsalımız olan “Lifan”ların qiyməti isə bundan daha aşağıdır. Qeyd edildiyi kimi, “Lifan 820″nin qiyməti 22 min, ”Lifan 720″i isə 14 min manat civarındadır. Birincinin sürət qutusu avtomat, “Lifan 720″də isə mexanikadır. Qeyd edilən modellər şəhər içi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

NAZ-ın direktoru Musa Abdullayev deyir ki, bu maşınlar rahatlıq baxımından hal-hazırda məmurların istifadə etdiyi modellərdən heç də fərqlənmir.

Musa Abdullayevin sözlərinə görə, bu gün zavodun kifayət qədər imkanı var ki, məmurları maşınlarla təmin etsin. Indiyədək 5 mindən çox maşın istehsal edilib. Lazım gələrsə, iki növbəli işləyib bu say 10 minə və ya əlavə işçi qüvvəsi götürüb 15 minə də çatdırıla bilər. Əsas odur ki, alıcı qüvvəsi çox olsun.

Yerli avtomobillərin alınmasının mühüm üstünlüyündən danışan direktor onların xarici analoqlarından xeyli ucuz olduğunu deyib. “Bu avtomobillərin hissələri digər ”inomarka”lardan fərqli olaraq daha ucuzdur. Düzdür, devalvasiyadan sonra qiymətlərdə fərq olacaq, çünki maşının 100 faiz hissəsi  Çindən gətirilir, Naxçıvanda yığılır. Amma bu yaxınlarda Çinə səfər etmək və qiymətlərdə razılığa gəlməklə bağlı bir fikrimiz də var. Biz də istəmirik ki, qiymətlər çox qalxsın, əksinə, alıcı qüvvəsi çoxaldıqdan sonra bəzi güzəştlər etmək niyyətindəyik”. Hazırda NAZ-ın ölkə ərazisində 3 yerdə servis mərkəzi var: Naxçıvan, Bakı və Gəncədə. Amma avtomobillərin satışının artması ilə əlaqədar, lazım gələrsə, mərkəzlərin Xaçmaz, Lənkəran və Şəkidə də açılacağı gözlənilir.

Ilham Əliyevin məmurları “NAZ-Lifan” sürməyə çağırması qənaət məqsədi daşıyır. Lakin göründüyü kimi bu avtomobillər Naxçıvanda istehsal olunsa da, o qədər də ucuz deyil. Digər tərəfdən məmurların xidməti avtomobillərinin istismar müddəti hələ başa çatmayıb. Bu halda hətta ucuz olsa belə, yeni maşınlar almağa nə ehtiyac var? Bunun harası qənaət oldu?

Qeyd edək ki, NAZ Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun nəzarətindədir. Bəzi iddialara görə, zavod hakim ailəyə məxsusdur. Bu iddialar doğrudursa, deməli, məmurlara edilən çağırışın kökündə qənaət yox, qazanc dayanır.