Standard & Poor”s Azərbaycanın kredit reytinqini aşağı salır
Nemət Əliyev: «Azərbaycanın reytinqdəki yeri «stabil»dən «neqativ»ə dəyişərsə, bu xarici investorlar tərəfindən ciddiyə alınacaq»
Azərbaycanın mövcud iqtisadi çətinliklərin öhdəsindən gələ bilmək üçün xarici maliyyə bazarlarından vəsait cəlb etməyə hazırlaşdığı bir vaxtda beynəlxalq reytinq agentliyi Standard & Poor”s ölkənin kredit reytinqinin aşağı salına bilcəyini elan edib.
Bunun səbəbi neftin ucuzlaşmasıdır. Agentlik bildirib ki, ilin əvvəlindən neftin dəyərini daha 20 faizə yaxın itirməsi neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın kredit reytinqinin aşağı salınmasını qaçılmaz edir. Bundan əvvəl agentlik Azərbaycanın kredit reytinqini BBB- səviyyəsində saxlayıb, ancaq uzunmüddətli borc öhdəlikləri üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib. Indi isə gözlənilir ki, Azərbaycan, Bəhreyn, Qazaxıstan, Oman, Rusiya, Səudiyyə Ərəbistanı, Braziliya və Venesuelanın kredit reytinqlərinə yenidən baxılacaq. Əgər agentlik Azərbaycanın reytinqini aşağı salsa bu o demək olacaq ki, ölkə xarici maliyyə bazarlarından kreditləri daha yüksək faizlə cəlb edəcək.
Maraqlıdır ki, bundan əvvəl Moody’s təşkilatı Azərbaycan banklarının reytinqini “stabil”dən neqativə keçirmişdi. Bu baxımdan əgər Standard & Poor”s ölkənin kredit reytinqini aşağı salsa o zaman Azərbaycanın üzləşdiyi maliyyə böhranından çıxış yolları kifayət qədər daralacaq.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Standard & Poor”s çox nüfuzlu beynəlxalq təşkilatdır. Və belə bir təşkilatın verdiyi rəylər çox ciddi qarşılanır. Bu və ya digər ölkəyə qiymət verərkən investorların, sahibkarların bu tip təşkilatların rəyi ilə tanış olduqlarını deyən N.Əliyev vurğuladı ki, əgər Azərbaycanın reytinqdəki yeri “stabil”dən “neqativ”ə dəyişərsə, bu xarici investorlar tərəfindən ciddiyə alınacaq: “Azərbaycanın xarici kapitala böyük ehtiyacı var. Azərbaycan xarici ölkələrdən kapital almağa çalışır. Həm ölkə banklarının, həm də ölkənin ümumi reytinqinin aşağı düşməsi gözlənilən idi. Bu Azərbaycan hakimiyyətinin yürütdüyü yanlış maliyyə siyasəti nəticəsində mümkün olub. Hökumət bunu əvvəlcədən düşünməli və gərəkən addımları atmalı idi”.
Azərbaycanın reytinqinin aşağı salınmasının hansı nəticələr doğura biləcəyinə gəlincə isə N.Əliyev bildirdi ki, öncə xarici kapitalın ölkəyə gətirilməsi çox çətin olacaq. “Azərbaycanın kredit reytinqinin aşağı salına biləcəyini elan edilməsi ölkəyə investorların maraqlarının qarşısını alan bir sədd olacaq. Eyni zamanda belə bir reytinq ölkədə fəaliyyət göstərən xarici investorlara bir siqnal olacaq. Onsuz da artıq bir neçə xarici şirkət ölkədən getməklə bağlı qərar veriblər. Bu yerdə qalan şirkətlərə də sirayət edə bilər. Ona görə nəticə çıxarmaq lazımdır. ”Yeni Azərbaycan” qəzeti Moodys banklarla bağlı hesabatına tamamilə yanlış şərh vermişdi. Belə ağıl ilə ölkə idarə oluna bilməz”, deyə N.Əliyev vurğuladı.
Xəyal