AŞPA-dakı məğlubiyyətin səbəbi nə idi?

aspaHökumət öz məsuliyyətini özgəsinin üstünə atmağa çalışır

AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirə edilib. Hesabat səsvermədən sonra qəbul edilməyib. Hesabatın müzakirəsində çıxış edən erməni tərəfi və bir çox digər deputatlar sənədin yenidən baxılmaq üçün komitəyə qaytarılmasını istəyiblər. Onların əsas arqumentləri o olub ki, məruzəçi Robert Walter hesabatı hazırlayarkən Ermənistan və Dağlıq Qarabağa səfər etməyib və sənəd balanslı deyil, bir tərəfin mövqeyini əks etdirir. Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilməyib.

Əslində, bu hesabatın qəbul olunmamasında əsas məsuliyyəti Azərbyacan hökuməti daşıyır və xeyli əsaslı suallar ortaya çıxır.

Niyə, Azərbaycan hökumətinin dostları məlum hesabatım qəbul olunması üçün canfəşanlıq etməyiblər? Hanı Azərbaycan hökumətinin uğurlu təbliğatı? Necə olur ki, hakimiyyətin korrupsiyası, seçki saxtkarlığı, repressiyası müzakirəyə çıxarılanda AŞPA-nın bəzi deputatları hökuməti müdafiə etməyə başlayır, amma Qarabağ məsələsi gündəmə gələndə bu “dost”lar susmağa üstünlük verirlər?

Deməli, hökumətin AŞPA-dakı ənənəvi müdafiəçiləri Azərbyacanın dövlət maraqlarından deyil, hökumətin şəxsi maraqlarından çıxış edirmişlər. Deməli, müxtəlif hədiyyələrlə ələ alınmış adamlar dövlətin yox, hökumətin sığortalanması üçün lazım imiş. Əslində, bu adamların Qarabağla bağlı müzakirədə Azərbaycanı müdafiə etməməsi təbiidir. Çünki, bu hakimiyyət heç vaxt dövlət maraqlarından çıxış etməyib, heç vaxt dövlətin imici, vətəndaşın rifahı hakimiyyət üçün prioritet olmayıb. Rejimin AŞPA-dakı dostları da bunu bildikləri üçün dövlət əhəmiyyətli məsələlərdə “taym-aut” götürürlər. Bir daha aydın olur ki, Azərbaycan hökumətindən fərqli olaraq Ermənistan hakimiyyəti uzun illər beynəlxalq dairələrdə dövlətin maraqları baxımından təbliğat aparıb.

Bəli, belə bəlli olur ki, hökumətin “dost” kimi təqdim etdikləri, əslində dövlətin düşmənləri imiş. Eyni zamanda dövlətin düşmənləri hökumətin şəxsi dostu ola bilir. Başqa bir məqam bundan ibarətdir ki, hökumət şəxsinə qarşı tənqidlərə görə verdiyi reaksiyanı, Qarabağla bağlı məsələlərdə sərgiləmir.

Amma əsas səbəblər bununla da bitmir. Daha bir əsaslı sual ortaya çıxır. Beynəlxalq təşkilatlar Azərbyacanın mövqeyini niyə dəstəkləməlidir? Faktiki olaraq Avropa Parlamenti Azərbaycanın ərazi bütövlyünü tanıyıb və bununla bağlı iki qətnamə qəbul edib. Yaxud, Almaniya Bundestaqı Ermənistanı işğlaçı kimi tanıyıb və qətnamə qəbul edib.

Amma Azərbaycan hakimiyyəti uzun müddətdir ki, anti-Avropa təbliğatı aparır, Azərbyacanın maraqlarını müdəfiə edən qüvvələrə “müharibə” elan edib. Üstəlik, Qarabağın işğalına “yaşıl işıq” yandıran Rusiyanın hiayəsinə sığınıb.

Yəni, YAP hakimiyyəti uzun illərdi Qarabağ münaqişəsinin həllinə aparan bütün yolları dağıtmaqla məşğul olub, Avropa Parlamentini, ABŞ-ı, ATƏT-i, beynəlxalq hüquq müdafiə təşkilatlarını ən ağır ittihamlara məruz qoyub. Bəli, hakimiyyət demokratik islahatlar aparmamaq, avtoritarizmin ömrünü uzatmaq üçün, Qarabağı və digər dövlət əhəmiyyətli məsələləri qurban verib.

Amma görünən budur ki, hökumət məlum hesabatın qəbul edilmməsinin günahkarlarını kənarda axtarır. Daha dəqiq desək uğursuzluğu Türkiyə nümayəndə heyətinin üstünə atmaq istəyirlər. Belə ki, AKP-dən 2 və CHP-dən 2 deputat səsvermədə iştirak etməyib. Hökumətyanlılar hesab edir ki, bu deputatlar ssəvermədə iştirak etsəydi nəticə Azərbaycanın xeyrinə dəyişərdi. Yəni, belə görüntü yaradılır ki, Türkiyə nümayəndə heyəti Azərbyacan xəyanət edib. Elə bu məqamda bir faktı xatırlatmaq istəyirik. Belə ki, məlum hesabat gündəmə gələndə Rusiya xarici işlər naziri Segey Lavrov AŞPA-nın Qarabağ məsələsinə müdaxiəsini pisləmişdi. O qeyd etmişdi ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq birlikdən mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlar müstəvisinə çıxmaq düzgün deyil. Lavrov bunu belə əsaslandırmışdı ki, belə layihələrin hazırlanması ATƏT-in Minsk qrupunun fəaliyyətinə ziyan vurur. Bəli, Rusiya Azərbaycanın maraqları baxımından önəmli olan layihənin hazırlanmasına etiraz etmişdi. Azərbaycan tərəfi isə Lavrovun mövqeyini müdafiə etmişdi. Hətta Azərbaycan XIN-i məsələyə münasibətində bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərməsi barəsində olan fikri bölüşürük. Yəni, rəsmi şəkildə AŞPA-nın məsələyə müdaxiləsini Azərbyacan tərəfi də pisləmişdi və Rusiya ilə eyni səngərdən çıxış etmişdi.

Deməli, ilk xəyanət elə hökumətin özündən başlayıb. AŞPA-nın Qarabağla bağlı məsələsini müzakirəyə çıxarmasına etiraz edənlər, hansı haqla Türkiyə nümayəndə heyətini suçlaya bilər? Dövlətin maraqlarına kimlərin xəyanət etdiyi göz önündədir. Bu fakt təsdiqləyir ki, məlum hesabatın əleyhin ilk dəfə səs verən e hökumət özü olub.

İlham