İsrail və Yunanıstandan Türkiyəyə IŞID ittihamı

turkiye«Ankara IŞID-dən neft almaqla terrorçuları maliyyələşdirir»

Israil və Yunanıstan Türkiyəni IŞID-lə neft ticarəti aparmaqda ittiham edib. Bu bəyanatla iki ölkənin müdafiə nazirləri Afinada keçirdikləri mətbuat konfransında çıxış ediblər.

Israilin müdafiə naziri Moşe Yalon açıq şəkildə bildirib ki, Ankara bu yolla IŞID-i maliyyələşdirir.

Nazir qeyd edib ki, Türkiyə IŞID-dən neft almağa son qoymalıdır: “IŞID satdığı neftin müqabilində türk pulu  alır və uzun müddətdən bəri bu valyutadan istifadə edir. Ümid edirəm ki, Ankara tezliklə buna son verəcək. Artıq Türkiyə hökumətinin terrora qarşı mübarizəyə qoşulub-qoşulmamaq barədə qərar vermək vaxtıdır”.

Yalon hesab edir ki, bu məsələdə hər şey Türkiyə və bu ölkənin rəhbərliyindən asılıdır. Nazir onu da bildirib ki, Ankara terrorçu-cihadçıların ölkə ərazisindən keçməsinə də barmaqarası yanaşır.

Israil mətbuatı Moşe Yalonun bu açıqlamasının uzun müddət  sonra normallaşan Ankara-Tel-Əviv münasibətlərinə problem yarada biləcəyini yazıb.

Yunanıstanın müdafiə naziri Panos Kamennov isə mətbuat konfransında bildirib ki, IŞID-in nəzarət etdiyi ərazilərdə hasil olunan neftin əsas hissəsinin alıcısı Türkiyədir: “IŞID-dən neft almaqla  Türkiyə terrorçuları maliyyələşdirmiş olur”.

Kammenos Ankaranı Avropaya miqrant axınının qarşısını almaq üçün ciddi səylər göstərməyə də çağırıb.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Baş Qərargahının rəis müavini Serqey Rudski bildirmişdi ki, Türkiyə IŞID-dən böyük həcmdə neft alır və əllərində bunu sübut edən faktlar var.

Bu ittihamlara cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, bunun sübut olunacağı təqdirdə istefaya getməyə hazırdır.

Rusiya prezidenti Vladimir Putin isə qeyd etmişdi ki, “Su-24” təyyarəsi Türkiyə tərəfindən məqsədli şəkildə vurulub. Türkiyənin məqsədi IŞID-in nəzarətindəki neft resurslarını rus qırıcılarından qorumaq olub.

Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə bir neçə gün əvvəl Istanbulda keçirdiyi görüş bu məsələni növbəti dəfə gündəmə gətirmişdi. Türkiyə prezidenti bildirmişdi ki, ölkəsi IŞID-lə  mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya ilk gündən hərtərəfli dəstək verir. Onun fikrincə, terrora qarşı mübarizədə ictimaiyyət sağlam şəkildə məlumatlandırılmalı və insanlara doğru mesaclar ötürülməlidir. O, müttəfiq ölkələrin yetkililərindən də bu məsələ ilə bağlı  həssaslıq gözlədiyini ifadə etmişdi. Ərdoğan qeyd etmişdi ki, Türkiyənin terrora qarşı mübarizədə qətiyyətini baltalamağa çalışan qüvvələr var. Və bu qüvvələrə xidmət edəcək ifadə və hərəkətlərdən uzaq durulmalıdır.

Gültəkin