2014-cü ilin sentyabrında qətlə yetirilən karate üzrə qara kəmər sahibi Kamal Rüstəmovun atası baş prokuror Zakir Qaralova növbəti dəfə müraciət edib.
Əli Rüstəmov müraciətində yenə vurğulayır ki, oğlunun qətli ilə bağlı istintaq düzgün aparılmayıb və cinayət iştirakçılarının hamısı axtarılmayıb, qətli törədənin cəzasının yüngülləşdirilməsinə çalışılıb.
Xatırladaq ki, Kamal Rüstəmovu iş yerində keçmiş qaynı Ürfan Rzayev qətlə yetirib. Amma mərhumun atası və vəkilləri iddia edir ki, Ü.Rzayev K.Rüstəmovu aralarındakı fiziki hazırlıq fərqinə görə, təkbaşına öldürə bilməzdi, qətli başqaları ilə birlikdə törədib. Ə.Rüstəmov deyir ki, çoxsaylı müraciətlərinə, mətbuatda çıxışlarına, bir neçə dəfə baş prokurorun, idarə prokurorlarının qəbulunda olmasına baxmayaraq, cinayət işinin istintaqını aparan Göygöl rayon prokurorluğu bu iddianı qəbul etməyib, işi birtərəfli araşdırıb Gəncə Ağır Cinayətlər Məhkəmsinə göndərib. Məhkəmə istintaqı zamanı zərərçəkmişlərin qaldırdığı vəsatətlər təmin olunaraq qətl töprədilən yerdən və paltarlardan götürülmüş qan nümunələri Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilib, həmin qurumdan gələn cavabsa zərərçəkmişlərin haqlı olduğunu isbatlayaraq istintaqın nəticələrini alt-üst edib. Bəlli olub ki, hadisə yerində iki deyil, daha çox qan nümunələri olub. Bu isə hadisənin ən az üçüncü iştirakçısının da mövcudluğunu ortaya qoyub. Amma maraqlıdır ki, zərərçəkmişlərin israrlı xahişlərinə və vəsatətlərinə baxmayaraq məhkəmə işi başqa bir rayon prokurorluğöuna və ya baş prokurporluğa deyil, yenidən Göygöl rayon prokurorluğuna göndərib. Göygöl rayon prokurorluğu da ikinci dəfə istintaqı başa çatdıraraq işi yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib və bu dəfə də zərərçəkmişlərin nigarançılığına səbəb olan proseslər yaşanıb.
Əli Rüstəmov iddia edir ki, dövlət ittihamını müdafiə edən prokuror hər vəchlə Ürfan Rzayevi müdafiə edərək onun cinayətini yüngülləşdirmək üçün əlindən gələni əsirgəmir.
“İstintaq iddia edir ki, Kamal Rüstəmovun yarasının dərinliyi kiprit qutusu uzunluğunda olub və heç bir oyuq yoxdur. Əgər elədirsə niyə mənim köynəyim onun oyulmuş yarasına tamam yerləşdi? Axı niyə istintaq oğlumun qanını batırmaq üçün bu qədər haqsızlığa və ədalətsizliyə rəvac verir? Bunlar qanundan, prezidentin qəzəbindən çəkinmədiklərini ortaya qoyublar, bəs heç Allahdandamı qorxmurlar? Ürfan Rzayevin atası Tapdıq Rzayev pul gücünə oğlumun qanını batıracağınımı düşünür? Qoy düşünsün. Amma mən son nəfəsimədək ədalətin qələbə çalmasına və oğlumun qətlində günahkar olan hər kəsin mühakimə olunacağına çalışacam. Baş prokuror Zakir Qaralova növbəti dəfə müraciət edərək Göygöl Rayon prokurorluğunda cinayət işinin birtərəfli aparıldığını ifşa etmək üçün yoxlama göndərməyi xahiş edirəm. Ümid etmək istəyirəm ki, gec də olsa ədalət qələbə çalacaq və cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb olunmasıyla heç olmasa oğlumun ruhunun rahatlıq tapmasıyla təsəlli tapacam”, – deyə Ə.Rüstəmov müraciətində qeyd edir.