Multikulturalizm və Azərbaycan

cemil-hesenli-itv5Milli Şuranın sədri, professor Cəmil Həsənli hakimiyyətin multikulturalizm təbliğatından yazdı. Cəmil Həsənli Facebook səhifəsində yazır:

Dostlar! Bir daha bu multikulturalizm məsələsinə qayıtmaq istəyirəm. Son vaxtlar iqtidar mətbuatı və televiziya proqramlarını izləyəndə bu multikulturalizm və tolerantlıq haqqında əcaib şeylərin uydurumasının şahidi oluruq. Hətta bir sıra multikulturalist təbliğatçılar ermənilərlə birgəyaşayışın çeşidli nəzəri müddəalarını irəli sürür və Nardaranda vəziyyətin sabitləşmə yolların multukulturalizm çərçivəsində təsəvvür edirlər. Bütün bunlar vaxtilə Sovet rəhbəri Nikita Xruşşovun kommunizm qurmaq arzularına bənzəyir.

Göründüyü kimi, 2016-cı ildə bu istiqamətdə böyük problemlərin həlli planlaşdırılır. Multikulturalizm ilində ölkəmizdə yaşayan azsaylı xalqların, toplumların dillərinin, adət-ənənələrinin, mədəniyyət nümunələrinin qorunması strateji istiqamət kimi müəyyən edilmişdir. Amma burada aydın olmayan bir sıra məqamlar var. Birinci məqam onunla bağlıdır ki, uzun müddət idmana xüsusi münasibəti ilə seçilən hakimiyyət komandasında bəziləri bu multikulturalizmi multikulturizm kimi anlayıb həmin sözü elə beləcə də ifadə edirdilər. 2016-nın multikulturalizm ili elan edilməsinin birinci faydası ondan ibarət oldu ki, rəsmi hakimiyyətdə təmsil olunan bir sıra yüksək vəzifə sahibləri bu sözlər arasında fərqi anladılar.

İndi görək hakimiyyətin bir model kimi dünyaya təqdim etmək istədiyi bu multikulturalizm nə deməkdir və ümumiyyətlə bu ideya necə meydana çıxıb. Son illər Yaxın Şərq və Afrika ölkələrindən Avropaya müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcısı olan çoxlu sayda mühacir gəldiyindən bu müxtəlifliyə cəmiyyətdə dözümlülük yaratmaq üçün Fransa və Almaniya kimi ölkələrdə ideya axtarışları başladı. İlk dövrlərdə mühacirlərin yerli mədəniyyətə və həyat tərzinə inteqrasiya edilməsinə üstünlük verilsə də, lakin mədəniyyətlər və dinlər arasındakı fərqliliklər, mühacir əhalinin özü ilə gətirdiyi adət-ənənəyə bağlılığı dərin olduğundan onların mənəvi cəhətdən Avropa cəmiyyətinə inteqrasiya edilməsi siyasəti özünü doğrultmadı.

Belə olduqda yerli əhalinin mühacirlərin fərqli mədəniyyətinə, fərqli etiqadına, fərqli həyat tərzinə dözümlü münasibətinin təzahürü kimi multukulturalizm siyasəti, bu fərqliliklərə tolerant yanaşma ideyası önə çəkildi. Göründüyü kimi, Azərbaycanda belə bir mühacir dalğası yoxdur və ölkəmiz fərqli mədəniyyət və dini etiqad daşıyıcılarının axınına məruz qalmayıb. Hazırda multukulturalizmin subyekti kimi göstərilən ölkəmizdəki azsaylı xalqların, toplumların, milli-etnik qrupların son illər Avropada ictimai münasibətlərə gətirilən multikulturalizmə heç bir aidiyyəti yoxdur. Bunlar tamam fərqli məsələlərdir.

Həmin azsaylı xalqlar min illərdir bu ölkədə yaşayırlar, onların mədəniyyəti, adət-ənənəsi, həyat tərzi nəinki bu ölkəyə yad deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin bir hissəsidir. Bu multikulturalizm olmadan da min illərdir Xınalıq, on əsrə yaxındır Lahıc öz dilin saxlayır, udinlər öz adət-ənənələrin, dini etiqadların yaşadırlar. Ona görə də, min illər boyu çəpər-çəpərə yaşamış, çörəklərini doğma qardaşlar kimi bölmüş, ümumi Azərbaycan mədəniyyətinin zənginləşməsinə töhfə vermiş xalqları, dini və etnik azlıqları multikulturalizmin subyekti, tolerantlığın nümunəsi kimi dünyaya təqdim etmək bir qədər qəribə görünür.