ARDNŞ Anar Əliyev məsələsini niyə müzakirəyə çıxarmır?

socar-logoYaxud, milyardlara biganə qalıb, 20 milyona görə iclas keçirməyin səbəbi

Son günlərin əsas müzakirə mövzusu SOCAR-ın idarə rəisi mavininin Bodrumda 20 milyon dollara 16 villa alması xəbəri oldu. Bu xəbər cəmiyyətdə birmənalı qarşılanmadı və hökumətə qarşı ciddi aqressiya yaratdı. Xüsusən də ölkənin böhranla üz-üzə qaldığı vaxtda bu xəbərin ortaya çıxması insanlarda etiraza səbəb oldu. Və hər kəsdə belə bir qənaət yarandı ki, kiçik bir məmur milyonları oğurlaya bilirsə, yüksək vəzifəlilərin milyardları mənimsədiyi aksiomdur.

Təbii ki, hökumət də cəmiyyətdəki reaksıyanı hiss etdi və “gözə kül üfürmə” prosesinə başladı. Belə ki, Rövnəq Abdullayev təcili iclas keçirdi, məsələnin araşdırılmasına qərar verildi, SOCAR-ın idarə rəisinin müavini televiziya qarşısına çıxıb açıqlama verdi və s. Yəni, elə bir görüntü yaratdılar ki, guya belə bir xəbər hökumətin imicinə zərər vurur və komanda şokdadır. Amma baş verənlər daha böyük oğurluqları yada saldı. Daha doğrusu AXCP sədri Əli Kərimli Global Witness təşkilatının bu şirkətdəki iri korrupsiya əməliyyatları haqda hələ 2013-cü ildə üzə çıxardığı faktlardan yazdı və yaddaşları təzələdi.

Bəli, 2 il öncə məlum olmuşdu ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığı var və bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ «iki beynəlxalq tərəfdaşı ilə birgə» Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib. SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib. Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti).

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.
SOCAR Trading SA Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir. Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir.
Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var. Heritage General Trading FZO şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvan doğumlu olduğu göstərilir. Anar Əliyevin biznesi neftlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Bütün bunları ona görə xatırlatdıq ki, 2 il öncə SOCAR-la bağlı ortya çıxmış araşdırmanın yanında mənimsənilən 20 milyon qəpik-quruşdur. Bu araşdırma göstərirdi ki, Azərbaycanın neft milyardları müxtəlif adlar altında ölkədən çıxarılır. Amma o zaman Rövnəq Abdullayev əl-ayağa düşmədi, araşdırma başladılmadı, təcili müşavirə keçirilmədi. Demək istəyirik ki, Qiymət Mehdiyevlə bağlı xəbər bir ilk deyil və bu günə qədər ortaya çıxan faktlara münasibət bildirilməyib.

Yeri gəlmişkən, “Müstəqil Gürcüstan” partiyasının lideri Kaxa Kukava sensasion bəyanatla çıxış edib. O bildirib ki, SOCAR Georgia şirkətinin aksiyalarının 49 faizi sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsa məxsusdur. Guya sabiq baş nazir Bidzina İvanişvili indi Azərbaycanı, “Qazprom”la danışıqlar aparması ilə şantaj edərək, Sandra Rulofsun payının öz əmisi oğlunun adına keçirilməsini tələb edir.

SOCAR bu xəbərlə bağlı niyə izahat vermir? Niyə SOCAR-ın aksiyalarının 49 faizi bu xanımın adınadır?

Göründüyü kimi , 20 milyonluq oğurluqla bağlı iclas keçirib, araşdırma aparmaq oğurluqları ifşa etmək, şəffaflığa nail olmaq, dövlətn imicini xilas etmək üçün deyil. Əks halda daha böyük korrupsiya faktlarına, daha ağır ittihamlara münasibət bildirilərdi.

Sadəcə olaraq, hökumət indiki həssas vəziyyətdə insanların kütləvi etirazından qorxduğu üçün imitasiya ilə məşğuldu. Reallıq isə budur ki, vətəndaş 150-200 manatın ümüdünə qalıb, borc içindədir və hökumətdən heç bir güzşət yoxdur. Əvəzində, hökumət komandası dövlətin sərvətlərini aradan çıxarmaqla məşğuldur.

Akif