Gültəkin Hacıbəyli: «ABŞ bölgəmizdə aktivləşdikcə Azərbaycan kimi tərəddüd edən ölkələrdən qəti mövqe tələb edəcək»
ABŞ-ın vitse-prezidenti Bayden Türkiyə səfəri kifayət qədər maraqlı dönəmə təsadüf edir. Iranla münasibətləri normalaşdıran və Tehranın dünyaya inteqrasiyası istiqamətində mühüm addım atan ABŞ Türkiyədə də mühüm bəyanatlara imza atıb. Bayden Türkiyədə olarkən Ankaranın PPK terror təşkilatı ilə mübarizəsini dəstəkləyib. Bayden bildirib ki, Türkiyənin qarşılaşdığı təhlükələr tək IŞID-lə bağlı deyil, terror təşkilatı olan PKK da çox təhlükəli qruplaşmalardan biridir.
ABŞ regionda fəal siyasət yürütməsi Azərbaycanla da bağlı durumu dəyişir. Çünki regionun hər iki güclü dövləti ABŞ-la münasibətləri dərinləşdirir. Azərbaycanın isə bu prosesdən kənarda qalması qeyri-mümkündür.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Baydenin Türkiyə səfəri bir sıra maraqlı məqamlarla yadda qalıb. Səfərin bizim üçün ən uğurlu tərəfinin Rusiya-Türkiyə gərginliyində Baydenin bir daha Ankaraya dəstək verməsi olduğunu deyən G.Hacıbəyli bildirdi ki, ABŞ-ın PKK məsələsində Türkiyəni dəstəkləməsi də mühüm məqamlardan biridir: “Bu səfər sözsüz ki, Türkiyə-ABŞ münasibətlərinin dərinləşməsinə xidmət edir. Türkiyə üzvü olduğu NATO bloku, ABŞ-la bir müddət məsafə saxlamağa başlamışdı. Bunun isə bir sıra mənfi təsirləri oldu. Nəticədə Türkiyə xüsusilə Iraqda mövqelərini itirdi. Amma Rusiya ilə insidentdən sonra Türkiyə yenidən öz əzəli məcrasına qayıtdı və ABŞ-la, NATO ilə münasibətlərin dərinləşməsinə üstünlük verdi. Bu Azərbaycan üçün çox haldır. Çünki Azərbaycanın Qərbə açılmasını Türkiyə vasitəsilə həyata keçirmək daha asandır”.
Baydenin Türkiyəyə səfərinin eyni zamanda Suriya konfliktinin də həllinə öz töhvəsini verəcəyini düşünən G.Hacıbəyli vurğuladı ki, hətta Putinin Əsədə istefa təklif etdiyi də bildirilir: “Hiss olunur ki, Suriya prosesi yekunlaşmaq üzrədir. Bu məsələdə Qərb bloku ABŞ və Türkiyə eyni mövqedən çıxış edir. Rusiya, Iran isə Əsədi dəstəkləyir. Suriya üzərində gərginlik aradan qalxandan sonra ABŞ-ın bölgədəki aktivliyi daha da güclənəcək. Bu da nəticə etibarı ilə Rusiyanın aqressiv davranışları qarşısında balans yaradacaq. Regionda baş verənlər, ABŞ-ın bölgədə aktivləşməsi Azərbaycan kimi tərəddüd edən ölkələrdən qəti mövqe tələb edəcək. Bu baxımdan Baydenin səfərin müsbət dəyərləndirirəm, o cümlədən bu səfərin Türkiyə və Azərbaycanın gələcəyi baxımından uğurlu olacağını düşünürəm”.
Xəyal