Made in Azerbaijan

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Dünən internetdə eşələnərkən qarşıma bir xəbər çıxdı, xəbərin tarixi bir neçə gün əvvələ aiddir, amma necə olubsa diqqətimdən yayınıb. Sitat: “Yaxın vaxtlarda Azərbaycanda yeni ”Made in Azerbaijan” brendi yaradılacaq. Bu brendin yaradılmasında məqsəd qeyri-neft məhsulları ixracını stimullaşdırmaqdır”. Sən demə, bununla bağlı sərəncam da verilibmiş.

Çox təqdirəlayiq addımdır. Yüksək qiymətləndirmək lazımdır. Indi bu sətirləri oxuyub ölkəmizin analoqsuz inkişafını gözü götürməyən anti-milli ünsürlər deyə bilərlər ki, biz texnologiya əsrində yaşayırıq, təhsilin məhv edildiyi, elmin karikaturaya çevrildiyi ölkədə dünya çapında rəqabətli milli brend yaratmaq əfsanə söhbətdir, filfilodur-zad. Amma, əlbəttə, hamısı boş söhbətlərdir. Ölkəmizin belə bir brend yaratmaq potensialı var, özü də artıqlaması ilə var.

Şəxsən mən “Made in Azerbaijan” brendi ilə nələr istehsal edib dünyaya çıxara biləcəyimizə dair bir neçə təklif irəli sürə bilərəm.

Məsələn, götürək AzTV-nin məşhur Ibrahim Məmmədlisini. Onun sayını çoxaldıb niyə ixrac etməyək? Bu qardaşda istənilən düşmən ölkəni bir göz qırpımında dağıtmaq kimi qeyri-adi güc, bacarıq vardır, şübhə edənlər bu yoldaşın Almaniyanı necə dağıtdığını xatırlasınlar. Qardaş atom bombası kimi bir şeydir. Dünyada isə nüvə silahına sahib olmaq istəyən, amma bu arzusunu reallaşdıra bilməyən xeyli ölkə var. Onların hərəsinə bir “Ibrahim Məmmədli” satsaq, görün nə qədər irəli düşə bilərik, heç neft puluna ehtiyacımız qalmaz.

Ümumiyyətlə isə AzTV-nin özünü “zaman maşını” adı ilə bütün bəşəriyyətə sırımaq mümkündür. Bəs necə? Oturursan evdə, televizoru açırsan, təqvim 2016-cı ili göstərir, sən isə ekran qarşısında özünü keçən əsrin 60-70-ci illərində hiss edirsən. Hətta orada ibtidai insanları da seyr edə bilərsən. Məsələn, mənim bu yaxınlarda qonaq getdiyim bir evdə 10-15 dəqiqə AzTV-ni izləmək imkanım oldu, hansısa universitetin dosenti müasir texnologiyaların gənclərimizin əxlaqını korlamasından, onları öz milli-mənəvi köklərindən uzaqlaşdırmasından danışırdı, zənn edərdin ki, adam Azıx mağarasından ayağının tozu ilə birbaşa AzTV-yə qonaq gəlib.

Yaxud, axı niyə biz Məzahir Pənahov kimi fövqəlistedadın gözümüz qarşısında məhv olub getməsinə imkan verməliyik? Niyə onun bacarıqlarını milli brendə çevirməyək, həm də bilə-bilə ki, Məzahir müəllimin əlində Devid Kopperfild kimi ən məşhur sehrbazın belə bazarını öldürmək su içimi kimi bir işdir. Zarafat deyil, xalq kimə istəyir, ona səs verir, Pənahov isə seçki qutusundan kimi istəyir, onu da çıxarır! Belə bir parlaq qabiliyyət sahibini nə üçün dünya miqyasına çıxarmayaq. Qoy bütün planet bizim necə istedadlar yetirmək qüdrətində olduğumuzu görsün.

Və ya ayda 500-600 manat maaşla 200-300 min dollarlıq maşın alan, azı 3-4 milon manatlıq villalarda yaşayan məmur ixrac etməklə birillik büdcəni bir aya doldurmaq olar. Bəs necə? Yoxsa Bill Geyts kimi maymaqlar zəngin olmaq üçün bir ömür boyu əlləşib-vuruşur, beynini yorur, gözünün nurunu tökür. Qoy bizim çinovniklərdən alıb cəmi üç-beş aya necə Harun kimi sərvət sahibi olmağın yollarını öyrənsinlər.

Belə təkliflərin siyahısını kifayət qədər uzada bilərəm. Amma dənizin dadını bilmək üçün onu bütün içməyə gərək yoxdur. Elə yuxarıdakı nümunələrdən də aydın görünür ki, Azərbaycanın rəqabətədavamlı milli brendlər yaratmaq üçün kifayət qədər potensialı var. Inanaq ki, partiya və hökumətimiz bunu layiqincə qiymətləndirəcək, belədə nəinki qısa vaxtda büdcəmiz neft asılılığından azad olar, hətta bir də gördünüz, neftin özü artıq büdcəmizdən asılıdır.