Milli Televiziya və Radio Şurasında ANS-lə bağlı mətbuat konfransı keçirilib.
Qurumun sədri Nuşirəvan Məhərrəmli ANS-dəki “Hesabat” verilişinə qoyduqları qadağa və telekanalın yol verdiyi pozuntular barədə danışıb.
N.Məhərrəmli bildirib ki, ANS-lə bağlı MTRŞ-nin verdiyi bütün qərarlar qanuna əsaslanıb.
“ANS kanalı ilə bağlı verdiyimiz qərardan sonra bizə qarşı olan qərəzli iddiaları qətiyyətlə rədd edirik. Teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LİDER TV-yə 1 milyon 800 min pul köçürülüb. Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar “Abşeron” serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib “Sevgi” qoymuşdular və məzmun sevgi haqda idi. Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu. ANS-ə 1 milyon 760 min manat pul ayrıldı. Amma hansı seriallar çəkildi? “Xoca” 2 seriadan ibarət idi, “Ağabəyovlar” serialına görə ANS-ə dəfələrlə xəbərdarlıq olunub. O serialda nalayiq ifadələr işlənirdi. Əxlaqsız ifadələr qanun pozuntusudur və bu gün sözügedən ifadələrdən hələ də telekanalda istifadə olunur”, – deyə MTRŞ sədri bildirib.
Bununla belə o, “Hesabat” verilişinə qoyduqları qadağanı dondurduqlarını elan edib. Şura sədrinin sözlərinə görə, qərarın icrası ANS telekanalının səmimi etirafları nəzərə alınaraq təxirə salınıb.
ANS-in rəhbəri Vahid Mustafayev isə açıqlama yayıb ki, MTRŞ-in “Hesabat”la bağlı qərarı ölkə başçısı İlham Əliyevin göstərişi ilə ləğv olunub. Onun dediyinə görə, Sürixdə səfərdə olan ölkə başçısı bu qərardan xəbər tutub və müəyyən dəqiqləşdirmələr aparandan sonra qərarın ləğvinə göstəriş verib.