Nemət Əliyev: «Büdcəyə yenidən baxılması zərurəti ortadakı çatışmamazlıqları yerinə oturtmaq məqsədi güdür»
2016-ci ilin büdcəsinə yenidən baxılması üçün müvafiq tədbirlərin görülməsinə başlanacaq. ANS TV-nin məlumatına görə, ötən ilin dekabr ayında manatın yenidən dəyərdən düşməsi, neftin qiymətində müşahidə olunan enmələr büdcə xərclərində dəyişiklikləri qaçılmaz edib. Neftin baza qiymətinin 25 dollardan hesablanması təklif olunur.
Ilk diqqət yetiriləcək məsələ ölkənin xarici valyutada ifadə olunan öhdəlikləri və borcları ilə bağlı olacaq. Ikincisi isə inflyasiyanın təsirini azaltmaq üçün sosial sahədə ediləcək dəyişikliklərlə bağlıdır. Bura əmək haqlarının, pensiya və müavinətlərin artırılması istiqamətində büdcədən ediləcək xərclər daxildir.
Maliyyə naziri Samir Şərifov ÿisə bildirib ki, bütün bu artımların edilməsi üçün ilk növbədə dövlət büdcəsində vəsait olmalıdır:
“Təsdiq olunmuş büdcədə bu vəsait nəzərdə tutulmayıb. Bu artımların maliyyə təminatının yaradılmasına yenidən baxılacaq. Çünki bu, büdcədə öz əksini tapmalıdır. Bu məqsədlə 1 milyard vəsaitin dövlət büdcəsində yer almasını nəzərdə tuturuq”.
Maliyyə naziri büdcəyə yenidən baxılmasının digər səbəbini gəlirlərin azalması ilə əlaqələndirir. Bunun üçün Neft Fondunun, Dövlət Gömrük Komitəsininÿ və Vergilər Nazirliyinin gəlirlərinə yenidən baxılacaq.
Nazirlik tərəfindən yeni təqdim olunacaq büdcə layihəsində dövlət büdcəsinin gəlirlərinin 1.9 milyard, xərclərinin isə 2 milyarda yaxın artacağı proqnozlaşdırılır. Hazırda büdcə gəlirləri 14.5 milyarddırsa, yeni təsdiq olunacaq büdcə layihəsində bu 16.4 milyard səviyyəsində olacaq.
Bəs, keçən ilin büdcəsini kəsirlə, bu ilin büdcəsinin isə proqnoz hissəsini kəsirlə qapayan hökumət hansı addımı atacaq? Çünki bu il vergilərdən yığımın az olacağı gözlənilir. Bundan başqa ölkənin ixacı da aşağı düşüb, ticarət dövriyyəsi azalıb. Bütün bunlar isə büdcə gəlirlərinə təsir edəcək.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, dövlət büdcəsinə yenidən baxılması üçün əsaslar yaranıb. Büdcədə neftin qiyməti 50 dollardan götürülsə də, hazırda qiymətlərin 30 dollar ətrafında cərəyan etdiyini deyən N.Əliyev vurğualdı ki, il boyu neftin qiyməti ya belə qalacaq, ya da bir qədər də aşağı düşəcək: “Büdcədə elə xərclər var ki, ancaq neftin qiymətindən asılıdır. Neft Fondundan altı milyard transfert nəzərdə tutulub. Amma bu transfert əlli dollardan hesablanmışdı. Ona görə yenidən hesablanmağa ehtiyac var. Neftin qiyməti iki dəfə aşağı düşübsə, deməli fondun büdcə üçün nəzərdə tutulan gəlirləri də bir o qədər aşağı düşüb. Ona görə büdcəyə yenidən baxılmasının bir səbəbi də budur”.
Ikinci devalvasiyadan sonra büdcədə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə xidmət xərcinin də artdığını deyən N.Əliyev vurğuladı ki, əgər dövlət borcu və xarici diplomatik korpusların saxlanması üçün büdcədə tutulan vəsait artırılmazsa, büdcədəki bu öhdəliyi icra etmək mümkün olmayacaq. N.Əliyevin fikrincə, büdcənin qəbulundan heç bir ay keçməmiş büdcəyə yenidən baxılması çox pis tendensiyanın əsasını qoyur: “Deməli büdcə ilə bağlı hesablamalar düzgün aparılmayıb. Mühüm bir qərar qəbul edirsən, sonra da o qanuna əməl etmirsən. Əgər hökumət öz qanunlarına əməl etmirsə, vətəndaşdan necə tələb edə bilərsən ki, qanunlara əməl etsin. Ötən ilin büdcəsini 16 faiz kəsirlə icra etdilər. Büdcəyə yenidən baxılması zərurəti ortadakı çatışmamazlıqları yerinə oturtmaq məqsədi güdür. Nə qədər real məzmun kəsb edən büdcə qəbul etsələr bir o qədər yaxşıdır. Bu ilki büdcəyə baxacaqlarsa belə, bu ilki büdcədə kəsirlə yekunlaşacaq. Inanmıram ki, bu ilki büdcə də tam yerinə otuzdurula bilsin. Yarana biləcək kəsiri isə Azərbaycandakı aktivləri satışa çıxarmaq, yeni borclar almaqla qapatmaq istəyirlər”.
N.Əliyevin fikrincə, bu cür durumun yaranmasının səbəbi hökumətin yürütdüyü yanlış iqtisadi siyasətdir. N.Əliyevin sözlərinə görə, büdcənin gəlir mənbəyinin məhz qeyri-neft sektoru olmalıdır: “Biz bu istiqamətdə çağırış etsək də, qeyri-neft sektoru qarşısındakı əngəllərin aradan götürülməsi istiqamətində çalışılmır. Haqsız rəqabətə son qoyulmalıdır, Gömrük Komitəsinin, Vergilər Nazirliyinin qanunsuz əməllərin son qoyulmalıdır”.
Xəyal