Ölkəni düşmüş böhrandan xarici investisiyanın cəlbi xilas edə bilərdi, amma…
Xəbər verdimiz kimi Moody2s beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 özəl Bankının yeni reytinqini açıqlayıb. “Moody”s Investors Service” beynəlxalq kredit reytinqi agentliyi VTB Bank (Azərbaycan), Bank of Baku ASC və Unibank Kommersiya Bankının Baza Kredit Qiymətləndirilməsini (BCAs) və uzunmüddətli depozit reytinqlərini aşağı salıb və “neqativ” (mənfi) proqnoz verib.
Həmçinin Moody”s, ASC Xalq Bank, Bank Respublika və Kapital Bank ASC-nin uzunmüddətli depozit reytinqlərinin proqnozunu “Stabil”dən “Neqativ”ə dəyişib.
Göründüyü kimi Azərbaycanda bank sektoru ciddi böhran yaşayır. Əslində bank sektorunun bu vəziyyəti iqtisadiyyatdakı böhranı dərinləşdirən faktordur. Çünki bank krediti olmadan tikinti sahəsi, maşın və əmlak bazarı da normal fəaliyyət göstərə bilmir. Amma maraqlıdır ki, yaranmış vəziyyətdən bir çıxış yolu da xarici bankların ölkə iqtisadiyyatına kapital qoyuluşuna dəvət olunmasıdır.
Azərbaycan hökuməti bəyan edirdi ki, müstəqillyin ilk illərində xarici bankların ölkəyə dəvət olunması yerli bankların formalaşmasına və inkişafına təsir edə bilərdi. Amma hazırda məhz xarici bankların Azərbaycana gəlişi sayəsində tutalım kənd təsərrüfatını böhrandan çıxarmaq olar. Onsuz da Azərbaycan hökuməti neft pullarını xaricdə məhz bu banklara qoymaqla cüzi faiz əldə edir.
Nemət Əliyev: “Azərbaycandakı mühit xarici bankları ölkədən qaçırdır”
Iqtisadçı Nemət Əliyevin fikrincə, xarici bankların Azərbaycanda fəaliyyət göstərməsi üçün ölkə xarici investisiya üçün açıq olmalıdır. Xarici investorun maliyyəsinin gələcəyini düşündüyünü deyən N.Əliyev vurğuladı ki, xarici investor kapitalını yönəltdiyi sahələrin təhlilini aparır: “Baxıb görəndə ki, kapital yatırımı etmək istədiyi ölkədə normal məhkəmə hakimiyyəti yoxdur, o bu addımından imtina edir. Çünki düşünür ki, sabah mənim haqlı mövqeyim kiminsə tərəfindən tapdanarsa, mən o zaman haqlı mövqeyimi bərpa edə biləcəmmi? Normal məhkəmə olmayan yerdə o bu suala cavab tapa bilmir. Digər tərəfdən düşünür ki, mən tutalım bu ölkəyə kapital yatırımı etdim və sonra geri dönmək istədim, manata çevirdiyi kapitalı xarici sahibkar yenidən dollara çevirə biləcəkmi? Axı hazırda ölkədəki dollar ajiotajını da müşahidə edir”.
N.Əliyevin sözlərinə görə, digər tərəfdən ölkədəki inhisar, korrupsiya və rüşvətxorluq xarici investorlar, xarici banklar üçün Azərbaycanı cəlbedici etmir. Eyni zamanda Azərbaycanın yaxın zamanlarda sanksiya ilə üzləşəcəyini bilən investor necə Azərbaycana yatırım edə bilər?
Xəyal